İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatın qurultayının ittihamlarla müşayiət olunan davamı...

1161 02.10.2014 08:35 Siyasət A A

Müsavat Partiyasının ilk baxışda qalmaqalsız keçirilən qurultayının artıq səs-küyü yüksəlməkdədir. Başqanlıq seçkisində namizədliyini geri götürən Səxavət Əlisoy yeni seçilmiş başqanı istefaya çağırıb, həmçinin yeni və sərt ittihamlar səsləndirib.  

S.Əlisoyun sosial şəbəkə vasitəsilə yaydığı bəyanatda bildirilir: “Arif Hacılıya və onun Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sadiq üzvlərindən olan Gülağa Aslanlıya, Söhrab Məhərrəmliyə, Mustafa Hacıbəyliyə, Razim Əmiraslanova, Elman Fəttaha, Yusif Tağıya, Cahangir Əmirxanlıya, İkram İsrafilə və digərlərinə! 

Xatırlatma: Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir. Qurultaydan narazı olan müsavatçılar iddia edir ki, əksər rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Arif Hacılıya sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. MNTK-dan Ə.Talışxanlı və digərləri bu rayonların adını açıqlayacaq. Tovuz rayonunda konfransda başqan müşaviri iştirak etməsinə baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6 rayonunda konfrans keçirilibmi və harada keçirilib? Keçirilibsə, hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib? Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb.

 Arif Hacılı namizədliklə ilgili istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub. Qurultaya təşkilatı olmayan rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələr seçimi təşkil olunub, ya yox? Bu rayonların adları da açıqlanacaq. Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri ”İsa Qəmbərin mövqeyi Arif Hacılıdır", deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnaməyə uyğun idi? Nədən Müsavatın yolunda mübarizə aparan fədakar gənclərdən kimsə Məclis üzvü seçilmədi?",- deyə o, çoxsaylı suallar ünvanlayıb.  “İndi sizə sözüm var. Əgər bizi, şəxsən məni bu iddialara görə ittiham edirsinizsə, şərəfiniz və namusunuz üzərə and için ki, deyilənlərin heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən, və onu sübut etsə, üzr istəməyə hazıram. Ən azı 7 iddiadan 3-nü qəbul edirsinizsə, Müsavat Partiyasının ləyaqət prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin. Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. 

Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil. Ləyaqətli müsavatçılara salamlar olsun!  Ləyaqətsizlərin rəy bildirməsinə gərək yox!!!",- deyə bəyanatda vurğulanır.  Partiyadan sonra yaranan duruma yeni başqan Arif Hacılının tərəfdarları da səssiz qalmayıb. Başqanın qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli uduzan namizəd Qubad İbadoğlunu hədəfə götürüb. “Qubad İbadoğlu APA- ya müsahibəsində deyib ki, Əhrar Partiyasında cəmi bir nəfər var. Tutaq ki, bir nəfər var. Nə olsun? Harada tapsan ki, mən iki nəfərin olduğunu demişəm, onda deyərsən ki, yalan demişəm. Əhrar Partiyası, ümumiyyətlə yoxdu, heç kağız üzərində də yoxdu. Başqa partiyaların möhürü var, bunun heç möhürü də yoxdur. Oldumu? Bitdimi? Rahatlanın. Bu mövzunu zəhmət olmasa elə buradaca birdəfəlik bitirək. Yəni mən bitirirəm, kim istəsə davam edə bilər, onsuz da deyiləsi başqa şəbədəniz qalmayıb. Etnik məsələsini saldınız ortaya, lax çıxdı. Təzə mövzu tapana kimi bir az bu mövzunu çeynədin, ağzınız şirin olsun. Həm də bəy deyir ki, qardaşı Müsavatdadır deyə Vaqif Hacıbəylinin Musavatdan danışmağa nə mənəvi, nə də siyasi haqqı yoxdu. Pardon, burda saxla bir az. Ay yoldaş, kim alıb bu haqqı mənim əlimdən? Bəlkə belə qanun çıxıb, mənim xəbərim yoxdu? Bəlkə hesab edirsiniz ki, bu, etik cəhətdən düzgün deyil? Əgər belədirsə, hörmətli İsa Qəmbərin qardaşı səni açıq müdafiə edəndə, səni açıq təbliğ edəndə niyə bu etik norma yadına düşmədi, niyə demədin ki, bu, ailə partiyası deyil, sənin məni təbliğ etməyin yerlərdə İsa bəyin mövqeyi kimi qiymətləndirilə bilər, bu cür təbliğatı da aparırdınız. Hərçənd mən özüm şəxsən burada bir qəbahət görmürəm. Yəni bu halda yanaşmada bir ayrı-seçkilik var.

 Bunlar öz yerində. Mən 2003- cü ilin oktyabrında, hamının pərən-pərən düşdüyü o sitəmli günlərdə Müsavatı məhkəmədə təmsil edəndə, İsa Qəmbərin seçki qərargahına rəhbərlik edəndə, Müsavata qarşı yönələn hücumlara qarşı sipər olanda nə sən, nə də sənə ələkçinin qılverənliyini edən Vurğun Əyyub üzə çıxmırdınız, qılınıza girmişdiniz. İndi sən mənə mənəviyyat dərsi keçəcəksən? Hansı haqla? Təmkinlidi deyib təbliğ etdiyiniz adam budu? Deyirsən mən kimlərisə tanımamışam. Əslində isə cəmiyyət indi tanıyır səni, təəssüf ki, heç də yaxşı tərəfdən tanımır. Mən 1991- ci ildən bu günə kimi ölkədə gedən bütün proseslərə istisnasız olaraq münasibət bildirmişəm. İradəmin üstündə də heç bir iradə yoxdur. Həmişə də düzə düz, əyriyə əyri demişəm. Heç kəs də məmim səsimi batıra bilməz. Sən demisən ki, mən bütün Müsavat rəhbərliyinə qarşı apardığım mübarizədə uduzmuşam. Bu mülahizə yalandı, mən də bunu faktlarla təkzib etmişəm. Əgər özünü ziyalı hesab edirsənsə, əks arqumentini söylə, dediyini sübut et. Arqumentin yoxdusa sus, ”sən özün pis adamsan" tipli polemikaya keçmə, çünki bu sayaq polemika ziyalıya yaraşmır. O ki qaldı Fəxrəddin Bağırovun reaksiyasına, mən ondan bundan artığını da gözləmirdim. Vaxtilə aylarla onun da məhkəməsində sürünmüşəm, halal xoşu olsun.....".  Digər namizəd Tural Abbaslı da baş verənlərə münasibətini bildirib. 

O, musavat.com-a açıqlamasında qeyd edib ki, S.Əlisoyun istefa çağırışını normal hesab edir: “İstefaya çağırmaq onun hüququdur, istənilən adamı istefaya dəvət edə bilər. Bəlkə qalib gələn tərəf onun çağırışına qulaq asıb istefa verəcək. Amma mən düşünürəm ki, seçki zamanı saxtakarlıq olmayıb, seçki bizim üçün qərəzli şəkildə uğurlu olmayıb. Burada mənəvi dəyərlər pozulub. Mən qalibi təbrik etmişəm, indi durub onu istefaya çağırmağım qeyri-səmimi görünər və düzgün deyil. Bizim mövqeyimiz odur ki, qurultayın iradəsi öz əksini tapıb, başqan seçilib, Məclis seçilib. Qurultay daha çox yarış kontekstində olmuşdu. Qruplar, komandalar bir-birinə qarşı vuruşurdu. Tural Abbaslını başqan görmək istəməyənlər hətta ona və tərəfdarlarına Məclisdə də səs vermədi. Bu, yarışın eyforiyası idi. İstərdim ki, müsavatçılar soyuqqanlı olub, hərəyə layiq olduğu səsi verməyi bacarardılar. Biz seçkini ədalətsiz saysaq da, saxta hesab etmirik. Gənclərin Məslisə düşməməyi, MNTK-dan kənarda saxlanılma cəhdi mənəvi bir işdir”.  

Qeyd edək ki, bütövlükdə seçki prosesinin ədalətli keçmədiyini bəyan edən Qubad İbadoğlu ona dəstək olan müsavatçıları oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında görüşə dəvət edib. O, 6 oktyabr görüşünü Müsavatın bu gününü və gələcəyini müzakirə etmək, mövqeləri bölüşmək, eləcə də növbəti addımları müəyyənləşdirmək baxımından zəruri saydığını diqqətə çatdırıb.  Başqan seçkisində Qubad İbadoğluna dəstək vermiş müsavatçılardan professor Adil Qeybulla və politoloq Elxan Mehdiyev mediaforum.az-a açıqlamasında bildiriblər ki, Qubad İbadoğlunun qəbul edəcəyi qərarlar optimal olmalıdır. Oktyabrın 6-na təyin edilən görüşdə iştirakına problem görməyən Adil Qeybulla əlavə edib ki, vəziyyətin gərginləşdirilməsi ümumi işin ziyanına olduğundan narazılıqlara son qoyulmalı və konsensus tapılmalıdır.  

Adil Qeybulla Müsavat Partiyası daxilində hər hansı fraksiyanın yaradılmasını arzulamadığını vurğulayıb. O hesab edir ki, partiya daxilində fraksiyanın fəaliyyət göstərməsinin prinsipcə müəyyən müsbət cəhətləri olsa da, bunu hələlik Azərbaycan reallığına aid etmək mümkün deyil: “Azərbaycan reallığında bu, partiyaların zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan Müsavat daxilində fraksiyanın yaradılması partiyamıza ziyan vura bilər. Hesab edirəm ki, Müsavat Partiyasında heç bir tərəf qarşıdurmaya getməməli, hər kəs konsensus yolunu axtarmalı, öz partiya mənsubiyyətini, siyasi mənsubiyyətini unutmamalıdır.  Qubad İbadoğlu ziyalı bir insandır, beynəlxalq təcrübəyə malikdir və onun qəbul edəcəyi qərarlar optimal olmalıdır".  “Arif Hacılının legitimliyini şübhə altına almaq yersizdir”  Elxan Mehdiyev də hesab edir ki, Müsavat Partiyası daxilində müxalif fraksiyanın yaranması qəbuledilməzdir. Partiya qurultayında seçkilərin şəffaf keçirildiyini vurğulayan Elxan Mehdiyevin sözlərinə görə, Arif Hacılının başqan kimi legitimliyini şübhə altına almaq yersizdir: “Arif Hacılı Müsavat Partiyasının başqanıdır. Qurultayda kiminsə arzusunun həyata keçməməsi isə artıq onun öz problemidir”. Elxan Mehdiyev də Qubad İbadoğlunun oktyabrın 6-na təyin etdiyi görüşdə iştirak etmək fikrindədir: “İnanıram ki, həmin görüşdə verilən qərarlar partiyanın güclənməsinə xidmət edəcək”. 

 Müsavat Məclisinin sabiq üzvü Elşad Paşasoy da gözlənilən görüşlə bağlı fikrini bildirib: “Qubad İbadoğlunun tərəfdarları ilə görüşü gərək təşviş doğurmasın. Əslində seçki yarışında iştirak edən və böyük nəticə göstərən namizədin belə bir görüş keçirib tərəfdarlarına birbaşa xitab etməsi normaldır. Məncə, tanıdığımız Qubad İbadoğlu onu müdafiə edən dəyərli insanlara Müsavat dəyərlərini hər şeydən uca tutub yola davam etməklə bağlı çağırış edəcək, olanları unutduğunu bəyan edəcək, bir qos-qoca təşkilatın bütövlüyünə xələl gətirəcək hansısa addıma getməyəcək. Çünki Qubad bəy də Müsavatda haqqı olanlardandır, nədən ayrılsın ki. Ümumi prinsiplər naminə olanlara ”keçmiş olsun" deməyi bacarmaq gərək. İnanıram ki, o bacaracaq. Bu gün müsavatçılar bir-biri ilə danışa, problemləri sakitcə çözə bilməsələr, onların iqtidarla danışa biləcəyinə, yaxud nə vaxtsa iqtidar da olub böyük siyasət arenasında dost-düşmənlə masa arxasında dil tapa biləcəyinə inanan olmayacaq...6 oktyabr toplantısından xoş xəbər gözləntisi ilə...". Qeyd edək ki, həmin görüş zamanı partiyanın parçalanma ehtimallarının olacağı istisna deyil və Q.İbadoğlu özü də musavat.com-a açıqlamasında dolayısı ilə buna işarə edib.  


Röya RƏFİYEVA               

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR