İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlarımızdan Batumi qalmaqalına reaksiya

4292 23.11.2014 19:32 Siyasət A A

Xatırladaq ki, ermənilər R.Arifoğlundan Avropa Birliyinə şikayət etmişdilər. Baş redaktordan şikayət edilməsinə səbəb tədbir çərçivəsində Çexiyanın “People in Need” təşkilatının foyedə Azərbaycan əleyhinə plakatlar asması haqda Azərbaycan nümayəndə heyətiminin etirazının Rauf Arifoğlu tərəfindən ictimaişləşdirməsi olub. 

Yaşanan qalmaqaldan sonra ölkə daxilində “Yeni Müsavat”ın baş redaktoruna qarşı xüsusi bir qara “piar” kampaniyası başladılıb. Xüsusilə bu işdə bəzi müxalifət və QHT təmsilçiləri daha fəal görünür. 

Xırda bir qrup bir qəzetçini şahidi olduğu olay barədə reportaj hazırlayıb qəzetində dərc etdiyi üçün təhqiramiz ifadələrin müşayiət ilə suçlayır. Amma cəmiyyətin ictima-siyasi fəal kəsiminin əksəriyyəti isə Rauf Arifoğluna açıq dəstək nümayiş etdirir. 

R.Arifoğlu əsasən Azərbaycan əleyhinə plakatlar asan Çexiyanın “People in Need” təşkilatı haqda “ermənipərəst” ifadəsinə görə ittihamlara məruz qalıb. Xatırladaq ki, həmin “ermənipərəst” ifadəsi R.Arifoğluna məxsus deyil. O sözü tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri Vüqar Bayramov işlədib. 

Yaranmış vəziyyətlə bağlı bir neçə deputatın fikrini öyrəndik. 


İqbal Ağazadə: “Rauf Arifoğluna hücum edənlərin iqtidardakılarla nə fərqi var?!”


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Batumidə baş verən qalmaqalda ziddiyyətli məqamların olduğunu diqqətimizə çatdırdı: “Rauf bəy kimin nə deməsindən asılı olmayaraq, informasiyanı işıqlandırır. “Yeni Müsavat” informasiya mənbəyidir. Batumidə baş verənlərlə bağlı ziddiyyətli məqamlar var. Bir tərəf məhbuslar məsələsini müdafiə edir. Bunu biz də müdafiə edirik. Digər tərəf isə, Dağlıq Qarabağın nümayəndə heyətini foruma qatmaq istəyiblər. Bunlar ayrı-ayrı məsələlərdir. İnformasiyanı çap edən tərəfi qınamaq doğru deyil. Qəzet heç cür qınanmamalıdır. İnsanlar fərqli fikrə dözümlü yanaşmağı bacarmalıdırlar. Biz fərqli fikrə görə təzyiqlər kampaniyası aparan iqtidarı tənqid edirik. Maraqlıdır, özümüz fərqli fikrə dözümlüyükmü? Heç kim eyni cür düşünməyə məhkum deyil. İnsan bir məsələyə müxtəlif istiqamətdən yanaşa bilər. Buna görə insanları öldürmək, tutmaq, təhqir etmək olmaz. Haqlı olduğunu sübut edəcək addımlar at ki, hər kəs sənə həsəd aparsın. Söyərək, əzərək yox. İqtidarda olsanız fərqli nə edərdiniz? Sizlərin əlində imkan olsa, fərqli fikirliləri asıb-kəsərsiniz. Mən bu cür düşünürəmsə, yerimin harada olmağını özüm müəyyən edirəmsə, sən mənə yer göstərən deyilsən ki? İnsanlar bu təfəkkürdən xilas olmağı bacarmalıdırlar. Demokratiya hamının eyni cür düşünməsi deyil”.

İ.Ağazadə qeyd etdi ki, hər kəsin fəaliyyətini tarix sübut edir: “Cəmiyyət hər şeyi gözəl bilir. Tarixə baxdıqda kimin kim olduğu aydın görünəcək. Fikirdən qəhrəman olmaz. Bu gün Azərbaycanda fikirdən qəhrəmanlar düzəldən cəmiyyət yetişib. Qəhrəmanlıq meydanlarda olur. Bu nədir, hər kəsdən fikir qəhrəmanları düzəldiblər? Heç həbsxanada olmaq da qəhrəmanlıq deyil. Dəfələrlə qeyd etmişəm ki, demokratiyanın bərqərar olması kiminsə həbsdə olmasından asılı deyil. 2003-də bundan çox məhbus var idi. Təkcə bir seçki üzrə 600 siyasi fəal, partiya funskioneri həbsdəydi. Demokratiya gəldi? Bu qışqıranlar hakimiyyətin müstəvisini qorumağa xidmət edənlərdir. Sizlər hakimiyyətin dəyirmanına su tökənlərsiniz”.

Millət vəkili cəmiyyətdə qəribə bir tendensiyanın yarandığını qeyd etdi: “Parlamentdə təmsil olunursan, olunmayan səni satqın çıxarır. Məni də parlamentdə olduğuma görə tənqid edirlər. O insanlara sual verirəm ki, iqtidar 10 il bundan öncə demokratik idi? Baxsaq görərik ki, yox. Bəs o zaman sizlər niyə parlamentdə təmsil olunurdunuz? Özü də bir nəfərlə yox, 5 nəfərlə. Bir partiyanın bir nəfərlə parlamentdə təmsil olunması ayıbdısa, başqa partiyanın 5 nəfərlə təmsilçiliyi 5 dəfə çox ayıbdır. Ayıbınıza kor olub, susun. Təəssüf edirəm ki, savadına , mədəniyyətinə bələd olduğum insanlar da bu qrupa qoşulur. Azərbaycanın faciəsi bundan başlayır. Bu qrup çoxluq olsa belə, formaldır”.


Sabir Rüstəmxanlı: “Bir sıra insan haqları təşkilatları dövlətimizin maraqlarını ayaq altına atmaqla məşğuldurlar”


VHP sədri, deputat Sabir Rüstəmxanlı da dövlət maraqlarının daim öndə olduğunu vurğuladı: “Azərbaycandan kənarda dövlət maraqlarının öndə olduğu yerdə iqtidar-müxalifət söhbəti yoxdur. Azərbaycan milli maraqları yüksəkdədir. İqtidar və müxalifət nümayəndələri əgər vətəndaşdılarsa, millətin, dövlətin qeyrətini çəkirlərsə, milli mövqedən çıxış etməlidirlər. Hazırda bir sıra insan haqları adı altında qurumlar yaranıb. Dövlətimizin maraqlarını ayaq altına atmaqla məşğuldurlar. 

Azərbaycan beynəlxalq aləmdə nə qədər tənqid olunsa, bunların mövqeyi o qədər möhkəmlənəcək. Hətta Azərbaycana qarşı müxtəlif sanksiyaların olmasına belə razıdırlar. Belə hadisələrdə başqa yol yoxdur. Dövlət maraqları nəzərə alınmalıdır. Xüsusilə beynəlxalq təşkilatlarda. Özümə gəlincə isə, daxilimizdə insanların haqqını qorumalıyıq. Həbs olunmalarını pisləməliyik. Hər birinin müdafiəsinə qalxmalıyıq. İnsan haqları adı altında erməni dəyirmanına su tökənlərə qarşı hamımız çıxış etməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur”.


Zahid Oruc: “Erməniçilik düşüncə tərzidir. Bu hadisəyə dəstək verənlər açıq şəkildə erməniçiliyin daşıyıcılarıdır”


Deputat Zahid Oruc bildirdi ki, bir qrup adam Batumidəki tədbirdə baş verən qalmaqalın  mahiyyətindən ictimai fikri yayındırıb diqqətləri Rauf Arifoğlunun üzərinə fokuslaşdırmağa çalışır: “Rauf bəy bir qəzetçi kimi orada baş verənlərə işıq salıb. Batumi qalmaqalı barədə Azərbaycan ictimaiyyəti ilk olaraq məhz onun hazırladığı reportajlardan xəbər tutub. Buna görə bir qəzetçinin qınanması, söyülməsi demokratiya ilə ziddiyyət təşkil edən davranışdır. Əslində qalsa, vətəndaşlıq mövqeyi olan media təmsilçilərimiz belə stuasiyalarda daha doğru addım atırlar. Onlar yaxşı anlayırlar ki, belə anlarda azərbaycanlılara məxsus olan mövqe ortaya qoymaq lazımdır. Hesab edirəm ki, Rauf Arifoğlu və nümayəndə heyətinin, bəzi QHT təmsilçilərinin tədbirdə Azərbaycana qarşı aparılan kampaniyaya qarşı mövqeləri yerində və düzgün idi. Onların planlarının ifşa olunması baxımından əlamətdar idi. Çexiya təşkilatının planı əvvəlcədən müəyyənləşdirilmişdi. Onlara dəstək verən bəzi qüvvələr aldıqları vəsaitləri doğruldurlar. Rauf bəyə və digərlərinə qarşı olan davranışın iki səbəbi var. Birincisi, bu şəxslər göstərirlər ki, Azərbaycana qarşı olan kampaniyanın içərisindədilər. Bundan paraları çıxır. İkincisi, isə bu kampaniyanı təşkil edənlər bunu insanlıq davası kimi aparmırlar. İnsan haqları geosiyasi alətə çevrilib. Rauf bəyin və digərlərinin belə vəziyyətlə üzləşməsi düşünürəm ki, ölkəmizin siyasi mühitini şəffaflaşdıracaq. Kimlik məsələlərini daha dəqiq görməyə imkan verəcək”.

Deputat bəzi mətbuat orqanlarının bu hadisədəki mövqeyini də sərt tənqid etdi: “Bəzi jurnalistlərin məlum mövqeləri onları cəmiyyətə bir daha tanıdacaq. Mənə görə erməniçilik milli mənsubiyyət məsələsi deyil. Düşünürəm ki, onlar soyadlarına görə bu mənsubiyyəti daşıyırlar. Erməniçilik düşüncə tərzidir. Bu hadisəyə dəstək verənlər açıq şəkildə erməniçiliyin daşıyıcılarıdır. Bu nə qədər sərt səslənsə də, belədir. Onlara qarşı dirəniş göstərənlər dövlətçiliyimizin maraqlarını qoruyanlardır. İndiyə qədər hakimiyyətin siyasətini bu insanların sərt şəkildə tənqid etdiyini görmüşük. Onlara qarşı cavabımız da olub. Amma bu məsələdə haqlı olduqlarını demək lazımdır. İndiyə qədər çox tədbirlərdə olmuşam. Görməmişəm ki, erməni siyasi nümayəndələri iqtidarla olan davalarını siyasi müstəviyə çıxarsınlar”.


Fazil Mustafa: “İndiyədək görməmişəm ki, hansısa xarici nümayəndə Qarabağla bağlı müsbət mövqe nümayiş etdirsin”


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Batumi toplantısında baş verənlərə münasibət bildirib: “Beynəlxalq təşkilatlarda ölkəmizin marağının qorunması vacibdir. Siyasi məhbusları bəhanə edərək, Azərbaycana qarşı aparılan kampaniyaya qarşı çıxan Azərbaycan nümayəndə heyətinin əksər üzvünün davranışı normal bir vətəndaş mövqeyidir. Bu məsələdə onlara dəstək vermək lazımdır. Beynəlxalq aləmdə Azərbaycana qarşı aparılan siyasətin əngəllənməsinə hamımız çalışmalıyıq. İndiyə qədər xaricdə çox tədbirlərdə olmuşam. Görməmişəm ki, hansısa gürcü, yaxud xarici nümayəndə Qarabağla bağlı müsbət mövqe nümayiş etdirsin. Batumidə baş verən qalmaqalda da həm Rauf bəyin, həm də digərlərinin mövqeyi haqlıdır. Orada buna mütləq etiraz səsi qaldırılmalıydı. Bütün hallarda Azərbaycanın qınaq obyektinə çevrilməsi doğru deyil. Burada söhbət iqtidar və müxalifətin mövqeyindən getmir. Azərbaycanın marağından söhbət gedir. Hansısa cinahda olmağın fərqi yoxdur”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR