İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun bəyanatına vitse-spikerdən etiraz-Rusiya nədən narazıdır...

4144 20.01.2017 08:40 Siyasət A A

Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını, həmçinin münaqişənin dinc yollarla nizama salınmasına alternativ olmadığını bəyan etməsi Ermənistanda məmnunluqla qarşılanıb. İşğalçı ölkənin ekspertləri Moskvadan verilən dəstəyin fonunda daha cəsarətli danışmağa başlayıblar.

Azərbaycanda isə Rusiyanın baş diplomatının vasitəçilik prinsiplərindən kənar mövqe sərgiləməsinə etirazlar davam edir. “Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi”. 

Bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Modern.az-ın xəbərinə görə, vitse-spiker Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanlarının olduğunu bildirib. 

Image result for Bahar Muradova

“Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Lavrov əslində Azərbaycanda üstü örtülən, yaxud bizim etiraf etmək və özümüzə yaxın buraxmaq istəmədiyimiz acı reallıqları üzümüzə vurdu: “Bu reallıq ondan ibarətdir ki, münaqişənin siyasi yolla həlli prosesi Azərbaycanın maraqlarına uyğun gəlmir. Özü də bu, indinin məsələsi deyil. Həmsədrlər hələ 2007-ci ilin noyabrında Madriddə münaqişə tərəflərinə həll prinsiplərini təqdim ediblər, 2009-cu ilin iyulunda də yenilənmiş Madrid prinsipləri masaya qoyulub. Bu prinsiplər həmsədr ölkə prezidentlərinin verdikləri birgə bəyanatlarda da əksini tapıb. İndi Lavrov da məhz həmin prinsiplər əsasında bu cür danışır. Yəni sülh danışıqları bizim üçün əlverişli olmayan hüquqi təmələ əsaslanır. Bu, onu göstərir ki, Azərbaycanın Qarabağ diplomatiyası düzgün qurulmayıb və uğurla nəticələnməyib. Madrid prinsipləri təklif olunduğu andan rədd edilməli idi, o prinsiplərdə problemə yanaşma kökündən səhvdir”. 

Image result for Şahin Cəfərli

Siyasi şərhçinin fikrincə, Madrid prinsipləri Azərbaycanın işğal olunmuş torpaqlarını iki fərqli kateqoriyaya ayırır: “Dağlıq Qarabağ mübahisəli ərazi sayılır və işğal olunmuş ərazilər kimi yalnız ətraf rayonlar nəzərdə tutulur. Dağlıq Qarabağın hüquqi statusunun bu ərazidə keçiriləcək ”öz iradəsini azad ifadəetmə", yəni referendum vasitəsilə müəyyənləşdirilməsi əksini tapıb. Dağlıq Qarabağda keçiriləcək referendumdan separatçıları və Ermənistanı qane edən nəticənin çıxacağı isə hamıya aydındır. Vaxtilə Dağlıq Qarabağda yaşamış azərbaycanlı əhalinin öz evlərinə qayıtması da səsvermənin nəticələrinə həlledici təsir göstərməyəcək. Bu cür yanlış təməl üzərində ədalətli sülh qurula bilməz. Burada əlverişsiz məqam həm də ondan ibarətdir ki, ətraf rayonların qaytarılması ilə status məsələsi birgə götürülür və paket həll nəzərdə tutulur. Yəni Azərbaycan ətraf rayonları təhvil almaq üçün faktiki olaraq Dağlıq Qarabağın itirilməsi variantına razılaşmağa məcbur edilir". 

Ş.Cəfərli qeyd etdi ki, Lavrov da məhz buna işarə vurub: “Üstəlik, rayonlar qaytarılarkən təmas xəttinə və Ermənistan-Dağlıq Qarabağ dəhlizinin təhlükəsizliyi üçün Laçın və Kəlbəcərə sülhməramlı kontingent yerləşdirilməsi planlaşdırılır. Bu kontingentin komandanı və üzvlərinin önəmli bölümü yəqin ki, ruslar olacaq. Rusiya çalışacaq ki, münaqişə həll olunduqdan sonra da Azərbaycanı mümkün qədər öz nüfuz dairəsində saxlasın və onun avroatlantik inteqrasiya yolu ilə getməsinə imkan verməsin”. Politoloqun fikrincə, Lavrovun açıqlamaları eyni zamanda onu göstərir ki, rəsmi Bakı Moskvanın gözləntilərinə uyğun addımlar atmır: “Yadınızdadırsa, aprel döyüşlərindən sonra Lavrov Azərbaycanı Avrasiya İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görmək istədiklərini bildirmişdi. Lakin Azərbaycan hakimiyyəti müstəqilliyin məhdudlaşması anlamına gələn bu addıma getmədi. Digər tərəfdən, rəsmi Bakı münaqişənin həlli prosesinin tamamilə Rusiyanın inhisarında olduğu hazırkı məqamda Kremlin maraqlarına uyğun həll variantına da razılaşmır. Rusiya ehtiyatlanır ki, zaman uzandıqca hazırkı reallıqlar dəyişə bilər və həll prosesində onun arbitrliyi aradan qalxar. Görünür, bütün bunlar Moskvada qəzəb doğurub və Lavrovun məlum açıqlamaları da bundan irəli gəlir”.

Image result for Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə Lavrovun bəyanatını gözlənilməz hesab etmədiyini bildirdi: “Kim Rusiyadan Qarabağ mövzusunda ədalətli və tərəfsiz mövqe gözləyirsə, onun siyasətdən anlayışı mövcud deyil. Ermənistan Rusiyanın Qafqazda qalma lövbəridir. Ermənistan layihəsi xristian dünyasının Qafqazı nəzarətdə saxlamaq planıdır. Bugünkü dinməz bölgüyə görə isə Qafqaz Rusiyanın nəzarətinə verilib. Ey mənim sadəlövh, bəzən özünü belə göstərən, həmvətənlərim! Kələntərov-Lavrov milliyyətcə erməni, Putinin silah arkadaşıdır. Əmin olun və YAP-ın nağıllarına inanmayın ki, Rusiya bizə yardım edə bilər”. 

Ə.Əliyevin sözlərinə görə, aprel döyüşlərində Rusiyanın rəsmi mövqeyi bir daha göründü. VİP sədri hakim partiyanı ehtiyatlı mövqeyinə görə də tənqid etdi: “Baxın, YAP siyasi təbliğatı nəyə qürrələnir- ”Soçidəki KVN yarışmasından Qarabağ brendli komandalar kənarlaşdırıldı". Konstitusiya bunumu tələb edir sizdən?! Bəynmədiyiniz və vaxtında mane olduğunuz AXC-Müsavat hakimiyyəti Xankəndinin kandarında idi. Erməni deputatları yalvarışla Bakıya heyət göndərirdi. Budurmu sizin siyasi məharətiniz?!“ Ə.Əliyev ölkə ictimaiyyətinə xitabən Lavrovu qınamağa yer olmadığını vurğuladı: ”Lavrov ermənidir və Rusiyadan erməninin nicatı yolunda vasitə kimi istifadə edir. Məhz onun təyinatının nəticəsidir ki, ən çox soydaşımızın yaşadığı, Azərbaycana ən ciddi təsirə malik İranda, ən təhlükəli qonşumuz Rusiyanın səfiri də milliyyətcə ermənidir. Buna nə sözünüz? Lavrov öz millətinə xidmətdədir“. 

Cavid TURAN



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR