İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Bakını “tələyə” sala bilmədiyi üçün qəzəblidir

837 19.01.2017 08:45 Siyasət A A

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı son açıqlamaları Kremlin münaqişənin həllində pozitiv rol oynayacağına olan ümidləri heçə endirdi. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin təcavüzə məruz qalanla təcavüzkar arasında bərabərlik işarəsi qoyması yenilik deyildi. Ancaq S.Lavrovun hətta çox uzağa gedərək “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” söyləməsi Moskvanın Qarabağa da Abxaziya, Cənubi Osetiya və ya Krımın taleyini yaşatmaq niyyətindən xəbər verir. 

Demək, Rusiyanın işğal olunmuş ərazilərə “sülhməramlı” adı altında ordu yeritmək niyyəti tam ciddidir və şimaldan gələn təzyiqlərin arxasında həm də bu niyyət dayanır. Elə bir neçə gün əvvəl Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova Azərbaycan hərbçisinin meyitinin geri qaytarılmaması ilə bağlı sualın cavabında ermənilərin mövqeyindən çıxış edərək bu məsələni münaqişə tərəflərinin “daxili işi” adlandırmışdı. 

Rusiyanın baş diplomatı isə azərbaycanlı jurnalistin “Azərbaycan işğal olunan ərazilərdə antiterror əməliyyatına, Qarabağı işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizləməyə başlasa, Rusiyanın buna münasibəti necə olacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına elə bir cavab verib ki, erməniləri tam məmnun edib. S.Lavrovun cavabından bəlli olur ki, savaş başlasa, Rusiya nəinki Ermənistanı müdafiə edəcək, hətta Azərbaycanın öz ərazisində separatçı quruma qarşı əməliyyatlarına qarşı da çıxacaq. 

Beləcə, Azərbaycan ərazilərinin dərhal, qeyd-şərtsiz azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını erməni tərəfindən tələb etmək əvəzinə, vasitəçi ölkənin naziri faktiki olaraq işğala bəraət qazandırıb. Artıq rəsmi Bakı S.Lavrovun mövqeyinə reaksiya verib. Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına xatırladıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. “Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq”-deməklə nazir əslində diplomatik yolla Kremli münaqişənin həllinə əngəl olmaqda günahlandırıb.

Related image

Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Lavrovun cavabı Azərbaycanla Rusiya arasındakı münasibətləri yenidən gərginləşdirməyə xidmət edir: “Onun bəyanatı 90-cı illər Yeltsin dövrünün Qafqaz canişini Kazimirovun davranışlarını və Qarabağla bağlı aparılan avantüranı özündə dolğun əks etdirir. Görünür, Suriya ətrafında 5 ildən artıq Amerika xarici siyasət idarəsinin rəhbəri ilə apardığı danışıqlar zamanı ərəb coğrafiyasında yeni dövlətlər meydana çıxarmaq istəyən Qərbi suçlayarkən rusiyalı nazir irəli sürdüyü hüquqi və siyasi arqumentləri unudur. Axı xarici müdaxilədən əziyyət çəkən və terror təhlükəsi ilə üz-üzə qalan yaxın Şərq dövlətlərinə Moskva yardım əlini uzadarkən bunu mütləq qurban seçilən dövlətin konstitusion hakimiyyətinin dəvəti ilə həyat keçirdiklərini qeyd edirlər. Əslində tamamilə doğru yanaşmadır. Elə isə Azərbaycana çatanda nədən münaqişənin həlli beynəlxalq iradədən və hər hansı siyasi paytaxtdan asılı qoyulmalıdır. Doğrudur, Lavrovla Bakının münasibətləri yaxın tarixə qədər xeyli pis olub. Hətta 2010-cu illərdə bir müddət diplomatik kontaktlar onun başı üzərindən qurulmaqda davam edirdi. Hər halda, prezident İlham Əliyev Rusiyada hansı nazirliklərə ermənilərin xüsusi himayədarlıq etdiyini yaxşı bilir”. 

Z.Oruc bir məqama diqqət çəkdi: “4 günlük aprel müharibəsi zamanı ermənistanlı nazir Vardan Oskanyan Parisdən birbaşa Moskvaya gəlmişdi və onu agent adlandıran soydaşlarının İrəvanda etiraz aksiyalarına baxmayaraq, düz iki gün Lavrovla birgə Azərbaycanı cəzalandırmağın yolunu axtarmışdılar. Onda bir daha təmas xəttinə çoxminlik monitorinq missiyasını göndərmək və bütövlükdə sərhəddə kameralar quraşdırmaqla ordumuzun əl-qolunu bağlamağa yönələn planlar Lavrovla Nalbəndyanın vahid mövqedə necə birləşdiklərini sübuta yetirmişdi. Lakin təbiətcə çox ehtiyatlı olan bu adam Putinin və Rusiya hərbi-sənaye kompleksinin qarşısında cəsarətlə rəsmi Bakıya silah satışının durdurulması tələbini qoya bilməmişdi”. 

Deputat qeyd etdi ki, Azərbaycanda belə bəyanatların şok doğurması başadüşüləndir: “Çünki söhbət təkcə status məsələsinin torpaqların işğaldan azad edilməsi faktından önə keçirilməsindən getmir. Əgər bir ölkə ərazi problemini beynəlmiləl məsələ sayırsa, xarici müdaxilə faktını qəbul edirsə, avtomatik olaraq, situasiya daha da qaranlıqlaşır, səngərin yeri itir. Reallıq odur ki, Abxaziya, Osetiya, Donbas və Qarabağ problemi milli dövlətlərin iradəsindən kənara çıxıb. İndi hərbi vasitə ilə bütün siyasi mərkəzlərin qərarını öz xeyrinə dəyişə bilməzsən. Lavrovdan soruşsan, deyəcək ki, hətta Qarabağı Azərbaycanın tərkib hissəsi sayan Türkiyənin özünün də münaqişədə tərəf kimi marağı var - ermənilərlə əsrlik problemin çözülməsi, neft-qaz, yaxud geosiyasi mövqe davası. Belə olan təqdirdə, Putinin daha diplomatik dillə məsələyə son illər verdiyi qiymət onun nazirləri üçün də dəqiq çərçivə olmalıdır. Avropa Şurasında ədalətə səs verən və Sərsəng su anbarı ilə ermənilərin işğalını pisləyən rusiyalı deputatları Putinin məşhər ayağına çəkdirmək istəyən də Lavrov olmuşdu. Lakin rus prezident daha mötədil bir davranış sərgiləmişdi. Ona görə Lavrov Ermənistanda anti-Rusiya aksiyalarını yaxşı görür. Biz onun etnik mənşəyinə deyil, təmsil etdiyi dövlətin maraqlarına görə Azərbaycanın ərazi bütövlüyünün təminatının daha böyük regional təhlükəsizliyə səbəb olacağını düşünürük. Bunu zamanla hamı qəbul edəcək”.
Qeyd edək ki, ötən ilin ikinci yarısında Rusiyanın bir neçə rayonu işğaldan azad edəcəyi, hətta qaçqın-köçkünlərin geri qaytarılacağı ilə bağlı rus politoloqlar davamlı proqnozlar verirdilər. Lakin ilin ikinci yarısında Rusiyanın Ermənistana açıq dəstəyi nikbin açıqlamaları alt-üst etdi. Belə aydın olur ki, Kreml əslində Azərbaycana şərtlərini qəbul etdirmək üçün şirnikləndirici təklifləri dövriyyəyə buraxıbmış. 

Rusiya XİN başçısı S.Lavrov ötən ilin aprel ayında, “4 günlük müharibə”dən sonra Bakıda olarkən ölkəsinin niyyətini açıqlamışdı. “Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”,- deyə, Rusiya xarici işlər naziri bildirmişdi. Belə aydın olur ki, Lavrov Bakının tezliklə “Yeni SSRİ”yə üzvlüklə bağlı qərar verəcəyini gözləyirmiş. Sonrakı dönəmlərdə Lavrovun sərt üzünü müşahidə etdik. Belə ki, o, ermənilərin xoruna qoşularaq Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilikdə və təxribatda suçlamışdı. Hətta İrəvanda kəskin bəyanatlar verən Lavrovun Bakıya dönəcəyi gözlənilsə də, bu, baş verməmişdi. Çox güman ki, XİN rəhbəri “Lavrov planı”nın iflasa uğramasının acığını Bakıdan çıxmağa çalışır.  

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Qarabağla bağlı dediyi bütün fikirlər Azərbaycanın maraqlarına ziddir. Ancaq ekspert bu fikirlərin yalnız XİN başçısına aid olduğunu düşünmür: “Lavrovun açıqlamaları Bakı ilə Moskva arasında söz duelinə yol açıb. Rusiyada xarici siyasət prioritetlərini prezident müəyyənləşdirir. Lavrov nə qədər ermənipərəst olsa da, Qarabağ məsələsində prezident Vladimir Putindən fərqli siyasət həyata keçirə bilməzdi. Demək, Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını Putin də bölüşür ki, Rusiyanın xarici işlər naziri Ermənistanı müdafiə edir”.

Image result for Elxan Şahinoğlu

Kremlin Bakıdan istəklərinə gəldikdə, E.Şahinoğlu qeyd etdi ki, rəsmi Bakı Rusiyanın bütün istəklərini reallaşdırar, hətta Avrasiya İqtisadi Birliyinə üzv belə olar, təki Moskva İrəvana təsir edib Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirsin: “Ancaq Lavrovun sözlərindən anlaşılır ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyün qarşılığında Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirən deyil. Belə isə biz niyə Avrasiya İqtisadi Birliyinə üzv olmalıyıq ki?”

Qarabağ Azadlıq Təşkilatı (QAT) da Rusiya XİN başçısının son açıqlaması ilə bağlı bəyanat verib. “Bu açıqlama Rusiyanın işğalçı və imperialist niyyətlərini, işğalçı Ermənistanı birmənalı şəkildə dəstəklədiyini bir daha nümayiş etdirir. Ona görə də Rusiya prezidenti bu məsələyə aydınlıq gətirməlidir, öz məmurunun fikrini təsdiq və ya təkzib etməlidir. Əgər təsdiq edərsə, onda Rusiyanın Minsk Qrupunda vasitəçiliyinə dərhal xitam verilməlidir. 

Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Əks halda, biz Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlayacağıq”,- deyə bəyanatda bildirilir.

Bu yerdə Rusiya prezidentinin ötənilki “elə etmək lazımdır ki, tərəflərin hər ikisi özünü qalib kimi hiss etsin” bəyanatını da xatırlamaq lazımdır. Putinin də sözlərindən belə aydın olur ki, Kreml, faktiki, Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılması, Ermənistanla Xankəndi arasında dəhliz yolun qalması şərtilə ətraf bir neçə rayonun qaytarılmasını istəyir. Bu isə ilk gündən Azərbaycana qarşı tələ kimi qiymətləndirilib. Lavrov da Putinin sözünü deyib, bir az da açıq formada. 

Kəsəsi, Rusiya Azərbaycana onu “tələ”yə sala bilmədiyinə görə qəzəblidir. Azərbaycanın dövlət başçısı Bakıya “Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyın” deyə, təzyiqlərin olduğunu açıqlamışdı. Bunun ardınca prezident Qarabağdakı ermənilərə uzağı Azərbaycan daxilində muxtar respublika statusunun verilə biləcəyini bəyan etdi. Görünür, şimal qonşumuzu bu formul razı salmayıb. 

Hələ ki rəsmi Moskva Azərbaycandakı narahatlığa hər hansı reaksiya verməyib. Hər halda, KTMT-nin sabiq baş katibi Bordyujanın ardınca Lavrovun da açıq şəkildə Bakı ilə təhdid dilində danışması təsadüfə oxşamır.

Elşad PAŞASOY




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR