İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Almaniyada mühüm mesajlar verdi

7097 22.01.2015 08:45 Siyasət A A



Prezident İlham Əliyev yanvarın 20-də Almaniyaya işgüzar səfərə yollanıb. Rəsmi Bakının təbliğatında Avropa təsisatlarının tənqidlərinə kəskin reaksiyalar ifadə olunduğu bir zamanda Azərbaycan prezidentinin Almaniyaya səfər etməsi diqqət çəkir və müxtəlif prizmadan qiymətləndirilir.

Yayılan rəsmi məlumatlarda dövlət başçısının Almaniya XİN-in rəhbəri Frank-Valter Ştaynmayerlə görüşdüyü bildirilir. Məlumata görə, söhbət zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı durumu və perspektivləri, həmçinin Qarabağ münaqişəsi müzakirə olunub. Prezident Almaniyaya işgüzar səfəri çərçivəsində Bundestaqın deputatları və Almaniya-Azərbaycan Forumunun üzvləri ilə də görüşüb. Görüşdə Azərbaycanla Almaniya arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Bu forumla Azərbaycanla Almaniya arasında uzun illər səmərəli əməkdaşlığın olduğu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib. 

Məlumata görə, Almaniya səfərində Azərbaycanda insan hüquqları məsələsi diqqət mərkəzində olub. Bu arada "Hüquqlar üçün İdman" beynəlxalq QHT koalisiyası Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək Almaniya kansleri Angela Merkele müraciət edib. “Turan”ın məlumatına görə, sənəddə A.Merkelin  insan hüquqlarını Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün əsas mövzularından biri etməsi tövsiyə olunur. “Son illərdə Azərbaycanda siyasi fəaliyyət, vətəndaş cəmiyyəti və jurnalistika üçün məkan tədricən məhdudlaşdırılıb. Xüsusən son altı ayda biz sərt və misli görünməmiş repressiyanın, onlarla vətəndaş cəmiyyəti fəalı və jurnalistin cəza çəkməsinin və ya barələrində hökm çıxarılmasının şahidi olmuşuq. Ölkənin ən tanınmış araşdırmaçı jurnalisti və bir çox aparıcı hüquq müdafiəçisi hökumət siyasətini tənqid etdikləri üçün cəzalandırılaraq həbs olunublar. Fundamental hüquq və azadlıqların kriminallaşdırılmasını əsaslandırmaq üçün ”vergidən yayınma" kimi saxta ittihamlardan istifadə olunur" deyə, müraciətdə qeyd edilir.  
Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin federal kansleri Angela Merkellə görüşüb. APA-nın prezidentin səfərini izləyən müxbirinin verdiyi məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Angela Merkel səmərəli müzakirələr apardıqlarını bildirib. O deyib ki, Azərbaycan Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır: “Biz bunu yüksək qiymətləndiririk. Biz Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik”.

Merkel bildirib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: “Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.
Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib.

“Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”. Bunu isə prezident İlham Əliyev Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib: “Biz hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər pozulubsa, əlbəttə ki, bərpa olunmalıdır”.

“Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır”- deyə, prezident bildirib. 

Prezident deyib ki, Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsi olub: “İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır”.


O qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və sərbəst toplaşma azadlıqları təmin edilib: “Azərbaycanda yüzlərlə mətbu orqan var, senzura yoxdur, internetə çıxış sərbəstdir.  İnternet istifadəçilərinin sayı 72 faizə yaxındır. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Müxtəlif siyasi partiyalar mütəmadi olaraq aksiyalar keçirirlər. Bütövlükdə Azərbaycanda son illər demokratiyanın inkişafı istiqamətində böyük addımlar atılıb. Çünki biz inanırıq ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel aparılmalıdır. Yalnız o halda bu islahatların dayanıqlılığı təmin oluna bilər”.

Prezident deyib ki, Azərbaycanda dini zəmində də heç bir qarşıdurma yoxdur: “Biz ümumbəşəri dəyərlərə sadiqik və onları qoruyuruq”.

Politoloq Ərəstun Oruclu Merkelə ünvanlanan müraciətlə bağlı müzakirələri istisna etmir: “Təbii ki, istər-istəməz o məsələlər qaldırılacaq. Yəni onun üstündən keçmək mümkün olmayacaq”. Politoloq ABŞ-la gərgin münasibətlərin fonunda aparıcı Avropa dövlətinə səfər barədə danışarkən qeyd etdi ki, indiki vəziyyətdə Qərbə vahid siyasi məkan kimi baxmaq lazımdır: “Rusiya məsələsinə münasibətdə də gördük ki, Qərbdə fikir ayrılığı yoxdur. Fikir ayrılığı olsa belə, son qərarlarda vahid mövqe nümayiş olunub. Düşünürəm ki, Azərbaycana münasibətdə də eyni mövqe var”.


AVP sədri, deputat Fəzail Ağamalı isə səfərlə bağlı yüksək fikirdədir: “Prezidentin Almaniya səfəri bir daha sübut etdi ki, Azərbaycanın Avropa İttifaqı ilə hər hansı problemi yoxdur. Nəzərə alsaq ki, Almaniya Avropa İttifaqında önəmli ölkədir, bu mənada Azərbaycan prezidentinin bu ölkəyə səfəri, əlbəttə, təkcə Almaniya səfəri kimi deyil, həm də Avropa İttifaqına səfəri, ona olan münasibətin ifadəsi kimi qiymətləndirilməlidir. Avropa bu gün Azərbaycanın enerjidaşıyıcıları, xüsusilə qazla təminatında, onun enerji təhlükəsizliyində oynadığı rolun fərqindədir”. Deputata görə, bu baxımdan Azərbaycanın yeri və rolu yüksək qiymətləndirilir: “Azərbaycanın bir partnyor olaraq Avropa ölkələri ilə əməkdaşlığında üzərinə götürmüş olduğu vəzifələri qeyd-şərtsiz yerinə yetirməsi heç şübhəsiz ki, onu dünyada, eyni zamanda Avropa ölkələri arasında öhdəliklərinə sadiq olan ölkə imicini qazandırıb. Bu gün Ağ Ev Administrasiyasının ermənipərəst dairələrindən fərqli olaraq Avropa ilə Azərbaycan arasında münasibətlərdə hər hansı problem yoxdur. Bunu ölkə prezidentinin həm Avropa ölkələrinə səfəri, həm Avropa ölkələri rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri Avropa İttifaqının yüksək çinli rəhbərləri ilə yüksək səviyyəli işgüzar münasibətləri də sübut edir”.

F.Ağamalı Avropadakı bir sıra QHT-lərin Merkelə ünvanladığı müraciət haqda da rəyini bildirdi: “Həmin QHT-lər Leyla Yunusla bağlı təşkilatlardır. Əsasən antiAzərbaycan mövqeyi tutan bu təşkilatların sıx alyansı mövcuddur və bu şəkildə fəaliyyət göstərirlər, vahid mərkəzdən idarə olunurlar, eyni mənbədən qidalanır, maliyyələşirlər. Bunlar bizə bəllidir. Ona görə də həmin təşkilatların Merkelə müraciətinin Merkel-Əliyev münasibətlərində hər hansı bir soyuqluq yaradacağını qətiyyən güman etmirəm. Ola bilsin ki, Merkel həmin müraciətlərə hansısa bir səviyyədə münasibətini ifadə edə bilər və bu məsələ cənab prezidentin diqqətinə çatdırıla bilər. Ancaq epizodik bir müzakirədən o tərəfə keçə bilməz. Çünki dövlətlərarsı münasibətlər önəmlidir, nəinki QHT-lərin həqiqəti əks etdirməyən dosyeləri və ya şikayətləri”.

E.PAŞASOY


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR