İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı xofda saxlayan Bakı görüşləri

10005 15.06.2015 09:00 Siyasət A A

Hər necə olmasa, Rusiya prezidenti Vladimir Putinin I Avropa Yay Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gəlməsi, üstəlik 24 apreldə İrəvandan fərqli olaraq gecəni də Azərbaycan paytaxtında keçirməsi təkcə saxta soyqırım yubileyinə qatılmaqdan dolayı rəsmi Bakının könlünü almaq jesti deyildi, hər şeydən öncə şimal qonşumuzun ölkəmizlə əlaqələrə verdiyi önəmin təzahürü idi.

*    *    *

Vladimir Putinin Bakıda iyunun 13-də azərbaycanlı həmkarı ilə görüşü bunu bir daha təsdiqlədi. Xəbər verildiyi kimi, Kreml başçısı görüş zamanı ölkəsinin Azərbaycanın əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu xüsusi vurğulayıb. 

Sitat: “Mən dövlətlərarası əlaqələrimizin xarakteri və səviyyəsi haqda sizin dəyərləndirmənizi bölüşürəm. İqtisadiyyatdakı bütün çətinliklərə baxmayaraq ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 12%, bu ilin ilk rübündə isə 6% artıb”. 


Rusiya prezidenti əlavə edib ki, əməkdaşlıq nə qədər çox inkişaf etsə, bir o qədər yaxşıdır və Rusiya bunda maraqlıdır. “Moskva və Bakı çox səylər göstərir ki, ikitərəfli əlaqələri şaxələndirsinlər. Bundan ötrü bütün zəmin və əsaslar var”, - deyə Putin qeyd edib.
Öz növbəsində İlham Əliyev Avropa Oyunlarının açılış mərasiminə qatıldığı üçün Putinə minnətdarlıq edib və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. “Bu, gələcəyə daha böyük optimizmlə baxmağa imkan verir. Ölkələrimiz arasında əlaqələr çox pozitiv, dinamik inkişaf edir və ildən-ilə biz blankanı daha yüksəyə qaldırırıq. İki ölkənin liderləri müntəzəm görüşür, nazirlikləri arasında aktiv dialoq aparılır, parlamentlərarası əlaqələr möhkəmlənir. Humanitar əməkdaşlıq isə əlaqələrimizdə həmişəki kimi ən nümunəvidir” - bildirib Azərbaycan prezidenti.

***


Düşmən ölkə üçün Bakı ilə bağlı başqa bir xoşagəlməz müjdə 24 apreldən sonra Putinin ilk dəfə və məhz Azərbaycanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gəlməsi hesab edilə bilər. Məlum olduğu kimi, iki lider arasında danışıqlar qapalı rejimdə keçirilib. Lakin görüşdə iştirak edən nümayəndə heyətlərinin tərkibi müzakirələrin nə dərəcədə aktuallıq kəsb etdiyini ortaya qoyur. 

Məsələn, Rusiya tərəfdən müzakirələrdə prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, “Rosatom”un rəhbəri Sergey Kiriyenko və “Qazprom”un başçısı Aleksey Miller iştirak ediblər. Danışıqların yekunu barədə detallı bilgi verilməsə də, iştirakçıların ranqlarından görünür ki, müzakirələr əsasən “Türk axını” qaz kəməri layihəsinin aqibətindən, Türkiyədə tikiləcək AES-lərdən, ümumən regionun iki böyük dövləti arasında iqtisadi, energetik, ümumən strateji tərəfdaşlıq əlaqələrinin 24 apreldə dayanmış yerdən davam etdirilməsinin zəruriliyi ətrafında olub. 


Bundan əlavə, prezident Putin qardaş ölkənin bölgədəki vazkeçilməz roluna işarə edərək Ərdoğana kompliment də deyib. Türkiyə prezidentinin açılış mərasiminə Avropa liderlərindən heç kimin gəlməməsi ilə bağlı gileyinə Rusiya dövlət başçısı belə reaksiya verib ki, “Türkiyə Avropa Birliyi üzvlüyünə namizəd olduğu üçün elə Bakıda bütün Avropa Birliyini təmsil edib”.
 
Bu, əslində Ermənistanla yanaşı, Avropa Birliyinə də Türkiyənin dəyərini hesaba almağın zəruriliyi ilə bağlı bir mesaj idi. Onu da qeyd edək ki, Putin Ərdoğanla məhz türkiyəli həmkarının qaldığı oteldə görüşüb. Bu da qardaş ölkənin önəmi ilə bağlı verilən başqa bir mesajdır.

***
Doğrudur, Rusiya və Azərbaycan prezidentlərinin görüşündə Qarabağ tematikasının, Avrasiya Birliyinə Azərbaycanın mümkün üzvlüyünün hansı səviyyədə müzakirə olunduğu haqda dəqiq informasiya yoxdur. Ancaq Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Əliyevin çox pozitiv danışıqlar apardıqlarını söyləyib. “Rusiya və Azərbaycan prezidentlərinin Bakı görüşü çox pozitiv keçdi, ikitərəfli əlaqələrin bütün kompleksi və beynəlxalq məsələlər müzakirə edildi. Prezident səfərini çox xoş təəssüratlarla başa vurdu” - deyib o.


Mətbuat katibinin sözlərinə görə, iki prezidentin görüşü bir neçə formatda keçib: “Əvvəlcə XİN başçıları və xarici siyasət köməkçiləri səviyyəsində görüş oldu. Sonra isə danışıqlar nümayəndə heyətləri səviyyəsində davam etdirildi. Nəhayət, prezidentlərin ikitərəfli görüşü reallaşdı”. 

Daha sonra Putinin Ərdoğanla görüşünə toxunan mətbuat katibi Rusiya və Türkiyə liderlərinin iki ölkə arasında mal dövriyyəsinin 100 milyard dollara çatdırmaqla bağlı strateji hədəflərini təsdiqlədiklərini qeyd ediblər. 

“Prezidentlər həmçinin, ”Türk axını"nı, Ukraynadakı vəziyyət də daxil, beynəlxalq məsələləri müzakirə ediblər, iqtisadi-ticari münasibətlər də daxil olmaqla, ikitərəfli əlaqələrin bütün spektrinə dair fikir mübadiləsi aparıblar. Münasibətlərdə bütövlükdə pozitiv dinamika olduğu vurğulanıb. Ətraflı şəkildə AES tikintisi müzakirə edilib. Eyni zamanda mövcud problemlərin altı da cızılıb" - əlavə edib o.

***
Bütün hallarda Kreml başçısının Bakıda Əliyev və Ərdoğanla quruca təmaslarının özü Ermənistanın narahatlığı üçün yetərlidir. Çünki İrəvan Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərinin soyuq olmasında maraqlıdır və bu üç ölkənin hər hansı formatda, səviyyədə yaxınlaşmasından ciddi şəkildə təlaşlanır - ilk növbədə də Qarabağa görə.

Bu arada rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenqauer Avropa Oyunlarından sonra Qarabağ zonasında vəziyyətin dəyişə biləcəyini söyləyib. Onun ehtimalına görə, Oyunlar bitəndən sonra təmas xəttində situasiya dəyişə bilər. Musavat.com-un məlumatına görə, bu barədə o, erməni nəşrinə müsahibəsində deyib. 

Yada salaq ki, az öncə bəzi rusiyalı ekspertlər İrəvana səfər çərçivəsində bildirmişdilər ki, Avropa Oyunlarından sonra “Bakının əl-qolu açılacaq və Minsk Qrupunun fəaliyyətindən narazı olduğu üçün o, geniş miqyaslı hərbi əməliyyatlara başlayacaq”.

“Mən gərginliyin artacağını düşünməyə meyilliyəm. Ola bilsin, bu, əvvəlki dönəmlə müqayisədə daha intensiv xarakter alsın. Ancaq bunun bütün cəbhə xətti boyu yayılacağı inandırıcı görünmür. Belə genişmiqyaslı əməliyyatlar üçün ilk növbədə hazırlıq işləri aparılmalı, qüvvələr səfərbər edilməli, müvafiq qüvvələr təmas xətti boyu yerləşdirilməlidir. Hələ ki, bu hərəkətlər yoxdur. Üstəlik də belə hərəkətləri gizlətmək də mümkün deyil. Bununla belə, ciddi hərbi qarşıdurmalar mümkündür” - vurğulayıb hərbi analitik.

***
Maraqlıdır ki, Avropa Oyunlarından sonra müharibənin mümkünlüyü barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Bakı və İrəvana son səfəri çərçivəsində bildirmişdi. Nəticəsiz sülh danışıqlarından bezən Azərbaycanın Avropa Yay Oyunlarından sonra bir neçə rayonu azad etməyə başlaya biləcəyinin mümkünlüyünü həmçinin də yerli ekspertlər (Elxan Şahinoğlu) dilə gətirmişdi - bir şərtlə ki, Rusiya məsələyə qarışmasın, neytrallıq göstərsin. 
Bəs Bakı bu neytrallıqla bağlı Putindən təminat ala bildimi və aldısa, o zaman nəyin qarşılığında? Suallara cavabları, yəqin ki, çox gözləməli olmayacağıq. 

Siyasət şöbəsi 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR