İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev, Putin və Ərdoğanın saatlarında Bakı vaxtı...- təhlil

7157 10.06.2015 08:55 Siyasət A A

“Prezident Bakıya iyunun 12-də Kremldə təşkil olunacaq təntənəli qəbuldan dərhal sonra uçacaq. İstisna deyil ki, o, Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri ilə görüşəcək. İyunun 13-də onun Azərbaycan prezidenti ilə söhbəti olacaq”, - deyə Uşakov bildirib. Rusiya prezidentinin köməkçisi onu da deyib ki, Putinlə Əliyevin görüşündə Qarabağ münaqişəsinin nizamlanması ətrafında müzakirə aparılacaq. 

“Qarşıdakı danışıqlar zamanı regional gündəmin mühüm aspektlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması və 2014-cü ilin sentyabrında Həştərxanda keçirilmiş dördüncü Xəzər sammitində qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi müzakirə olunacaq”, - deyə köməkçi qeyd edib. Onun sözlərinə görə, Əliyevlə Putin arasında iyunun 13-də keçiriləcək danışıqlar əvvəlcə məhdud heyətlə keçəcək, daha sonra işgüzar səhər yeməyi formatında geniş tərkibdə davam edəcək.

Bakı danışıqları zamanı habelə Rusiya ilə Azərbaycan arasında energetika sferasında ikitərəfli əməkdaşlığın inkişafına dair yüksək səviyyəli işçi qrupunun yaradılması nəzərdə tutulur. “Energetika sferasında əməkdaşlığın inkişafı ilə hökumətlərarası komissiya çərçivəsində yaradılacaq xüsusi işçi qrupu məşğul olacaq” - əlavə edib Putinin köməkçisi.

*     *     *     *     *


Rusiya prezidentinin Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi gözlənilir. Artıq bəllidir ki, eyni gündə - iyunun 12-də Ərdoğan da Azərbaycanda olacaq. 

Bu xüsusda Uşakov onu da bildirib ki, Putin Türkiyədəki seçkilərdə AKP-nin qalib gəlməsi münasibətilə prezident Ərdoğanı telefonla təbrik edib, telefon söhbəti zamanı tərəflər Bakıda görüşmək və ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq barədə razılığa gəliblər. Danışıq zamanı prezidentlər ikitərəfli əməkdaşlığın aktual məsələləri və energetika sahəsində birgə nəhəng iqtisadi layihələrlə bağlı yaranan problemlər barəsində fikir mübadiləsi də aparıblar. 
Bundan başqa, liderlər Rusiya və Türkiyə arasında dekabrda keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlığın gedişini müzakirə ediblər. Prezidentlər həmçinin intensiv şəxsi əlaqələrin davam etdirilməsi ilə bağlı razılıq əldə ediblər.


***** 
Səfərlə bağlı Kremlin rəsmi açıqlamalarında bir neçə məqam xüsusi diqqət çəkir. Bunlardan biri Vladimir Putinin kifayət qədər böyük heyətlə Bakıya hazırlaşmasıdır - Putin Əliyevlə öncə məhdud heyətlə, sonra isə geniş tərkibdə danışıqlar aparacaq ki, bu da müzakirə ediləcək məsələlərin aktuallığına dəlalət edir.


Digər maraqlı detal Kreml başçısının Bakıda İrəvandan fərqli olaraq iki gün qalmağı planlaşdırmasıdır ki, bu da öz növbəsində Azərbaycan və Türkiyə ilə əlaqələrə Kremlin məxsusi önəm verdiyinin təsdiqidir. Bu, eyni zamanda Moskva ilə Bakı və Moskva ilə Ankara arasında öz həllini gözləyən problemlərin əhəmiyyətinin göstəricisi sayıla bilər.

Söhbət öncəliklə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması perspektivi və quruma üzvlüklə bağlı Bakının irəli sürdüyü Qarabağ şərtindən, bir-birinə faktiki rəqabətdə olan “Türk axını” ilə Transxəzər (TANAP, TAP) qaz kəmərləri layihələrindən, Azərbaycanın strateji xarici siyasət seçimi ilə ilgili mümkün düzəlişlərdən gedir.


Bəllidir ki, xarici işlər naziri Elmar Məmmədyarov ötən ayın sonlarında Moskvaya etdiyi səfər çərçivəsində Qarabağ probleminin həllindən sonra Azərbaycanın Avrasiya Birliyinə üzvlüyünü mümkün sayıb. Bu, elə faktiki şəkildə nazirin Bakıdan Moskvaya apardığı əsas mesaj, şərt idi.

Ancaq maraqlıdır ki, nazirin açıqlamasından az sonra Kremlin “danışan dillərindən” sayılan “Avrasiya İttifaqı Hərəkatı”nın lideri Aleksandr Duqin açıqlama verərək, Azərbaycan tərəfinin şərtini qəbuledilməz adlandırıb. Sitat: “Yalnız Azərbaycan Ermənistanla birgə Avrasiya İqtisadi Birliyində - eyni müstəvidə təmsil olunduqdan sonra Dağlıq Qarabağ probleminin həlli tapıla bilər. Yəni məsələ Bakının dediyi kimi, öncə Qarabağ yox, öncə Avrasiya Birliyinə üzvlük, sonra Qarabağ məsələsi şəklində qoyula bilər...”
***** 


Söz yox ki, Bakıdakı görüşlərlə bu kimi dolaşıq məsələlərdə, o cümlədən transxəzər qaz kəmərinə təsiri olan Xəzərin hüquqi statusu məsələsində dərhal irəliləyiş olacağını gözləməyə dəymir. Ancaq Bakı görüşləri və bu görüşlərlə bağlı veriləcək bəyanatlar ən azından Kremlin Azərbaycan və Türkiyə ilə bağlı yaxın hədəflərinə, bu ölkələrlə yaxın perspektivdəki münasibətlərin xarakterinə əhəmiyyətli işıq sala, müəyyən yəqinlik gətirə bilər. 

Putinin aprelin 24-də ayaqüstü baş çəkdiyi İrəvandan fərqli olaraq Bakıda daha böyük müddətə - iki gün qalmaq istəyi ən əvvəl bu imperativlərlə izah oluna bilər. Əlbəttə ki, Rusiya dövlət başçısı bu səfərlə həm də Ermənistana etdiyi 24 aprel ziyarətinin Türkiyə və Azərbaycanda yaradığı incikliyi götürmək istəyir. İstənilən halda, çox uzaqgedən nəticələr çıxarmadan ehtimal eləmək mümkündür ki, Avropa Oyunları ərəfəsi prezidentlərin ikitərəfli, mümkündür ki, hətta “üçtərəfli” Bakı görüşləri tarixə düşəcək. 

Beləcə, Azərbaycan Avropa Oyunları ilə yanaşı, regionun gələcəyi baxımından çox mühüm əhəmiyyətli təmaslara da ev sahibliyi etməyə hazırlaşır. Ən azından üç prezident Bakıda öz “saatlarının əqrəblərini” tutuşdura biləcəklər.

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR