İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan didərgin salınan jurnalistlə Parisdə görüş

4914 30.04.2015 19:07 Siyasət A A

Parisdə son axşamdır. İki gündə şəhəri saatlarla piyada gəzdiyim üçün ayaqlarım “nəğməsi” qulaqlarımda səslənir. Sabah tezdən də Bakıya yarım gün çəkən yolçuluq var. Ancaq bu şəhərdə saat 8-dən otelə qapanmaq günahdı. Aqilin “Gəlirik. 9-da otelin qarşısında olacağıq” mesajının sevinci yorğunluğu unutdurur. 11 ay sonra “Azadlıq” qəzetinin keçmiş müxbiri, yazdığı yazılara görə, bıçaqlanan, şərlənib həbs olunan, “Sərhədsiz reportyorlar”ın bu ölkənin cəngindən qurtardığı Aqil Xəlillə yenə görüşəcəyik. 

Bu dəfə xanımı ilə gəlir. Səidə xanımla Aqilin yolları elə Parisdə kəsişib – Sarbonda, “Sərhədsiz Reportyorlar”da. Bakı Dövlət Universitetində, Moskva Dövlət Universitetində jurnalistika öyrənən, ardınca Sarbon Universitetində ictimai elmlər üzrə magistrlik dərəcəsi alan Səidə Hüseynova Azərbaycanın Avropadakı ən parlaq karyera quran gənclərindəndir. İndi Jurnalistlər Evində işləyir. Bu haqda bir qədər sonra...

Aqil-Səidə cütlüyü ilə xoş-beş-onbeşdən sonra hara gedəcəyimizi müzakirə edirik. Fransızların qanı qurumamış ətlərindənsə – fransızlar əti “bir az” qanlı yeyir -, farsların “ifasında” hindi yeməyi qərar alırıq. “Şərq ulduzu” restoranı 1979-cu ildə Rza şah devriləndən sonra ölkəni təcili tərk edən zəngin bir fars ailəsinindir. Bu məhəllədə İrandan çox ailə yaşayır. Parisdə rahatdırlar. Dəbdəbəli yaşam sevgisini fransızlarla farsların ortaq özəlliyi saymaq olar. Restoranda müştərilərin çoxu fransızlardır. Masalar İran mətbəxinin təamları – çeşid-çeşid plovlar, kabablar, şərablar, şirniyyatlarla bəzənib. Qonşu masadakı gül şərbətinin qoxusu yad bir məmləkətdə doğma bir ortam yaradır. 

“Kaderde” Parisdə fisincanplov yemək də varmış... İran düyüsünün məstedici ətrinin “müşayiəti” ilə sevimli cütlüklə söhbətə başlayırıq.



“Necə gedir Paris həyatı? Məmnunsuz?”

Aqil: - Yaxşıyıq, alışırıq, çalışırıq, işləyirik...

Onun yazılarına görə 2 qardaşını öldürüblər, bacısının qolunu kəsiblər. 17 gün piyada gələrək Türkiyəyə keçib, ordan da Fransaya sığınıb”



“Səidə, Aqilin başı Azərbaycanda çox şey çəkdi. Doğmalarını çıxsaq, vətən üçün darıxmaq səbəbini tapa bilmirəm. Bəs, sizdə necədi? Azərbaycanın nəyi üçünsə darıxırsanmı?”

 Səidə: - Tələbə ikən Parisə gəldim və buranı sevdim. Biliriz, mən işimə konsentrə olunan insanam. Aqil yanımdadı, valideynlərim gəlir, iş həyatım çox qaynardı, çoxlu dostlarımız var, ona görə xüsusi bir özləmim yoxdu. Rahatam”.

“Bir dönəm “Sərhədsiz Reportyorlar”a daha çox postsovet ölkələrindən, elə Azərbaycanda da nə qədər jurnalist Avropada sığınacaq üçün müraciət etdi. İndi daha çox hansı ölkələrdən müraciətlər olur?”

Səidə: “Ərəb ölkələrindən. Ərəb baharından sonra başlanan iç savaşlara görə jurnalistlər nə qədər basqılar yaşayıb. İndi bizim sığınacaqda Suriyadan – Hələbdən bir qəzetçi var.  Nələr yaşayıb, nə təhdidlər, nə işgəncələr görüb, danışanda insanın qanı donur. Onun yazılarına görə 2 qardaşını öldürüblər, bacısının qolunu kəsiblər. 17 gün piyada gələrək Türkiyəyə keçib, ordan da Fransaya sığınıb. Ata-anası Suriyada qalıb. Hər gün ölüm xəbəri almağa hazırlayır özünü. Valideynlərini soruşanda deyir, bu gün danışdım, hələlik  ölüm-itim yoxdu. “Sərhəsiz Reportyorlar”a onun kimi nə qədər qəzetçi müraciət edir. Onlara kömək etməyə çalışırıq”.

Aqil davam edir: “Mənim Azərbaycanda başıma gəlməyən qalmadı. Ancaq bu sığınacaqda elə insan taleləri ilə qarşılaşırıq, bəzən deyirəm, mən nə yaşamışam ki?.. İşgəncə görən nə qədər insan burda vəfat edib. Qanunlar işləməyən ölkələrdə qəzetçinin günü qaradır”.

Azərbaycanda başıma gəlməyən qalmadı. Ancaq bu sığınacaqda elə insan taleləri ilə qarşılaşırıq, bəzən deyirəm, mən nə yaşamışam ki?..”



“Bəs, qanunlar işləyən ölkədə, məsələn, Fransada?”

Aqil: - Fransada qəzetçilik çox nüfuzlu peşədir. Fransa cəmiyyəti mediaya, azad sözə cəmiyyətin inkişafı üçün vacib faktor kimi baxır. Hər hansı basqıdan, senzuradan söhbət gedə bilməz. Qəzetçilər burda orta təbəqədir. Stajlı, yüksək təminatı olan qəzetçilər var. Onlar cəmiyyətə siyasi xadimlər qədər təsir edə bilir. Yeni başlayanlar, artıq imzasını yavaş-yavaş təsdiq edənlər üçün bir neçə yerdə işləyib normal qazanmaq şansı da var.

“Ancaq Fransız qəzetlərində azadlıq dozasının aşıb-daşdığını düşünən kəsim də var. “Çarli Hebdo” nümunəsi terrora səbəb oldu. Bunda sonra çevrənizdəki insanların müsəlmanlara, konkret sizə münasibətində dəyişiklik hiss eləyirsizmi?”

Səidə: “Biz də o mitinqdə idik. Dünya liderləri, 1 milyon Parisli terrora etiraz etdi. Mitinqdə terroru pisləyən şüarlarla yanaşı nə qədər insanın əlində “Hamımız  müsəlmanıq” şüarları da vardı. Yəni insanlar anlayır ki, bütün müsəlmanlar bu düşüncədə deyil, ola bilməz. Fransada nə qədər müsəlman yaşayır. Müsəlmanlara qarşı təbliğat cəmiyyətdə ciddi qarşıdurma yaradar”.

Aqil: “Ancaq ifrat millətçilər də var. Onlar müsəlmanlara qarşı sərt çıxışlar edir. Ancaq nə iş, nə dost çevrəmizdən “Çarli Hebdo” terroruna görə xüsusi basqı, qınaq görməmişik”.

“Ümumiyyətlə fransızlar necə dostdurlar?”

Aqil: “Çox maraqlı. Onlarla istirahət, söhbət, yola çıxmaq maraqlıdır. Fərqli yaşayırlar, həyatlarını daim nələrsə öyrənməyə sərf eləyirlər, çox səyahət eləyirlər. Təbii, fransızların bizim üçün qəribə tərəfləri də var. Məsələn, səni yeməyə dəvət edən dostun öz hesabını verib, səninlə sağollaşıb gedə bilər. Baxmayaraq ki, keçən dəfə sən dəvət edəndə hesabı tək ödəmişdin. Fransaya təzə gələndə bunlar lap qəribə gəlirdi. İndi biz də bunu normal qarşılayırıq”.

Səidə: “Fransız dostlarda ən xoşuma gələn cəhət bilirsizmi nədir – insanın qərarlarını müzakirəyə çıxarıb, öz düşüncələrinə görə məsləhət vermirlər. Məsələn, insan bir qərarı haqqında danışanda Azərbaycandakı dostlar kimi, fransızlar “a, niyə? Gərək filan cür eləyəydin” deyib “ağıl öytərmirlə” Qərarın, seçimin nədirsə, onu sayğı ilə qarşılayırlar, bunu insanın haqqı kimi tanıyırlar. Bircə Aqillə nəyə görə evlənməyimizi başa düşmürlər...” (Gülür)

“Mitinqdə terroru pisləyən şüarlarla yanaşı nə qədər insanın əlində “Hamımız  müsəlmanıq” şüarları da vardı”


“Necə yəni? İki gənc insanın evlənməsindən doğal nə ola bilər ki?” 

Səidə: “Fransızlar üçün evlilik vacib deyil. 10 illərlə vətəndaş nikahında yaşayanlar var. Fransa qanunlarına görə vətəndaş nikahı ilə evliliyin o qədər də ciddi fərqi yoxdur. Mülkiyyət hüququ məsələlərini çıxsaq, bütün haqlar tanınır. Uşaq doğulanda da evlilik atadan nələr tələb edirsə, vətəndaş nikahında da tələblər, hüquqlar eynidir. Bir də vətəndaş nikahında tərəflərin qarşılıqlı məsuliyyəti daha azdır. Fransızlar ürəkləri kiminlə istəsə illərlə evlənmədən yaşayırlar, uşaqları, hətta nəvələri olur. Bəzən lap ahıl yaşlarında bir mərasim keçirib evlənirlər. O da əyləncə üçün. Bizdən soruşurdular ki, niyə evlənirsiz? Bu sizə nəyə görə lazımdır? İstədiyiniz qədər yaşayın da bir yerdə. Biz də dedik ki, bizdə belə keçərli deyil, gərək evlənək”.

Aqil: “Bəzən hansısa məclisdə dostlar bizi evli cütlük kimi təqdim edəndə çoxlarının gözü kəlləsinə çıxır. Fransada belə demək mümkünsə, evlilik yaşı 55-60-dır”.

“İnsan bir qərarı haqqında danışanda Azərbaycandakı dostlar kimi, fransızlar “a, niyə? Gərək filan cür eləyəydin” -  deyib “ağıl öytərmirlər”” 


“Baxmayın, Parisdəyik, sizə bir “azərbaycanca” sual verəcəm. Bu yaxınlarda ünlü vəkil Adil İsmayılovun Facebbokda sizin haqqınızda bir statusunu oxudum – “2030-cu il. Aqil Xəlilin oğlunun müsahibəsindən “Atam Kürdəmirdəndi misyö, anam Mollaçıdan, özüm Parijdə doğulmuşam. Sanjermendə. Sosiska ilə çay içməyi atamdan öyrənmişəm. Ona da Seymur Həzi öyrədib”. Fransada uşaqlı ailələrin yaxşı hüquqları da var. Siz bu hüquqları qazanmaq haqqında düşünmürsüz?” 

(Adil İsmayılovun statusundan xəbərləri yox idi. İkisi də möhkəm gülür)

Aqil: “Bu sualı bizə qaynanam da verib”.

“Nə dediz?”

Səidə: - Dedik ki, planımızda yoxdur. 

“Reaksiyasını təsəvvür edirəm...”

“Bizdən soruşurdular ki, niyə evlənirsiz? Bu sizə nəyə görə lazımdır? İstədiyiniz qədər yaşayın da bir yerdə” 


Səidə: “Valideynlərimizin bizi başa düşməsi bir qədər çətindir artıq. Burda həyat tam başqadır, insanların yaşayışla bağlı planları tam fərqlidir. Bir dəfə atam bizə gəlmişdi. Evdə cəmi 2 fincanımız var. Mən ona öz fincanımda çay süzdüm, mürəbbəni də elə bankada qoydum masaya. Çox təəccübləndi, dedi ki, niyə belə, stəkanınız, mürəbbə qabınız yoxdu? Dedik axı o bizə lazım deyil, niyə alaq?”

Aqil: “Ən adlı-sanlı, yüksək maaş alan insanların evini görsəz, təəccüb edərsiz. Kiçik ev, minimum əşya. Bəzilərinin dolabı belə yoxdur. Divara asılqan bərkidir, geyimləri futlyarda ordan asırlar. Sadə fransız evini təsvir edim. 30-35 kvadratmetrlik bir sahə düşünün. Künclərin birində tavanla döşəmə arasında daha bir mərtəbə yaradılır – ora çarpayı qoyurlar. Dar nərdivandan çıxan kimi elə çarpayıya çıxmalısan, bir addım da artıq yer yoxdur. Çarpayının altındakı tavan kitab şkafı, onun yanında mini-mətbəx, bir masa, 2 stol, paltar asılqanı, onun altında, səyyar ayaqqabı “evi”. Fransızların istənilən əşyanı almağa maddi imkanları olsa da əşyaya bağımlılıqları yoxdur. Pullarını təhsilə, səyahətə, şəxsi inkişafa yönəldirlər”.

Atam Kürdəmirdəndi müsyö, anam Mollaçıdan, özüm Parijdə doğulmuşam”


Səidə : “Bir dostumuz var. Evində elementar şərait yoxdur, ancaq gəzmədiyi ölkə qalmayıb. Avropa, Amerika bir yana Asiyada, Afrikada gəzmədiyi yer yoxdur. O qədər zəngin və xoşbəxt insanlardı ki”.

Aqil: “Azərbaycanda isə insanlar ömürlərini bir evi tikib qurtarmağa həsr edirlər. Bəzən heç onu başa da çatdıra bilmirlər. Yaxşı ənənələri, adətləri saxlamaqlar, dəyişmək, xoşbəxt insanlar kimi yaşamaq lazımdı”.

“Xoşbəxt olun”

Aygün Muradxanlı, Paris-Bakı



 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR