İnsanlara hürriyət, millətlərə istiqlal!

Livan və Suriya erməniləri Dağlıq Qarabağa necə və niyə gətirilir? - şok detallar

6998 14.04.2015 21:00 Siyasət A A

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov son zamanlar ermənilərin cəbhədə törətdiyi təxribatçı əməliyyatları barədə məlumat verib. Nazir bildirib ki, ermənilərin Azərbaycan mövqelərinə qarşı təxribat xarakterli əməliyyat keçirmək cəhdinin qarşısı alınıb. Ermənilərin acınacaqlı durumda olduğunu bildirən Z.Həsənov ermənilərin xarici ölkələrdən muzdlular cəlb etdiyini bildirib. Sitat: “Hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edir”.

Qarabağda erməni muzdluları



Qeyd edək ki, Qarabağ müharibəsində Azərbaycana qarşı savaşanda ermənilərin xarici ölkələrdən muzdlular cəlb etməsi barədə xəbərlər  yeni deyil. Birinci Qarabağ savaşı zamanı erməni cəbhəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan və Livandan olan yaraqlılar fəal şəkildə iştirak edib. ASALA terror təşkilatının üzvü Monte Melkonyan Qarabağ müharibəsində məhz xarici muzdlulardan təşkil olunmuş batalyonun komandiri olub. Qarabağ müharibəsində ən qəddar və amansız olanlar da məhz xarici muzdlular olub. 
Ermənistanda və Dağlıq Qarabağda insan resurslarının yetərli olmaması daha əvvəl baş vermiş və eləcə də olası savaşda xarici muzdluların cəlb olunacağını deməyə əsas verir. Yeri gəlmişkən, 2010-cu ildə Rusiyanın “Regnum” agentliyi 4 ölkədə-Rusiya, Fransa, ABŞ və Uruqvaydakı  erməni biznesmenlərin muzdlu döyüşçüləri səfərbər etmək üçün koordinasiya mərkəzləri yaratması haqda xəbər yaymışdı. 

Həmin xəbərdə qeyd olunurdu ki, “Preventiv mobilizasiya” adlanan proqrama əsasən, dünyanın 38 ölkəsindən 200 minə qədər erməni cəlb olunması nəzərdə tutulurdu. “Erməni rezervistləri və veteranları İttifaqı” çərçivəsində aparılan bu kampaniyanın əsas hədəfi Dağlıq Qarabağda olası müharibəyə hazırlıq məqsədi güdürdü. 

Son aylar cəbhədə vəziyyət xeyli dərəcədə gərginləşib. Azərbaycan tərəfi torpaqların azad edilməsi üçün müharibənin qaçılmaz olduğunu bəyan edib. Belə bir vəziyyətdə xaricdən Dağlıq Qarabağa erməni muzdlularının cəlb olunması realdır. 


Suriya və Livandakı erməni diasporu



Bu mövzuda ən maraqlı məqam ondan ibarətdir ki, hazırda məhz Suriya və Livandan ermənilərin Qarabağ cəbhəsinə yerləşdirilməsi üçün necə deyərlər, münbit şərait yaranıb. Çünki Suriyada artıq 4 ildən çoxdur ki, ağır müharibə gedir və radikal islamçı qrupların təzyiqi ilə üzləşən ermənilərin bir çox Suriyanı tərk edib. Məlum olduğu kimi, Suriyada milli və dini azlıqlar dünyəvi Bəşər Əsəd rejimini dəstəkləyir. Məhz bu səbəbdən ölkədəki xristian və erməni icmaları islamçı radikalların hücumlarına məruz qalıb. Ötən illərdə bir neçə dəfə Suriyadan ermənilərin Ermənistana, o cümlədən Dağlıq Qarabağa köçürülməsi ilə bağlı məlumatlar yayılıb. Hətta telekanallarda İrəvana köçən, həmçinin Dağlıq Qarabağa yerləşdirilən ermənilərin görüntüləri yayılıb. 

Qeyd edək ki, Livan və Suriya dünyada ermənilərin böyük icma təşkil etdiyi az saylı ölkələrdən biridir. Suriya və Livana ermənilər əsasən, Birinci Dünya Savaşı zamanı Osmanlı dövləti tərəfindən köçürülüb. Osmanlı dövləti ölkənin şərq əyalətlərində qiyam qaldıran və müharibə zamanı rus ordusu ilə birləşərək türk və kürd əhaliyə hücum edən erməniləri imperiyanın digər ərazilərinə köçürmək haqda qərar verir. Nəticədə İraq, Suriya, Livan və digər Yaxın Şərq ölkələrinə ermənilər köçürülür. Hazırda ən böyük erməni icması Livanda, əsasən, paytaxt Beyrutda yaşayır. 


Beyrutda erməni məhəlləsi mövcuddur. Livanda təxminən 150 min nəfərə yaxın erməni yaşayır, ermənilər yaxşı təşkilatlanıb. Livanda mövcud olan 16 etnik və dini qrupdan biridir. 2010-cu il seçkilərində Livan parlamentinə 3 erməni deputat seçilib. Beyrut universitetlərində xeyli sayda erməni müəllim, professor var. Bundan başqa Livanda 1975-90-cı illərdə davam edən vətəndaş müharibəsi zamanı silahlı qruplardan biri də Livan ermənilərinə məxsus olub. ASALA terror təşkilatı məhz bu dövrdə yaranıb. Suriyada da erməni mövcudluğu əsasən Birinci Dünya Savaşı zamanına gedib çıxır. Ancaq daha əvvəl də bölgədə, xüsusən də Fələstin ərazilərində erməni icmaları mövcud olub. Bəzi mənbələrdə Suriyada daxili müharibə başlayana qədər 80-100 min nəfər arası erməni əhalisi mövcud olub. Dəməşq, Hələb kimi iri şəhərlərlə yanaşı Kəsab, Deyr əz-Zor, Dəra kimi şəhərlərdə də erməni əhalisi yaşayır. 



Kəsab şəhəri radikal islamçı qrupların əlinə keçdikdən sonra burdakı ermənilərin böyük əksəriyyəti başqa bölgələrə, o cümlədən xaricə qaçdı. Qaçqın ermənilərin bir çoxu Ermənistana yerləşdirilib. Ermənistan hökuməti Suriyadan köçürülən ermənilərin Ermənistana yerləşməsində maraqlıdır. Çünki bu, əhali artımı və diasporun diqqətini daha çox cəlb edə bilər. Digər tərəfdən də əhali artımı hazırda ermənilər üçün çox mühümdür. Lakin Ermənistana və xüsusən də Dağlıq Qarabağa yerləşdirilən suriyalı erməni ailələrinin bu vəziyyətdən heç də razı olmadıqları da bildirilir. Çünki bu bölgədə təhlükə riski Suriyada olduğundan heç də az deyil, üstəlik iqtisadiyyat çox zəifdir, hətta elektrik enerjisinin belə məhdud şəkildə verilməsi suriyalı qaçqınları narazı salıb. 

Ancaq Livanda ermənilərin durumu qeyd etdiyimiz kimi, xeyli dərəcədə fərqlidir. Beyrutda ermənilər yaxşı təşkilatlanmış icma yaradıblar. Livanda bir zamanlar (böyük ehtimalla indi də) ASALA-nın hərbi təlim düşərgələri mövcud olub. Birinci Qarabağ savaşında xaricdən gələn erməni muzdlularının böyük qismi məhz Livan üzərindən təşkilatlanaraq Ermənistana göndərilib. Bir sıra müşahidəçilərə görə, Livan Qarabağ savaşında ermənilərin ikinci əsas qərargahı olub. Görünür ki, bu missiya hələ də Beyrut ermənilərindədir. Hazırda isə cəbhədə vəziyyət getdikcə gərginləşir. Toqquşmaların sayı artır. İndiki gərginləşən situasiyada Dağlıq Qarabağa xaricdən, xüsusən də Livan və Suriyadan erməni yaraqlılarının göndərilməsi tamamilə realdır.  

Kənan Rövşənoğlu 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR