İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidara ikitərəfli hücum: “Bu, növbəti anti-Azərbaycan dalğasıdır”

10210 18.12.2015 09:00 Siyasət A A
ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kris  Smit “Azerbaijan Democracy Act”  (“Azərbaycanda demokratiya aktı”) adlı qanun layihəsi hazırlayıb. Layihədə Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulması nəzərdə tutulur. “Azərbaycanda demokratiya aktı” adlanan layihəni təqdim edərkən Smit deyib:

“Azərbaycan və ABŞ arasında milli təhlükəsizlik və iqtisadi sahələrdə mövcud olan mühüm bağlar Azərbaycanda insan haqlarının dəhşətli həddə pozulmasına göz yummaq üçün əsas olmamalıdır. ”Azərbaycanda demokratiya aktı" Azərbaycan hökumətinin aparıcı üzvlərinə, onlarla biznes əlaqələrindən əhəmiyyətli dərəcədə gəlir əldə edən şəxslərə, hökumətin təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə viza qadağalarının qoyulmasını nəzərdə tutmaqla yanaşı, maliyyə sanksiyalarının da nəzərdən keçirilməli olduğu haqda Konqresdəki rəyi ifadə edir. Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi, vətəndaş cəmiyyətinə basqılara son qoyulması, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində əsaslı irəliləyiş nümayiş etdirsə, sanksiyalar qaldırıla bilər".

 
C.Smit hesab edir ki, “araşdırmaçı jurnalist Xədicə İsmayıl, vəkil İntiqam Əliyev, siyasi lider İlqar Məmmədov, ictimai fəal Anar Məmmədli kimi cəsarətli qadın və kişilər həbsdə saxlana-saxlana, onların əli hüquqi, hətta tibbi yardıma çatmadığı bir durumda Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinin azad şəkildə ABŞ-a gəlmələri qəbuledilməzdir”.
Qeyd edilir ki, hazırda Nümayəndələr Palatasında, eləcə də parlamentin yuxarı palatası olan Senatda Smitin üzvü olduğu respublikaçılar çoxluğa sahibdir. Bu isə onun hazırladığı layihənin müzakirəyə çıxarılacağı halda qəbul ediləcəyi ehtimalını artırır.

XİN-dən reaksiya 


Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 17-də məsələyə sərt reaksiya verib. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Kris Smit tərəfindən təqdim olunan sənəd tam şəkildə anti-Azərbaycan xarakteri daşıyır və qəbuledilməzdir. Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub: “Bu kimi qərəzli addımlar Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər. Əsassız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər. Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs olunmuş şəxslərə ”siyasi məhbus" donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil".  


ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov isə APA-ya açıqlamasında deyib ki, ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim olunması xəbərlərinin yayılmasının Avropa Şurası baş katibinin Azərbaycana araşdırıcı missiya göndərməsi qərarı ilə eyni vaxta düşməsi təsadüf deyil:  

“Bu, növbəti anti-Azərbaycan dalğasının başlanmasının işartılarıdır. Biz hesab edirik ki, ABŞ tərəfindən hansısa anti-Azərbaycan sanksiyalarının tətbiq olunması, yaxud bununla bağlı işlərin aparılması reallığı əks etdirmir. Bu cəhdlər dəfələrlə olub və əminəm ki, bundan sonra da bu qüvvələr Azərbaycana qarşı işləyəcək. Amma zaman göstərir ki, bu kimi təşəbbüslərin heç bir faktiki əhəmiyyəti olmur, ola da bilməz. Eyni zamanda bu addımlar daha çox həmin sanksiyaları tətbiq edən ölkələrin özünə təsir göstərəcək”.

“Ya hakimiyyət  öhdəliklərdən imtina etməli, ya da...”

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sanksiya tətbiq edilməsinin konkret layihə şəklində ortaya çıxması çox ciddi hadisədir: “ABŞ xeyli vaxt idi Azərbaycan hakimiyyətini üzərinə götürdüyü beynəlxalq və  aralıq öhdəliklərini yerinə yetirməyə çağırırdı. Əsasən də son illərdə keçmiş ABŞ səfirləri Brayza, Morninqstar, indiki səfir Sekuta da dəfələrlə bu söhbətləri aparıblar, hakimiyyətlə görüşlərində hakimiyyətə çağırışlar ediblər. 2013-cü ilin prezident seçkiləri öncəsi hökumət yenə də vədlər vermişdi ki, seçkidən sonra ciddi islahatlar aparılacaq. Ancaq bunlar baş vermədi. Ona görə də artıq ABŞ-ın səbri tükənib və sanksiyaları nəzərdə tutan layihənin meydana gəlməsi səbrin tükənməsinin göstəricisidir, ciddi addımlar atıla bilər”.


M.Əliyev  hesab edir ki, ya Azərbaycan hakimiyyəti  öhdəliklərdən imtina edib beynəlxalq qurumlardan çıxmalıdır, ya da həmin öhdəlikləri yerinə yetirməlidir: “Üçüncü variant görmürəm. Real vəziyyət odur ki, Azərbaycan ciddi bir böhranla üzləşib. Bu, iqtisadi-sosial böhrandır, ictimai böhrandır, hakimiyyətdaxili böhrandır. Bütün bunlar sistemli böhranın əlamətləridir. Ona görə də ABŞ çox narahatdır ki, belə vəziyyət dərinləşdikcə Azərbaycanda sabitlik pozula bilər. Buna görə də çağırırlar ki, islahatlara gedin və böhranlı vəziyyətdən xilas olun. Əgər lazımi islahatlar həyata keçirilməsə, vəziyyət daha da çətinləşəcək”.


Ümid Partiyasının sədri İqbal Ağazadə isə ABŞ-dan gələn sanksiya hədəsinə belə münasibət bildirdi: “ABŞ-Azərbaycan münasibətlərinin bəyanatlardan fərqli tərəfləri də var. Bu, hər iki ölkənin hakimiyyətlərinin təmsilçiləri arasında masa arxasında gedən danışıqlardır. Danışıqlar barədə ciddi məlumatımız yoxdur. Həmişə demokratiyanı, insan haqları və seçki məsələlərini bəyanatlarda ön plana çəksələr də əsas və daha çox müzakirə olunan məsələlər məhz bağlı qapılar arxasında müzakirə olunub. Regionda baş verən hadisələr, Rusiyanın bölgədə aktivləşməsi, Yaxın Şərq regionuna daxil olması və sair çox güman ki, ABŞ-ın da bölgədə olan dövlətlərdən istək və tələblərinin miqyasını, xarakterini dəyişdirib. Azərbaycanın bu tipli məsələlərə hansı reaksiya verdiyini demək çətindir. Görünən budur ki, bu gün Azərbaycan Qərblə, xüsusilə ABŞ-la bu məsələlərdə ortaq dil tapa bilmir. Bu da yaxşı nəticə verməyəcək. Sanksiyalar, qadağalar təkcə hansısa məmurlar üçün deyil, ölkə üçün də ciddi şəkildə problemlər yarada bilər. Hakimiyyət bu məsələləri layihə Konqresə çıxarılana qədər Amerika yetkililəri ilə ciddi şəkildə müzakirə eləməlidir. Məsələ gəlib layihənin Konqresdə müzakirə və qəbul edilmə həddinə çatmamalıdır. Çünki bu həddə çatanda artıq dövlətin maraqları məsələsi önə çıxacaq. Ona görə də məsələ mütləq masa arxasında müzakirə olunmalıdır. 

 
Politoloq Qabil Hüseynli isə bildirdi ki, əfv fərmanının imzalanmasının gəzlənildiyi ərəfədə Kris Smitin bu layihəsi böyük heyrət doğurur: “Özbəkistan, Türkmənistan, Qırğızıstan, elə Ermənistanın özü də demokratik inkişaf səviyyəsinə görə ölkəmizdən xeyli geridə qalır. Adlarını çəkdiyimiz ölkələrdə azad mətbuat yoxdur, amma Azərbaycanda var. Amerikanın qarnının ağrısı həbs edilən müəyyən QHT üzvləri və bir sıra şəxslərdir. ABŞ-dakı müəyyən dairələrdə onlara siyasi məhbus deyirlər. Azərbaycan hökuməti artıq bu istiqamətdə də addımlar atmağa başlayıb. Humanizm göstərilərək dövlətə xəyanətdə ittiham olunan Leyla və Arif Yunusların azad edilməsi bu yolda atılan addımlardan biridir. Məlumata görə, böyük bir əfv fərmanı hazırlanır. Bu məlumatı əfv komissiyası da, hüquq müdafiəçiləri də təsdiqləyiblər. Həmin fərmandan sonra da xeyli şəxsin əfv ediləcəyinin şahidi olacağıq. Amerika tərəfinin belə subyektiv qərarı böyük heyrət doğurur”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR