İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Bakıya qaz şantajının arxasında Saakaşvili amili

8614 11.06.2015 08:55 Siyasət A A

Təbii ki, belə bir bəyanatın Vladimir Putinin ölkəmizə səfərinə sayılı günlər qalmış səslənməsi xüsusi diqqət çəkir. Yada salaq ki, səfər proqramı ilə bağlı prezidentin köməkçisi Yuri Uşakov Bakı görüşləri çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Qarabağ məsələsi ilə yanaşı, 2014-cü ilin sentyabrında Həştərxanda keçirilmiş dördüncü Xəzər sammitində qəbul edilən qərarların yerinə yetirilməsinin gedişinin müzakirə olunacağını söyləmişdi. Həmin qərara görə, “Xəzərlə bağlı bütün mühüm məsələlərə dair yalnız 5 sahilyanı ölkənin qərar vermək hüququ var”.

Luikaşeviç isə köməkçinin açıqlamasının üstündən heç bir gün keçməmiş və şübhə yox ki, həm də Kremlin razılığı ilə bəyan edir ki, “həmin qərar Xəzərin dibi ilə çəkiləcək boru kəmərlərinə də aiddir”. Bununla da Putinin səfəri ərəfəsi Azərbaycan faktiki, qaz şantajına məruz qalmış kimi görünür. 

***
“Bu xəbərdarlıq - quldurluq, dünyaya hökmranlıq etmək iddiasıdır. Belə bir iddianı irəli sürən ölkənin özü Baltik dənizinin dibindən Avropaya qaz kəməri çəkir, Qara dənizin dibindən Türkiyəyə ”Mavi axın" qaz kəməri inşa edib və 10 ildir ki, istismar edir. İndi isə Ukraynadan Avropaya göndərdiyi qazı Qara dənizin dibindən çəkərək Türkiyə ərazisinə çıxardıb, oradan da Avropaya satmaq istəyir. Yəni dünyada dənizin dibindən qaz kəməri çəkməyi birinci dəfə Rusiya tətbiq edib". Bunu politoloq Qabil Hüseynli Rusiya XİN-in açıqlamasını ölkə.az-a şərh edərkən deyib.


Onun sözlərinə görə, “Transxəzər” qaz kəməri sırf Xəzərin Azərbaycan və Türkmənistan hissəsinə aid yerdən keçdiyi və həmin ərazilər də Azərbaycan və Türkmənistanın suveren əraziləri olduğundan, Xəzərin statusunun təyin edilib-edilməməsi yalnız bu iki dövlətə aid məsələdir: “Rusiya əsas kimi iki səbəb göstərir: birinci Xəzərin status məsələsi, ikincisi isə ekoloji təmizlik. Xəzərin statusu məsələsində Azərbaycan, Rusiya, Türkmənistan arasında dənizin dibinin, onun mineral ehtiyatlarının bölünməsi haqda saziş imzalanıb. O sazişə əsasən, bu qaz kəmərinin çəkilməsinə Azərbaycan icazə verirsə Rusiya heç bir irad tuta bilməz. Xəzərin ekoloji təmizliyinə gəlincə isə, həmin qaz kəmərini çəkən şirkətlər dünyanın aparıcı ekspertlərinə çəkəcəkləri qaz kəmərinin 100% ekoloji cəhətdən təmiz və ən azından 100 il istismara yararlı olması haqqında ortaya ekspertiza rəyləri qoyublar. Xəzərin çirkləndirilməsi məsələsi də mümkün deyil. Hər şey qaydada olduğu halda Rusiyanın dedikləri böyük dövlətçilik şovinizmidir, kiçik dövlətlərə yuxarıdan aşağı baxmaq, onların hüquqlarını tanımamaq məsələsidir”. 

Politoloq əlavə edib ki, Xəzərin qazı Avropaya, dünyanın aparıcı dövlətlərinə lazımdır və yəqin ki, onlar bu məsələdə beynəlxalq hüququn normalarından istifadə edərək “Transxəzər” qaz kəməri layihəsinin çəkilməsinə nail olacaqlar. “Bir zamanlar Bakı-Tiflis-Ceyhanın çəkilməsində də belə hallar ortaya atıldı, ancaq sonradan hər şey qaydasına düşdü” - qeyd edib şərhçi.

***
Rusiyanın “Transxəzər”ə qarşı hücumunun məhz bu ərəfəyə təsadüf eləməsinin arxasında TANAP və TAP layihələrinin “Türk axını”na (əvvəlki adı “Cənub axını”) əngəl olmasının dayanması əslində yeni məsələ deyil. Son zamanlar “Türk axını”nın keçəcəyi tranzit ölkələrə ABŞ-ın, Avropa Birliyinin təzyiq etməsi Moskvada açıq-aşkar qıcıq yaradırdı. 


Ancaq Moskvanın Bakıya qaz hədəsinin başqa motivləri də yox deyil. Söhbət ilk növbədə Putinin qatı ideya düşməni, İlham Əliyevin isə dostu Mixail Saakaşvilinin Odessa vilayətinə Qərbin xeyir-duası ilə qubernator gətirildikdən dərhal sonra Rusiyanın regiondakı, hətta Xəzərdəki maraqlarına zərbə vuracaq “yol planı”ndan və bu plan çərçivəsində verdiyi bəyanatlardan gedir. 

Bu barədə az öncə yazmışdıq. Ekspertlərdən biri qəzetimizə bildirmişdi ki, Saakaşvilinin məhz strateji əhəmiyyətli liman şəhərinə qubernator təyin olunmasının arxasında ciddi siyasi mətləblər dayanır. 

Sitat: “Burda Azərbaycan amili də var. Məsələ ondadır ki, Odessa Qara dənizə çıxışı olan liman şəhəridir. Şəhərdə bölgənin nəhəng neftayırma zavodu var. Bu zavoda ARDNŞ illərdir maraq göstərir. İkincisi, Azərbaycan Gürcüstanın Qara dənizə çıxan limanlarında qaz terminalları inşa edir. Gələcəkdə bu terminallar vasitəsilə Qara dəniz ölkələrinə sıxılmış qaz satmaq olar. Həmin sıxılmış qazı Odessa limanı üzərindən Ukraynaya satmaq olar. Onsuz da Ukrayna Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Demək, Odessaya çatdırılan Azərbaycan qazı Ukrayna üçün alternativ enerji mənbəyi rolunu oynayacaq. Digər tərəfdən, təxminən 15 ildir ki, Bakı ilə Kiyev arasında Odessa-Brodı neft kəmərinin Azərbaycan nefti ilə doldurulmasına dair danışıqlar gedib. Saakaşvili Odessa qubernatoru olaraq bu layihəni  də aktuallaşdıra bilər”. 

Yəni Saakaşvili Azərbaycan-Ukrayna iqtisadi və enerji əməkdaşlığının hərəkətverici qüvvəsinə çevrilə bilər. Saakaşvilinin Bakı ilə Kiyev arasında bu vasitəçiliyi isə Azərbaycanın xeyrinədir: “Saakaşvili Azərbaycanın və prezident İlham Əliyevin yaxın dostudur. Bu dostluq imkan verəcək ki, necə ki, Azərbaycan vaxtilə Gürcüstana yatırımlar həyata keçirdi, eləcə də indi Azərbaycan Odessanın müxtəlif sahələrinə yatırımlar həyata keçirsin. Ukraynada hazırda iqtisadi vəziyyət ağır olsa da, Ukrayna bazarı Gürcüstan bazarından böyükdür”.

*     *     *
Dünən isə Saakaşvili Azərbaycanla bağlı başqa bir mühüm iqtisadi layihənin anonsunu verib. O, Asiyadan Avropaya daşınan yüklərin Rusiyadan yan keçərək daşınması üçün bərə keçidi və logistik mərkəzlərin tikintisi ilə bağlı planlarını açıqlayıb. 


Saakaşvili bildirib ki, Rusiyadan Avropaya yüklər 30 günə daşınır: “Azərbaycan və Gürcüstanın dəniz limanı Potidən Odessaya qədər yüklərin daşınması üçün cəmi 9 gün çəkə bilər. Bura biznesi gətirmək üçün yük daşımalarına tətbiq olunan tarifləri aşağı salmaq lazımdır. Tariflər yüksəkdir. İkincisi isə, bərə keçidləri, logistika mərkəzləri var”. 

Gürcüstanın sabiq prezidenti vurğulayıb ki, Odessa böyük potensiala malikdir. Onun sözlərinə görə, artıq bərə keçidi və logistik mərkəzlərinin tikintisinə pul yatırmaq istəyən investorlar da var: “Planların reallaşdırılması üçün Odessa vilayətini korrupsiyadan təmizləmək lazımdır”.
 
*      *     *

Söz yox ki, Rusiyanın iqtisadi təcridini gücləndirəcək, büdcə gəlirlərini kəskin azaldacaq Qərbin bütün bu və digər planlarından Moskva xəbərdardır. Odur ki, Kreml kontur-addımları işə salaraq ilkin mərhələdə heç olmasa, “Türk axını”nı xilas eləmək, bu boru kəməri önündə siyasi-iqtisadi əngəlləri götürmək, yekun etibarilə Avropanın Rusiyadan ənənəvi qaz asılılığının qalmasına çalışır. 

Bu yolda açar amil - dövlət əlbəttə ki, Azərbaycandır. Söhbət həm də ölkəmizi nəyin bahasına olur-olsun, Avrasiya layihələrinə qoşmaqdan gedir.

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR