İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Astanada kritik Suriya danışıqları başlayır

981 23.01.2017 08:15 Siyasət A A

Bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqları başlayır. Qazaxıstan XİN-in məlumatına görə, danışıqlar qapalı olacaq və 1 sutka davam edəcək. Toplantının əsas tərəfləri Rusiya, Türkiyə və İrandır. Rəsmi toplantıdan əvvəl 3 ölkənin ekspertləri səviyyəsində müzakirələr aparılıb. 

Astana toplantısının təminatçı ölkələri Rusiya, Türkiyə və İrandır. Toplantıda əsas razılaşma məhz bu 3 ölkənin əvvəlcə öz aralarında, daha sonra isə Suriyada savaşan tərəflər və eyni zamanda onları dəstəkləyən dövlətlər tərəfindən qəbul olunmalıdır. Yeri gəlmişkən, Suriya münaqişəsinin əsas oyunçularından olan ABŞ Astanada heyətlə təmsil olunmayacaq. Ankaranın tələbi ilə təşkilatçılar Vaşinqtona dəvət göndərsələr də, hakimiyyət təhvil-təslim prosesi və eləcə də təşkilatçı olaraq ABŞ-ın olmaması səbəbindən görünür Vaşinqton qatılmayıb. Astana görüşündə ABŞ-ı Qazaxıstandakı səfir Corc Krol təmsil edəcək. Dövlət Departamentinin müvəqqəti sözçüsü Mark Toner bunun səbəbinin prezident hakimiyyətinin təhvil-təslim prosesi ilə izah edib.

Qeyd edək ki, münaqişənin ilk vaxtlarında Qərb və ərəb ölkələrinin birləşdiyi koalisiya da olub və uzun müddət Rusiya ilə düşmən cəbhədə yer alıb. Ancaq son bir ildə münasibətlər yumşalıb və Türkiyə Suriyada müharibənin bitməsi üçün Rusiya ilə əməkdaşlığa başlayıb. Xüsusən də Hələbdə mühasirədə qalan əhalinin xilas edilməsi mövzusunda Rusiya və Türkiyə arasında anlaşma əldə olunub. Daha sonra isə xarici işlər nazirləri səviyyəsində Suriyada atəşkəsin əldə olunması razılaşması imzalanıb. Və sülh danışıqlarının başlanması razılaşdırılıb. 

Məlum olduğu kimi, Türkiyə Suriya ilə 900 km uzunluğunda sərhədə malikdir, münaqişənin ilk günlərindən Türkiyə müxalif qruplara hər cür dəstəyi verib və bu səbəbdən də Ankaranın bu qrupların bir çoxu üzərində ciddi təsiri var. Məhz bu təsirdən istifadə edərək Ankara müxalifləri danışıqlara razı salmaq, ortaq bir anlaşmanın əldə olunması üçün ciddi addım ata bilər. 

Astana danışıqları prinsip olaraq BMT-nin Suriya münaqişəsinin həlli ilə bağlı başlatdığı Cenevrə danışıqları prosesinin bir mərhələsi kimi keçirilir. Münaqişədə əsas oyunçuların alacağı qərar bütünlükdə prosesə təsir edəcək. Proses isə ümumi olaraq xeyli sadədir. Belə ki, ilk növbədə Suriyada atəşkəs elan olunur, ardınca müxalif siyasi qruplarla radikal islamçı terror qruplarını ayırmaq və onlara qarşı mübarizəyə başlamaq. Danışıqlarda isə Suriyada keçid hakimiyyətinin qurulması, ümumi siyasi qüvvələrin təmsil olunduğu keçid hökumətinin formalaşdırılması, yeni konstitusiyanın və seçkilərin keçirilməsi kimi mərhələli proses gəlir. Ancaq indi əsas məsələ davamlı atəşkəsə nail olmaq və terrorçu qruplara qarşı birgə mübarizədir - və buna paralel olaraq danışıqların davam etməsi. Artıq atəşkəs mövcuddur, eyni zamanda Rusiya və Türkiyə artıq terrorçulara qarşı birgə əməliyyatlar, hava zərbələri həyata keçirir. 

Bu prosesin siyasi razılaşmasının hansı şəkildə olması isə mübahisəlidir. Çünki Suriya prezidenti Yaponiya televiziyasına müsahibəsində deyib ki, Suriya konstitusiyasında “keçid hökuməti” ifadəsi yoxdur, Bəşər Əsəd deyib ki, yalnız fərqli siyasi partiya və qruplardan təşkil olunan bir hökumət qurmaq olar. Eyni zamanda bildirib ki, Suriyanın daxilində və xaricdə olan bütün siyasi qruplarla danışıq və müzakirələrə hazırdır. Ancaq o hansısa anlaşmaların deyil, seçkilərlə hökumətin formalaşdırılmasına tərəfdar olduqlarını bildirib. Bununla da o, hakimiyyətdən yalnız seçkilərdə uduzduqdan sonra gedə biləcəyini söyləyib.

Astanada Suriya hökuməti ilə yanaşı, müxalif qrupların da təmsilçiləri danışıqlara qatılacaq. Hələlik Suriya ilə bağlı hansı formada anlaşmaya nail olunacağı bəlli olmasa da, prosesin özünün başlanması və Türkiyənin müxaliflərin əsas himayəçisi olaraq çıxış etməsi hansısa ortaq anlaşmanın mümkün olacağına ümidlər yaradır. Lakin Türkiyədən başqa ABŞ və ərəb ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanı və Qatar kimi ölkələrin hansı mövqedə olacaqları, Astana prosesini hara qədər dəstəkləyəcəkləri və ya ən azından mane olmayacaqları bəlli deyil. Prosesin ən düyünlü yeri də məhz budur. Çünki Suriyadakı silahlı qrupların hər biri bir və ya bir neçə ölkənin təsiri altındadır. 

Kənan RÖVŞƏNOĞLU


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR