İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Azərbaycan savaşı – kritik dönəm başladı

12081 04.12.2014 09:00 Siyasət A A

Son vaxtlar Azərbaycan - ABŞ diplomatik əlaqələrinin mövcud olduğu 22 il ərzindəki ikitərəfli münasibətlərdə ən gərgin mərhələ  yaşanmaqdadır. Vaşinqtondan rəsmi Bakıya ünvanlanmış sərt tənqidlərə Azərbaycan hakimiyyətinin dərhal və daha sərt dildə cavab verməsi iki dövlət arasında “soyuq müharibə”nin hökm sürdüyü qənaətini yaradır.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin  dekabrın 1-də  keçirdiyi ənənəvi brifinqində “Biz Azərbaycan hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq. Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə və onlara öz baxışlarını ifadə etmək imkanı yaratmağa çağırırıq” bəyanatını səsləndirməsi rəsmi Bakını anti-Amerika bəyanatlarında tonu artırmağa sövq edib. Görünən budur ki, adətən daha ehtiyatlı və təmkinli qaydada ABŞ diplomatlarının fikirlərini təkzib etməyə çalışan Azərbaycan rəsmiləri artıq “hücum diplomatiyası”na start verib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin xanım Psakinin bəyanatına cavabında ABŞ-ı Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham etməsi də bunun əyani sübutudur. XİN sözçüsünün dediyinə görə, ABŞ Dövlət Departamentinin nümayəndəsinin Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində səsləndirdiyi fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək, təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir.


Bunun ardınca Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov Birləşmiş Ştatların özündə söz azadlığı sahəsində də böyük problemlərin olduğunu bəyan etdi. A.Qasımov dedi ki, C.Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində baş verən proseslərlə bağlı qeyri-peşəkar, doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə müşayiət olunan çıxışlar edir. Mətbuat katibi də olduqca sərt şəkildə C.Psakiyə öz ölkəsindəki problemlərə diqqət yetirməyə çağırıb: “Guya Azərbaycanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət olunmaması ilə bağlı qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirlər söyləməkdənsə, ona məsləhət görərdim ki, öz ölkəsində insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarına diqqət yetirsin”. 


XİN və PA-dan gələn sərt bəyanatların ardınca Azərbaycan hakimiyyətinin mühüm fiqurlarından biri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli daha kəskin notlarla Cen Psakinin son bəyanatına cavab verib. Ə.Hüseynli APA-ya açıqlamasında deyib ki, C.Psakinin son  bəyanatı heç də təəccüb doğurmur:
 “Ümumiyyətlə, Dövlət Departamentinin son dövrlər Azərbaycanın işğal olunmuş ərazisində ermənilər tərəfindən həyata keçirilən provokasiyalarla bağlı tutduqları mövqe onların əsl simasını üzə çıxarır. Azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən işgəncələr, qondarma məhkəmə prosesi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi təlimlər və provokasiyalar etməsinə münasibət bildirmək əvəzinə, Azərbaycan hökumətinə qarşı əsassız ittihamlar söyləyir. Əslində ABŞ Dövlət Departamenti Azərbaycan hökumətindən yox, biz ABŞ hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən narahatıq. ABŞ öz xalqına qarşı polis zorakılığına son qoymalı, irqi və milli dözümsüzlük hallarına qarşı tədbirlər görməlidir. Beynəlxalq aləmdə isə ABŞ son dövrlər terrorizmə qarşı mübarizə aparan ölkədən terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir”. Komitə sədri həmçinin bildirib ki, bugünlərdə səfirliyin müraciəti əsasında MM-in Hüquq komitəsinin sədri kimi ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirib və görüşdə o cümlədən QHT-lərlə bağlı qanuna əlavə edilmiş son dəyişikliklər müzakirə edilib: “Bu dəyişikliklərin milli QHT-lərin donorlar tərəfindən maliyyələşdirilməsinin şəffaflığı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Görüş zamanı həmçinin səfirlik nümayəndələrinə Azərbaycanla bağlı məsələlərdə amerikalılara yeni, daha yaxşı eynəkdən istifadə etməyi məsləhət bildim”. 


Diqqətçəkən odur ki, Ə.Hüseynlinin sərt açıqlaması məhz Derek Hoqanla görüşdən sonraya təsadüf edir. Bu açıqlama sözügedən görüşün hansı ovqatda keçdiyi barədə qənaətə gəlmək üçün də bəs edir. Əlavə  edək ki, bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının  Derek Hoqanı qəbul etdiyi barədə rəsmi məlumat yayılsa da, detallar açıqlanmadı.

Milli Məclisin son iclasında Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanda insan haqlarının vəziyyətini tənqid etməsinə cavab olaraq sərt bəyanatlar səsləndirilmişdi. Spiker Oqtay Əsədov artıq bu kimi tənqidlərin birmənalı olaraq cavabının verilməsinə çağırış edərək “Biz necə münasibət görürük, elə də münasibət bəsləməliyik” demişdi. Görünən budur ki, rəsmi Bakı prinsiplərinə sadiqdir və xarici təzyiqi heç cür qəbul etməmək, “atəş nöqtəsini” dərhal susdurmaqda israrlıdır.


Qeyd edək ki, Azərbaycan terrorla mübarizədə ABŞ-la 2000-ci illərin əvvəllərindən əməkdaşlıq edir. Adətən iki ölkənin münasibətlərindən danışarkən antiterror koalisiyasında birgə iştirak önə çəkilirdi. Hazırda da Azərbaycanın Əfqanıstandakı antiterror koalisiyasında bölüyü var. Ancaq artıq Azərbaycandan Amerikaya ünvanlı bəyanatlarda ABŞ-ın terrorizmə qarşı mübarizə aparan ölkədən terrorizmi dəstəkləyən ölkəyə çevrildiyi açıq şəkildə deyilirsə, deməli, iki ölkənin bu sahədə əməkdaşlığının perspektivləri də sual doğurur.  Görünən odur ki, artıq ABŞ-Azərbaycan münasibətləri “soyuq müharibə” mərhələsinə adlayıb.

"Əslində iki ölkə arasında nə baş verir" sualının cavabında politoloq Zəfər Quliyev qeyd edir ki, Azərbaycanla ABŞ arasındakı bu gərginliyin əsas səbəbi heç də insan haqlarının durumu deyil: “Əsas səbəb Vaşinqton üçün Azərbaycanın geosiyasi baxımdan mövqeyinin aydın olmamasıdır. Vaşinqton çox narahatdır ki, Azərbaycan Qərbə doğru inteqrasiya xəttindən imtina edir və Moskvanın təzyiqi nəticəsində Rusiya ilə yaxınlaşır. Yəni insan haqları, korrupsiya kimi arqumentlər çox vaxt Qərbin əlində Azərbaycana qarşı təzyiq üçün sadəcə vasitə rolunu oynayır. Azərbaycan əvvəlki kimi bütün sahələrdə Qərbin istədiyi xətti tutsaydı, mən əminəm ki, bu təzyiqlər dərhal gündəmdən çıxa bilərdi”.
Deməli, bir müddət öncə Milli Məclisin komitə sədri Səməd Seyidovun ABŞ-a səfəri iki ölkə arasında “buzları” əritmək üçün yetərli olmayıb və  hakimiyyət Avropanın müxtəlif qurumlarının ardınca ABŞ-dan da təpkilər görməkdədir.


Yeri gəlmişkən, dekabrın 4-də ABŞ Senatının Xarici əlaqələr üzrə komitəsi Robert Cekutanın Azərbaycanda yeni səfir postuna namizədliyini müzakirə edəcək. Münasibətlərdəki gərginlik ocağının məhz belə bir ərəfədə alovlanması da diqqətçəkəndir. Bu mənada bəzi mənbələr hesab edir ki, gərginliyin pik həddə çatması ABŞ-ın Bakıya səfir göndərməsini əngəlləməyə də xidmət edə bilər. ABŞ-ın Azərbaycandakı səfirliyi avqustun 1-dən etibarən səfirsiz qalıb. Ötən illərin təcrübəsində də səfir təyinatlarının aylardan sonra reallaşdığını görmüşük. Bu dəfə prezident Barak Obamanın namizədinin xüsusilə indiki münasibətlər sistemi fonunda asanlıqla təsdiqlənəcəyi də az inandırıcı görünür. Üstəlik, erməni lobbisi də bütün gücü ilə ABŞ-Azərbaycan münasibətlərini pozmaq istiqamətində çalışır. 

Belə bir mərhələdə Azərbaycanla ABŞ arasındakı diplomatik savaşın nə ilə bitəcəyini isə zaman göstərəcək.

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR