İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Lapşinə üzrxahlıq yazdırıb-blogger bağışlana bilər

1282 20.01.2017 09:50 Siyasət A A

İsrail Azərbaycanın ekstradisiyasına hazırlaşdığı bloggerin Bakıdan üzr istəməsini, beləliklə, azadlığa buraxılmasını təklif edib. Bu barədə İsrailin “Haarets” qəzeti yazıb. Qəzet yazıb ki, İsrail rəsmiləri Lapşinin Bakıya məktub yazmasını, həm Qarabağa getdiyinə, həm Dağlıq Qarabağı “müstəqil dövlət” adlandırdığına, həm də Azərbaycandakı hakimiyyəti tənqid etdiyinə görə üzr istəməsini təklif ediblər. 

Blogger özü təkliflə razılaşıb və məktubun ilkin versiyasını artıq yazıb. Bakı da razılığını versə, A.Lapşinin həbsi haqda orderi ləğv edə, Belarusa müraciətini geri götürə bilər: “Təklif artıq Azərbaycan Xarici İşlər Nazirliyinə çatdırılıb. İsrail diplomatlarının sözlərinə görə, onlar Azərbaycana bu məsələni böyütməyin əhəmiyyətsiz olduğunu bildiriblər, üzrxahlıq məktubunun ən yaxşı yol olduğunu, həm Azərbaycan və Belarus, həm də Rusiya və İsrailə sərf etdiyini söyləyiblər”.

Qəzetə müsahibə verən İsrail rəsmisinin dediyinə görə, Azərbaycan təklifi rədd etməyib, amma hələ ki cavab da verilməyib.

Qeyd edək ki, Lapşin məsələsinin İsraillə Azərbaycan arasında problem yaratmaması üçün Azərbaycana üzrxahlıq məktubunun yazılacağı barədə təxminən bir həftə öncə politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirmişdi: “Lapşinlə bağlı sonda İsraillə bir razılaşma əldə olunacaq. Artıq Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında da hiss olunurdu ki, əgər Aleksandr Lapşin Azərbaycandan rəsmi üzrə istəsə, üzrxaqlığını, səhv etdiyini, Dağlıq Qarabağın Azərbaycanın qanuni ərazisi olduğunu rəsmi ərizə yazaraq bildirsə, ona qarşı cinayət işinə xitam verilə bilər. Ona görə də, məncə, bu adamla bağlı İsraillə Azərbaycan arasında bir razılaşma olacaq. Azərbaycan qeyd olunan ərizənin yazılmasını tələb edəcək. İsrail də həmin vətəndaşı buna məcbur etməklə cinayət işinin ortadan qaldırılmasına nail olacaq”. “Yeni Müsavat”ın politoloqa istinadən yaydığı xəbər artıq təsdiqini tapıb. 

Bundan başqa, üzrxahlıq ideyası A.Lapşinin ailəsinə yardım edən israilli millət vəkili Ksenia Svetlova ilə Azərbaycan rəsmilərinin danışıqları zamanı da səslənibmiş. O zaman Bakı bloggerin ölkə rəhbərliyindən yazılı şəkildə üzr istəməsini tələb edib. Bununla belə, bloggerin o dəqiqə azadlığa buraxılmayacağını bildirib. A.Lapşinin həbsinin prinsip məsələsi olduğunu deyən Azərbaycan rəsmiləri onun yalnız Bakıya təhvil veriləndən sonra azad ediləcəyini söyləyiblər. Ancaq A.Lapşin Bakının vədinə əməl etməyəcəyindən qorxaraq, məktub yazmağa razılaşmayıbmış.

İsrail rəsmilərinin fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də A.Lapşinlə bağlı dedikləri məsələnin həllinə təkan verə bilər. S.Lavrov bloggerin ekstradisiyasına razı olmadıqlarını söyləmişdi. Doğrudur, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rus həmkarının bəyanatına cavabında A.Lapşinin həbsinin qanunauyğun olduğunu, qanunları bloggerin pozduğunu, Rusiyanın da belə durumlarda eyni mövqeyi tutduğunu deyib. Amma belə görünür ki, İsrail Rusiyanın həm Belarus, həm də Azərbaycan üzərində nüfuzunu nəzərə alaraq, problemin tezliklə həllinə inanır.

Xatırladaq ki, Rusiya və İsrail vətəndaşlığı olan 40 yaşlı Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. Sonra isə qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə sosial şəbəkədə özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğu A.Lapşinin bu hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlatmış və A.Lapşin barəsində dövlətlərarası axtarış elan edilmişdi. 2016-cı il 13 dekabrda A.Lapşin Belarusda Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb və barəsində Minsk Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Etibar SEYİDAĞA




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR