İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Bakıya niyə gəlirdi ki, gəlmədi – versiyalar...

22692 10.05.2016 08:00 Siyasət A A
Apreldəki 4 günlük müharibədən sonra Rusiyanın Qarabağ məsələsində mövqeyi hələ ki müəmma olaraq qalır. Bu müəmmanı prezident Vladimir Putinin qəfildən Bakıya bir günlük təcili səfər edəcəyi barədə yayılan xəbər bir az da gücləndirmiş oldu. Doğrudur, az sonra səfərin təxirə salındığı bildirildi. Ancaq məhz təxirə salındığı deyildi, ləğv edilmədi. 

Deməli, belə ziyarətə ehtiyac qalır. Kremlə yaxın mənbələrə istinadən yayılan məlumatlara görə isə Putin məhz Qarabağ məsələsi ilə bağlı Azərbaycana gəlməyi planlaşdırıb. Belə çıxır, Moskva konfliktlə bağlı hansısa mərhələni yekunlaşdırmaq niyyətindədir. Hər halda, aprel əməliyyatlarından sonra həm xarici işlər naziri Sergey Lavrov, həm də baş nazir Dmitri Medvedyev kimi yüksək ranqlı Rusiya rəsmiləri Bakı və İrəvanda olublar. Növbəti, daha yüksək instansiya isə məntiqlə yalnız prezident Putin ola bilər(di).

*    *   *

Bəs hansı mərhələdən söhbət gedir? Ehtimal eləmək olar ki, Rusiya Qarabağ münaqişəsi zonasındakı təhlükəli durumun fərqindədir və situasiya daha genişmiqyaslı müharibəyə çevrilməmiş münaqişə tərəflərinə nəzarəti gücləndirməyi hədəfləyib. Bundan ötrü isə problemin həllində hansısa irəliləyişə nail olub, bölgəyə sülhməramlı adı ilə öz hərbi qüvvələrini yerləşdirmək gərəkdir. “Lavrov planı” deyilən həll variantının da ən çox bu hədəfə hesablandığı düşünən ekspertlər kifayət qədərdir.   

 
Ancaq bəllidir ki, bunun üçün ilk növbədə Ermənistanın bir neçə rayonu azad eləməsi lazımdır. İrəvan hakimiyyəti üçünsə bu, siyasi intihara bərabər addım sayılır. Lakin erməni tərəfi özbaşına da deyil. Ayrı sözlə, Moskva ciddi iradə ortaya qoyarsa, Sərkisyan rejiminin başqa çıxış yolu qalmayacaq. Əks halda, Moskva 2-5 apreldə olduğu kimi, Ermənistanın arxasından müvəqqəti çəkilə, Azərbaycanın əli ilə onun cəzalandırılmasına şərait yarada bilər.

Maraqlıdır ki, 4 günlük müharibədən sonra Moskva İrəvanın israrlarına baxmayaraq, Ermənistana 200 milyardlıq silahı verməyə tələsmir. Bundan ötrü artıq Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Moskvada olublar. Bugünlərdə isə müdafiə naziri təzədən Rusiyaya gedəcək. Daha maraqlısı isə odur ki, Rusiya Ermənistana başqa heç bir ölkədən, məsələn, Çindən silah almağa icazə vermir. Bu barədə az öncə erməni rəsmilərindən biri sensasion etirafda da bulunmuşdu. 


*    *   *

Qısası, belə təəssürat yaranır ki, Kreml 200 milyon dollarlıq silah məsələsini uzatmaqla Ermənistanın ondan nə dərəcədə asılı olduğunu onun özünə xatırlatmaq, 4 günlük müharibədən sonra işğalçı ölkənin özünü Kremlə qarşı ərköyün aparmasının qarşılığını vermək, ona bir daha yerini göstərmək istəyir. Putinin qəfil Bakı səfəri haqda informasiyanı həm də bu xüsusda Ermənistana xəbərdarlıq mesajı kimi qiymətləndirmək mümkündür.  
Dünən bu qənaətimizi gücləndirən ilginc hadisə qeydə alınıb. Rusiyanın İrəvandakı səfiri İvan Volınkin Moskva-İrəvan hərbi-texniki əməkdaşlığın səviyyəsi ilə bağlı danışarkən faktiki, erməniləri pərt edib. Məsələ ondadır ki, jurnalistlər səfirdən Rusiyanın Ermənistana verməli olduğu silahların niyə gecikdiyini soruşublar. Ardınca erməni jurnalistləri səfirlə mübahisəyə girərək xatırladıblar ki, “Qarabağda müharibə gedir, Rusiya isə Azərbaycanı silahlandırmaqda davam edir”. 




Səfir də “sübut edin ki, Rusiya Azərbaycanı silahlandırır” deyib. Jurnalistlər Rusiya səfirinə baş nazirin müavini Dmitri Roqozinin açıqlamasını xatırladanda diplomat  deyib ki, Rusiya Azərbaycana da, Ermənistana da silah satır. Daha sonra Rusiya səfirliyinin ikinci katibi jurnalistlərdən xahiş edib ki, mikrofonları söndürsünlər. Ardınca erməni saytının yazdığı kimi, diplomat “sensasion etiraf”la çıxış edib. “Bəyəm Ermənistan Dağlıq Qarabağı tanıyıb? Nə qədər ki, tanımayıb, rus silahı Qarabağa girə bilməz” - səfir bildirib.

*    *    *

Belə bir açıqlama sübhə yox ki, ən əvvəl Ermənistana öz vassal yerini və “qırmızı xətləri” göstərməyi özündə ehtiva edir. Yəni Ermənistan kimdi ki, Rusiyanın daxili işlərinə qarışır, ona kimə silah satıb-satmamağı məsləhət görür? Bu bəyanat eyni zamanda İrəvanın separatçı rejimi tanıma məsələsində müstəqil olmadığını ona xatırlatmaqla, ümumən Qarabağ məsələsində həlledici söz sahibliyinin İrəvana məxsus olmadığını onun yadına salır. Bunu Putinin mümkün Bakı səfəri ərəfəsində Rusiyadan Ermənistan iqtidarındakı “Qarabağ klanı”na 9 may “hədiyyəsi” də saymaq olar.   


Bu xüsusda tanınmış rusiyalı politoloq Andrey Piontkovski şərhi də yerinə düşür. Ermənistan tərəfindən Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması mümkünlüyünü Rusiyaya qarşı cəsarət nümunəsi kimi qiymətləndirən ekspert deyib: “Əgər söhbət Ermənistan tərəfdən birtərəfli qaydada tanınmaqdan gedirsə - axı başqa heç kim onu tanımağa hazırlaşmır, - bu, İrəvanın Moskvaya qarşı çıxmaq cəsarəti demək olacaq. Ermənilər Rusiyanın bir çox hərəkətlərinə, o cümlədən Kremlin Bakını silahla təchiz elədiyinə görə ondan narazıdır. Budur, indi onlar bir azca uduzan kimi barmaq qıcadılar. Cavabında isə Moskva onlara təpinməli oldu”.

Ancaq belə görünür, təpinmələr hələ bitməyib. Ən azı ona görə ki, Putinin Bakı səfəri ləğv olunmayıb.    

Siyasət şöbəsi



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR