İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kreml Ermənistanı müdafiəsiz qoyur” – Şoyqunun qəfil Bakı səfərində iki hədəf

18163 16.08.2016 08:00 Siyasət A A
Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana iki günlük işgüzar səfəri başa çatıb. Səfər çərçivəsində nazir prezident İlham Əliyev və azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb. 

Şoyqunun kifayət qədər qəfil sayıla biləcək Bakı səfəri ilə bağlı Rusiya Müdafiə Nazirliyinin səfər öncəsi yaydığı rəsmi açıqlamada görüşlərdə hərbi-texniki əməkdaşlıq və Qarabağ probleminin müzakirə olunacağı, habelə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olacağı deyilirdi. Gündəlik tam təsdiqini tapdı.

*****

Avqustun 14-də prezident İlham Əliyev S.Şoyqunu qəbul elədi. Artıq xəbər verildiyi kimi, dövlət  başçısı görüşdə prezident Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı iki ölkə prezidentlərinin görüşündə qarşılıqlı əlaqələrin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını söyləyib. Prezident eyni zamanda Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

Öz növbəsində rusiyalı nazir prezident Putinin Bakı səfərinin və səfər zamanı prezident Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da genişlənməsi baxımından önəmini vurğulayıb. 


“Rusiya və Azərbaycan hərbi idarələrinin hərbi və hərbi-texniki əməkdaşlığa dair müzakirə eləməli ortaq məsələlər var. İki ölkə hərbi idarələri qarşısında duran məsələlərə gəlincə, bugünkü və sabahkı işlərimizdə biz çalışacağıq ki, Rusiya prezidenti ilə Sizin hərbi və hərbi-texniki sahədə razılaşmanızın ehtiva elədiyi hər şeyi nəzərə alaq”, - deyə Şoyqu Azərbaycan prezidentinə müraciətlə qeyd edib. Onun sözlərinə görə, hər iki tərəfin hərbi və hərbi-texniki sfera üzrə danışacağı, müzakirələr və yekunlar aparması üçün çoxlu mövzuları var.

Dünən səfərinin ikinci günü Şoyqu Zakir Həsənovla bir araya gəlib. Məlumata görə, nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olub.

***** 

Rusiya müdafiə nazirinin və prezident İlham Əliyevin açıqlamalarlndan da göründüyü kimi, Şoyqunun Bakı səfəri ilk növbədə iki ölkə arasında silah ticarəti sahəsində əməkdaşlığı davam etdirməklə bağlı olub. Əslində burada sensasion bir şey yoxdur. Çünki Putinin Bakı səfəri çərçivəsində onunla birgə Azərbaycanda olmuş Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksini kurasiya edən Dmitri Roqozin yeni müqavilələrin anonsunu artıq vermişdi. Yeri gəlmişkən, Roqozin 4 günlük aprel müharibəsindən sonra bəyan eləmişdi ki, Rusiya Azərbaycana silah satmaqda davam edəcək - hansı ki, müttəfiq Ermənistanda kəskin reaksiya doğurmuşdu. 


Bundan az sonra Azərbaycanın müdafiə nazirinin Moskvaya yollanması, orada rusiyalı həmkarı ilə müzakirələr aparması, üstündən bir gün keçməmiş isə Sergey Şoyqunun Bakıya təşrif buyurması, əlbəttə ki, iki ölkə arasında hərb-texniki sahədə əldə olunan yeni anlaşmaların reallaşması ilə bağlı idi.

Bu anlaşmalar şübhəsiz ki, ən çox işğalçı Ermənistanda qıçıq qarışıq, narazılıq və narahatlıq doğurur. Buradaca onu da yada salaq ki, ötən həftə Moskvada prezident Serj Sərkisyanla birgə keçirdiyi mətbuat konfransında Putin erməni jurnalistin Kremlin Bakı ilə silah ticarəti içində olması ilə bağlı Ermənistanın narahatlığını ifadə edən sualına sərt cavab vermiş, Azərbaycana Rusiyadan silah tədarükünün davam edəcəyinə, bunun Ermənistana dəxli olmadığına açıq işarə vurmuşdu. 


Bu açıqlamadan cəmi bir neçə gün sonra isə S.Şoyqu Bakıya gəldi. İndi də erməni KİV-ləri bu səfəri və onun mümkün yekununu intensiv şərh edir. Təbii ki, əsas tənqidlər Moskvaya yönəlib. Məsələn, “Rusiya Azərbaycanı yeni müharibəyə hazıtrlayır?” başlıqlı məqalədə deyilir: “Aprel müharibəsindən dərhal sonra Moskva bəyan elədi ki, Azərbaycanla hərbi-texniki əməkdaşlıq davam edəcək. Ancaq Ermənistana 200 milyon dollarlıq kredit həcmində vəd olunan silahlar hələ də verilməyib”. 


“Türkiyə və Azərbaycan qarşısında öhdəliklərini nəzərə alan Rusiya o halda Ermənistana müasir silahlar verə bilər ki, həqiqətən qərara alıb ki, münaqişə tərəflərinə təzyiq göstərməsin, yəni Ermənistanı güzəştlərə məcbur eləməsin, Azərbaycanı müharibəyə sövq eləməsin. Ya bəlkə Ermənistan silahlar o zaman veriləcək ki, buna ehtiyac qalmayacaq. Yoxsa Şoyqunun Azərbaycan rəhbərliyi ilə intensiv təmasları nə anlama gəlir?”, - deyə müəllif sual edir.  


Bu mövzuya həsr olunmuş başqa bir təhlili yazıda siyasi icmalçı Akop Bədəlyan yazır: “Rusiyaya eyni zamanda həm Ermənistanın, həm də Azərbaycanın müttəfiqi rolunu oynamaq müyəssər olmur. O, indi Ankara ilə münasibətləri normallaşdırmaqla bu dalandan çıxmaq istəyir. Amma belə görünür ki, Ankara bunun qarşılığında daha mürəkkəb bir məsələni - Qarabağa dair Ankara-Bakı-Moskva oxunun formalaşmasını tələb edir. Ancaq paralel olaraq Rusiya Azərbaycana alternativ təkliflər eləməlidir. İstisna deyil ki, bu, Azərbaycanın KTMT-də (Rusiyanın NATO-su- red.) assosiativ təmsilçiliyi ilə bağlıdır. Ola bilsin, Şoyqu KTMT nazirlərinin görüşünün gözlənildiyi İrəvandan öncə Bakıya baş çəkməklə göstərmək istəyir ki, Moskva üçün KTMT-nin Qafqaz oriyentiri və tərəfdaşı artıq İrəvan yox, Bakıdır”.

***** 

Rusiyalı nazirin Bakı səfərində tək silah məsələləri deyil, ikinci hədəf kimi məhz Qarabağ mövzusuna diqqət ayrılması əslinə qalsa, təəccüblü sayılmamalıdır. Hər halda, Türkiyə ilə münasibətlərin istiləşməsi Qarabağ probleminə də təsirsiz ötüşməyəcək. Kremlin bu məsələdən umduğu dividendlər isə təxmini bəllidir: ərazilərin azad olunması qarşılığında bölgəyə öz sülhməramlılarını yeritmək, Azərbaycanı Avrasiya layihələrinə, hətta KTNMT-yə qoşmaq.

Qalır bu kimi taleyüklü planları Bakı və Ankara ilə uzlaşdırmaq. Alınacaqmı? Ən önəmlisi, Kreml əraziləri boşaltmaq üçün İrəvana siyasi təzyiq yolu seçəcək, yoxsa Azərbaycanın əli ilə onu daha sərt şəkildə cəzalandırmaq variantını - misal üçün, apreldəki kimi?..      
      
Analitik xidmət

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR