İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədən qaçmaların arxasındakı böyük sirr

15498 23.09.2014 09:00 Siyasət A A

Azərbaycandan Avropaya yeni miqrant axını başlayıb. Bu barədə redaksiyamıza diplomatik mənbələrdən məlumat daxil olub. Həmin məlumata görə, bu axının miqyası 2003-2005-ci illərlə müqayisə oluna bilər. Mənbə iddia edir ki, mühacir statusu almaq istəyənlərin əksəriyyəti QHT sektorunda çalışanlar, müxalifət partiyalarının fəalları, onların ailə üzvləri və bəzi jurnalistlərdir. 

“Xüsusilə Azərbaycanda QHT sektorunda həbslərdən sonra mühacir statusu üçün müraciət edənlərin sayı kəskin artıb. Onlar əsasən Gürcüstan və Türkiyədən keçməklə Avropaya-İsveç və İsveçrəyə daha çox üstünlük təşkil edir-gəlirlər. Bir çox tanınmış və ölkə həyatındakı ictimai proseslərdə fəal iştirak edən QHT rəhbərləri çoxdandır ki, Azərbaycandan sözün birbaşa mənasında qaçıblar. Onlar ən müxtəlif ölkələrdə gizləniblər və Azərbaycanla yalnız xüsusi hallarda və ən yaxınları vasitəsilə əlaqə saxlayırlar. Bir sıra QHT təmsilçiləri isə o dərəcədə konspirativ davranırlar ki, onların hətta ailə üzvləri də harada olduqlarını bilmirlər. 

Mənbəmiz deyir ki, Avropada bu adamları başa düşürlər: “Qərb institutlarını Azərbaycanda təmsil edənlər hədəfə alınıblar və Avropa onlara qarşı başlayan prosesi dayandıra bilmir. Ona görə də Avropa İttifaqı və digər Qərb paytaxtları qərar veriblər ki, Azərbaycandan qaçan mühacirlərə daha diqqətli yanaşsınlar, nəinki İraqdan, Suriya və başqa bu kimi ölkələrdən. Azərbaycandan qaçanlar bizimkilərdir...  ”


"Onların bir çoxu ailə üzvləri ilə birgə gəlirlər" deyən, mənbəmiz onu da vurğulayıb ki, siyasi qaçqın statusunu almaq indi heyrət ediləcək dərəcədə asanlaşıb. Vaxtilə ölkədən gedənlər xüsusi kamplarda (düşərgələrdə) yerləşdirilirdilərsə, uzun-uzadı sorğu-suallar və araşdırmalar, məhkəmələr tələb olunurdusa, indi bu iş hətta bir həftə ərzində belə həll oluna bilər. Doğrudur, miqrant düşərgələri yenə də prosedurda var; 1 həftə də olsa, qaçqınlar düşərgəyə təslim olur; lakin işin sensasional tərəfi budur ki, artıq bir sıra tanınmış azərbaycanlıya Bakıda ikən, yaxud da Tiflisdə siyasi mühacir statusu verilir. Bu barədə “Yeni Müsavat” qəzetində təkzibolunmaz faktlar var. Lakin həmin statusu alanların bir neçəsi hələ də Bakını tərk etmədiyi üçün onların adlarını açıqlamırıq. 
Bu mövzuda daha bir sensasiya nöqtəsi isə budur ki, bugünlərdə Tiflis şəhərində Azərbaycanın bir sıra QHT təmsilçilərinin, jurnalistlərin və siyasi fəalların treninqləri keçirilib. Həmin treninqi Avropaya aid qurumlardan biri maliyyələşdirib. Orada Bakıdan gedən səfirlər də iştirak ediblər. 

Və treninq iştirakçılarına açıq deyiblər ki, kim istəsə, Azərbaycana qayıtmaya da bilər. Bu təklifi qəbul edənlər olub və geniş ictimaiyyət yaxın günlərdə Avropaya sığınan daha bir neçə azərbaycanlı tanınmışın adlarını eşidəcək.


Təbii ki, fürsətdən və yaranmış durumdan istifadə edənlər də var. Avropanın Azərbaycan mühacirlərinə qucaq açdığı bir məqamda heç bir təhlükə obyekti olmayanlar da ölkədən çıxmağa başlayıblar. Avropadakı stajlı mühacirlərdən gələn bilgilərə görə, müxalifət partiyalarının sıravi üzvləri bütöv ailələr və hətta tayfalar halında Avropaya axışırlar: “Onlar təmsil olunduqları partiyaların nə zamansa öz ölkələrində iqtidar ola biləcəyinə ümidlərini itiriblər. Üstəlik, 21 illərini də itiriblər. Bu səbəbdən də xoşbəxtliyi Avropada aramaq fürsətini buraxmırlar.  Burada isə Azərbaycan mühacirləri üçün ”asan xidmət" təmin olunub. Hətta Çexiya kimi ölkələr də Azərbaycandan qaçan QHT təmsilçilərini qəbul edir, qoruyur və sığınacaq verir".   

Bu məqamda bir qeydi yazaq ki, hakimiyyətlə hüquqi problemləri olan bəzi şəxslərin, eləcə də siyasi fəalların Avropaya bu cür və birbaşa axınının əsas səbəblərindən biri də  Gürcüstanın Azərbaycanla viza rejiminə keçməsidir. Yaxın günlərə qədər həbs ehtimalından çəkinən QHT fəalı, yaxud jurnalist, partiya funksioneri hər şey aydınlaşana qədər Tiflisdə gizlənə bilirdisə, indi bu, problemlidir. “Yeni Müsavat” bir müddət əvvəl iki ölkənin hökumətləri arasında viza rejiminin pərdəarxası məqamlarına toxunarkən qeyd etmişdi ki, yeni razılaşma Gürcüstanda olan mühacirlərin ölkəyə məcburi qaytarılmasını da nəzərdə tutur. 


Yazıda qeyd olunurdu ki, viza rejiminin tətbiqi ilk növbədə siyasi təqiblə üzləşən və Tiflisə sığınan fəalların, müxalif yazarların, Qərbin donor təşkilatları ilə əməkdaşlıq edən QHT üzvlərinin işini çətinləşdirəcək.  

“Ayna-”Zerkalo" qəzetlərinin əməkdaşı Rauf  Mirqədirovun həbs edib Azərbaycana təhvil verdikdən sonra Türkiyə də ölkəmizdən getmək istəyənlər üçün etibarlı sığınacaq hesab olunmur. Təbii ki, Avropaya indiki kütləvi axının səbəbləri sırasında Azərbaycana qonşu iki ölkənin hökumətin “qara siyahısında” olanların üzünə qapadılması da var.  Tiflis və Ankara indi  ölkəni siyasi problemlərə görə tərk etmək niyyətində olanlar üçün yalnız müvəqqəti sığınacaq rolunu oynaya bilər. Məqamı gəlmişkən, onu da qeyd edək ki, jurnalist Mirqədirovun ailəsi -  həyat yoldaşı və uşaqları İsveçrəyə sığınıblar və ən qısa müddətdə siyasi mühacir statusu alıblar. 

Bu məlumatları şərh edən beynəlxalq icmalçılardan biri “Yeni Müsavat”a deyib ki, Azərbaycandakı indiki vəziyyət nə olsa belə, 2003-cü illə müqayisə oluna bilməz və indiki kütləvi axının digər səbəbləri də var: “Avropa Parlamentinin hakimiyyəti sərt tənqid edən qətnaməsindən  sonra Azərbaycandan gedənlərin siyasi oturum alması daha da asanlaşacaq. Belə görünür ki, burada Avropa qurumlarının da xüsusi marağı var. Sanki hansısa gizli qüvvələr bu axının daha da sürətlənməsini istəyirlər. Hakimiyyətin ölkədaxili siyasəti aydındır və əlbəttə ki, qanunsuz həbslərdən tutmuş, müxalifət fəallarının təqibi kimi faktlar var. Amma siyasi mühacirət üçün müraciət edənlər sırasında elələri var ki, heç Azərbaycanda bir müxalifət liderinin adını belə əməlli bilmir. Bu səbəbdən də bu axının yaratdığı bəzi haqlı suallar və qaranlıq məqamlar var”. 

Xəbər xidməti

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR