İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycanla münasibətləri düzəldir

1116 20.11.2015 08:20 Siyasət A A

İki gündür ABŞ-ın böyük bir nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə ABŞ-ın Baxter, Bloomberg LP, Capstone Turbine, Dow, Honeywell, Globalise, Langan, Miyamoto International, Osisoft, P&G, Thomson Reuters, Turner International, Wayback’s Burgers, WSP/Parsons Brinkherhoff kimi şirkətlərin prezidentləri və ya təmsilçiləri daxildir.

ABŞ Ticarət Departamentinin rəsmilərinin də daxil olduğu nümayəndə heyətinin Azərbaycanda biznes və hökumət qurumları ilə biznes imkanlarını araşdırmaq və genişləndirmək məqsədilə gəldiyi açıqlanıb. 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, Azərbaycan Amerika biznesmenləri üçün çox mühüm ticarət partnyorudur. 

ABŞ Ticarət Departamenti katibinin köməkçi müavini Maykl Lalli qeyd edib ki, bu ticarət missiyasının məqsədi yeni böyük ixrac imkanlarına qapı açmaq və Azərbaycana yeni investisiyalar cəlb etməkdir ki, bu da iki ölkənin iqtisadiyyatları arasında sıx olan münasibətləri daha da inkişaf etdirəcək.

Maykl Lalli Azərbaycanla Amerika arasında iqtisadi əlaqələrindən danışarkən deyib ki, 2014-cü ildə ABŞ-Azərbaycan arasındakı ticarət dövriyyəsi 2 milyard dollar həcmindədir. Daha çox aviasiya, peyk və digər sahələr üzrə əməkdaşlıq edilib.

Maykl Lalli qeyd edib ki, iki ölkə arasında iqtisadiyyat sferasında çox vacib potensial mövcuddur. Onun sözlərinə görə, təmsil etdiyi qurum bu potensialı genişləndirmək, dərinləşdirmək niyyətindədir: “ABŞ-Azərbaycan tərəfdaşlığı həqiqətən öz uğuru ilə seçilir. Azərbaycan və ABŞ arasında olan iqtisadi münasibətlərin həm dərinləşməsinə, həm də genişlənməsinə təkan verən bir missiyanın rəhbəriyəm. Missiyanın iki əsas məqsədi var. Birincisi ondan ibarətdir ki, iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində çox vacib potensial var. Missiyamız bu potensialı genişləndirməyə səy göstərir. İkincisi, ABŞ şirkətləri Azərbaycanda tərəfdaş tapmağa və azərbaycanlılarla birlikdə işləyərək həm Azərbaycanda, həm də ABŞ-da biznes qurub yeni iş yerləri yaratmağa çalışırlar. Bu missiya son 7 ildə ABŞ Ticarət Departamentindən olan ən yüksək səviyyəli səfərdir. Bizim heyət 100-ə yaxın görüşlər keçirəcək. Bu görüşlərdə gələcək hədəflər müəyyən ediləcək ki, 2016-cı ildə daha böyük nümayəndə heyəti ilə gələ bilək”.

ABŞ-dan son 7 ildə ilk dəfə Azərbaycana belə bir böyük tərkibdə iş adamlarından ibarət nümayəndə heyətinin gəlişi son dövrlər Azərbaycan-ABŞ münasibətlərindəki soyuqluğun aradan qalxmaqda olduğu mənzərəsini yaradır. Belə görünür ki, ABŞ Azərbaycanla münasibətlərin daha soyuqlaşmasından, münasibətlərin qırılmasından sanki ehtiyat edir. 

Bu mövzuda “Yeni Müsavat”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, müstəqillik qazandıqdan bəri ABŞ Azərbaycanla üç istiqamətdə-enerji, təhlükəsizlik və insan haqları sahəsində əməkdaşlıq edir . Üçüncü istiqamətdə son illərdə münasibətlərdə gərginlik yaşanır: “Azərbaycan hakimiyyəti Amerikanın Azərbaycandakı demək olar ki, bütün fond və mərkəzlərini qapatdı. Bu da münasibətlərdə gərginlik yaratdı. Gərginliyi bir az da artıran ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın AzadlıqRadiosuna verdiyi müsahibədə ”Ukraynadakı Maydan hadisələri Azərbaycanda təkrarlana bilər" fikri oldu. 

Azərbaycan hakimiyyəti ABŞ-ın demokratiya və insan haqları məsələsində ölkəmizin daxili işlərinə qarışmasını istəməsə də digər iki istiqamətdə əməkdaşlıq əvvəlki tempdə davam edib. Enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq dayanmayıb. TAP və TANAP-ın reallaşmasında Azərbaycan ən böyük dəstəyi Amerikadan görüb. Amerikanın Avropa ölkələrindəki səfirləri o ölkələrin hakimiyyətləri ilə danışıqlar aparırlar ki, həmin ölkələr Rusiyadan çox Azərbaycan qazına üstünlük versin. 


Bu, enerji əməkdaşlığının ölçüsünü göstərir. Əsas da dövlət başçısı İlham Əliyevin Antalyada keçirilən G-20 sammitindəki çıxışına diqqət edək. İlham Əliyev Barak Obamaya minnətdarlıq etdi və dedi ki, əgər 1990-cı illərin ortalarında ABŞ-ın Bakıya dəstəyi olmasaydı, Azərbaycan böyük layihələri reallaşdıra bilməzdi. Söhbət 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndən və Bakı-Tiflis-Ceyhan layihəsindən gedir ki, Amerika da bu layihələrdə bizə çox böyük siyasi dəstək verdi. Azərbaycana Rusiyadan böyük təzyiqlər var idi. Bu təzyiqləri məhz ABŞ neytrallaşdırdı. İlham Əliyev bunu mötəbər tribunadan bir daha xatırlatmaqla Amerikaya təşəkkürünü bildirdi. Həmin sammitdə Rusiya prezidenti də iştirak edirdi. Azərbaycan prezidenti çıxışı zamanı bircə dəfə də olsun bu məsələlərdə Rusiyaya minnətdar olduğunu bildirmədi. Çünki bu məsələlərdə Rusiya bizə dəstək olmayıb, əksinə, mane olmağa çalışırdı. Ona görə də hətta İlham Əliyev də Amerikanın Azərbaycana dəstək verdiyini etiraf etmiş oldu. Bunun ardınca da ABŞ-dan Azərbaycana ciddi bir nümayəndə heyəti gəlib. Azərbaycan ABŞ üçün çox vacib ölkədir. Azərbaycan bölgənin lider ölkəsidir və antiterror koalisiyasında illərdir iştirak edir. Mümkündür ki, yaxın vaxtlarda Amerika anti-İŞİD koalisiyasının da yaradılmasına başlasın və ABŞ-a bu koalisiyada daha çox müsəlman ölkəsinin də yer alması vacibdir. Düşünürəm ki, Bakı ilə Vaşinqton arasında bu istiqamətdə də danışıqlar gedəcək. Vaşinqton istəyəcək ki, Azərbaycan anti-İŞİD koalisiyasında yer alsın".

E.Şahinoğlunun sözlərinə görə, iki gündür Azərbaycanda olan ABŞ nümayəndə heyəti əsasən böyük biznesmenlerdən ibarət olsa da, bu səfərin özünün həm də siyasi əhəmiyyəti var: “Enerji-iqtisadiyyat, təhlükəsizlik sahələrində əməkdaşlıq davam edir. Nümayəndə heyətinin səfəri də bunu təsdiq edir. Vaşinqton Azərbaycanın dəyərini anlayaraq onunla əməkdaşlıqda maraqlıdır. Diqqət edirsinizsə, ABŞ-ın yeni səfiri Robert Sekuta fəaliyyətə başlayandan indiyə qədər bircə dəfə də olsun insan haqları və demokratiya mövzusunda hər hansı çıxış etməyib. Çünki bilir ki, bu mövzuya Azərbaycan hakimiyyəti çox həssasdır. Ona görə də bu mövzulardan yan keçərək enerji, iqtisadi, hərbi əməkdaşlıqdan danışır ki, bunda Azərbaycan hakimiyyəti də maraqlıdır”.

Ekspert onu da vurğuladı ki, ABŞ Azərbaycanın Rusiyanın nəzarəti altına düşməməsinə çalışır. Demokratiya və insan haqları məsələsində münasibətlər soyuq olsa da digər istiqamətlərdə münasibətləri sıxlaşdırmaqla Azərbaycanı Rusiyaya bağlanmaqdan mümkün qədər uzaqlaşdırmaq istəyirlər: “Nə ABŞ, nə də Avropa Birliyi Azərbaycanın Rusiyanın caynağına keçməsində maraqlıdır. Rusiya Azərbaycanı da Avrasiya İqtisadi Birliyində görmək istəyir. Amma nə vaxta qədər ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur, Azərbaycanın torpaqları işğal altındadır, Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olmayacaq. Rusiya Ermənistana təzyiq edib işğal altındakı rayonların boşaldılmasına nail olsa, ABŞ istəməsə belə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü də mümkündür”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR