İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakıdakı taktikasını dəyişir

9266 19.12.2014 09:00 Siyasət A A

Qərb Azərbaycan parlamentində müxalifətin təmsil olunmamasından və ölkənin ali qanunvericilik orqanında  hakim partiyanın çox illik monopoliyasından  narahatdır.
Amma Azərbaycan hakimiyyəti yola salmaqda olduğumuz ildə Qərbə “əzələ” nümayiş etdirərək bir sıra QHT təmsilçilərini    “Amerikanın adamları” kimi damğalayaraq məhkəmə qarşısına çıxarıb, o cümlədən Avropa təsisatları ilə sıx əlaqələri olan hökumət tənqidçilərinin həbsini sanksiyalaşdırıb. 

Maraqlıdır ki, bu dəfə iqtidar həbslərin əsl motivini - “onların Qərblə şübhəli əlaqələri olduğunu” gizlətmədi də. Son olaraq isə Prezident Administrasiyasının rəhbəri geniş məqalə yazaraq ABŞ-ı Azərbaycanda “5-ci kolon” yaratmaqda, müxtəlif fondlar vasitəsilə ölkədə çevriliş cəhdində suçladı.


Hakimiyyət Avropa Şurası, Avropa Birliyi, eləcə də Qərb dövlətləri rəsmilərinin həbs edilənlərlə bağlı xahiş-tələblərini də gözardı etdi. Hər seçki ərəfəsi iqtidarın bu taktikadan istifadə etdiyi aydındır: bəzi tatınmış şəxslər uzun-uzadı xahiş-minnətdən sonra həbsdən azad edilir, Qərb də bu addımı alqışlayaraq azad seçki tələbini ikinci plana keçirir.                         
Diplomatik mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, 2015-ci il seçkilərinə ABŞ  xüsusi ssenari ilə hazırlaşır. Məlumdur ki,  Milli Məclisin indiki siyasi vitrinindən Qərb narazıdır. Buna görə də ABŞ  parlamentində hakim partiya ilə yanaşı, orada başqa müxalif fraksiyanın olmasını istəyir. Mövcud qanunvericiliyə görə, parlamentdə hər hansı fraksiya 25 deputatın iştirakı ilə yaradıla bilər. İndiki vəziyyətdə YAP-dan başqa heç bir siyasi qüvvənin parlamentdə fraksiya yaratmaq imkanı yoxdur. Müxalifətin 2013-cü il prezident seçkisindən sonra daha da zəiflədilməsi indilikdə fraksiya yaratmaq imkanını minimuma endirib. İndi Qərbin əsas işi müxalifətin toparlanmasını təşkil etməkdir.


ABŞ-ın yeni səfirinin üzərinə qoyulan əsas funksiya da xeyli dağınıq olan Azərbaycan müxalifətini toparlamaqdır. ABŞ-ın Azərbaycandakı səfir əvəzi Derek J.Hoqan son həftə Azərbaycan müxalifətinin iki əsas qüvvəsi - Müsavat və AXCP rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, dekabrın 23-də keçiriləcək bələdiyyə və 2015-ci il parlament seçkiləri, insan haqları, siyasi məhbuslar və ş. mövzularda fikir mübadiləsi aparılıb.


Diplomatik qaynağın “Yeni Müsavat”a verdiyi xəbərdə isə deyilir ki, Derek J. Hoqan bu görüşlərdə iki siyasi təşkilatın seçkiyə birgə qatılmasının vacibliyini vurğulayıb. Bu birlik formatında Ümid Partiyasının da ola biləcəyi barədə də məlumat var. Çünki səfir əvəzi daha sonra İqbal Ağazadə ilə də görüşüb. Qaynağımız deyib ki, Amerika bu dəfə seçkidə yumşaq taktikadan tam imtina edəcək. Belə ki, iqtidarla hər hansı məhbusla bağlı “bazarlaşma” olmayacaq. “Bu seçkilərdə Qərb birlikləri, xüsusilə də ABŞ birmənalı olaraq iqtidardan azad seçki tələb edəcək. Və bu tələb kifayət qədər inadlı və sərt səslənəcək”. Qaynağımız iddia edib ki, Amerika hakimiyyətə siyasi məhbus məsələsində təzyiq edilməsi siyasətindən imtina edir və əsas tələb seçkilərin azad və ədalətli keçirilməsi olacaq.


Mümkündür ki, Qərb iqtidarla hər seçki ilində aktuallaşan məhbus probleminin nəticəsiz olduğundan yorulub və indi əsas diqqəti parlament seçkilərinin ədalətli keçirilməsinə yönəltmək istəyir. Bu məsələdə Avropadakı müttəfiqlərinin də ABŞ-la həmfikir olduğu bildirilir.

Artıq hakimiyyətə də 2015-ci ilin parlament seçkilərinin heç də asan keçməyəcəyi və beynəlxalq birliyin şərtlərinin yerinə gətirilməyəcəyi təqdirdə özünütəcrid vəziyyətinə düşəcəyi barədə mesajlar verilib. Mənbəmiz  iqtidarın Qərbə qarşı son günlər artan qəzəbinin səbəbləri sırasında bu mesajın da olduğunu iddia edir. “Hakimiyyət hər seçkidə bu cür taktika ilə Qərbin təzyiqlərini önləyə bilirdi. İndi əsas diqqətin seçkiyə yönəldilməsi iqtidarın planlarına qarşıdır. Bu səbəbdən də 2015-ci ildə də Amerika və Avropa ilə münasibətlərin daha da gərginləşəcəyi gözləniləndir” deyə, qaynağımız bildirib.

Qeyd edək ki, görüşün təfərrüatları barədə nə Arif Hacılı, nə İqbal Ağazadə müxbirimizə danışmaq istəməyiblər. 

Xəbər xidməti


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR