İnsanlara hürriyət, millətlərə istiqlal!

907-ci düzəliş: kimdir günahkar, ABŞ, yoxsa Elçibəy hökuməti?

4620 16.01.2015 08:25 Siyasət A A

Hesab olunur ki, bu, ABŞ-ın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara misaldır. Düzəliş ilk dəfə 1992-ci ilin ilk aylarında “Azərbaycan tərəfindən Dağlıq Qarabağın ”işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə" Senator Con Makkeyn tərəfindən təklif edilsə də, sonrakı müddətdə naməlum səbəblərdən geri qaytarılmışdı. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdi. Lakin buna baxmayaraq, düzəliş erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib. ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.

2001-ci  il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. Sözügedən aktın tətbiqi indiyədək dondurulsa da, tam ləğv edilməməsi əslində işğala məruz qalan Azərbaycana qarşı ədalətsiz yanaşma və təhdid sayılır. Sənəddə deyilir: a) Prezident Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

b) Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir".

ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin işğalçı ilə işğala məruz qalana fərq qoymaması normal qarşılana bilməz. Üstəlik, BMT-nin 4 qətnaməsini on illərdir yerinə yetirməyən işğalçıya, həmçinin separatçı erməni rejiminə maliyyə yardımının ayrılması qəbulolunmazdır. Tarixi fakt budur ki, erməni lobbisinin təsiri ilə ABŞ Konqresi Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarının qarşılığında belə bir anti-Azərbaycan qərarını verib.  

Ancaq Azərbaycan hakimiyyətinin ayrı-ayrı ideoloqları 907-ci düzəlişdə Elçibəy hakimiyyətinin suçlu olduğunu bəyan edirlər. Hesab olunur ki, bu, “AXC-Müsavat hakimiyyətinin naşı siyasətinin” nəticəsidir. 


Elçibəy hakimiyyətində təmsil olunmuş Müsavat Partiyasının başqanı Arif Hacılı isə ittihamları qəbul etmir: “907-ci düzəliş o zaman qəbul edilmişdi ki, artıq Azərbaycan Silahlı Qüvvələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin mühüm bir hissəsini azad etmişdi. Azərbaycan qoşunları Sırxavəndə qədər gedib çatmışdılar, Uludağda mövqe tutmuşdular. 907-ci düzəliş Elçibəy hakimiyyəti dövründə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələblərini özündə əks etdirən BMT qətnamələri ilə müqayisədə çox az təsirli bir qərar idi”. A.Hacılı ardınca bunları bildirdi: “Ona görə də bu düzəlişin Elçibəy hakimiyyəti dövründə qəbul edilməsini o zamankı hökumətinin qüsuru kimi vurğulayanlara xatırlatmaq istəyirəm ki, bu, Qarabağ ərazisinin erməni silahlı birləşmələrindən təmizlənməsinin mühüm aksiyalarının həyata keçirilməsi fonunda qəbul edilmiş bir qərar idi. Eyni zamanda əgər 4 iyun qiyamı baş verərək Elçibəy hökuməti hakimiyyətdən kənarlaşdırılmasaydı, həmin dövrdə qəbul olunmuş BMT qətnamələri iyun-iyul aylarında artıq yerinə yetiriləcəkdi. Bizə irad tutan hakimiyyət nümayəndələri BMT qətnamələrinin yerinə yetirilməməsinin səbəbləri barədə düşünsələr, daha düzgün olar”. 

Bəs rəsmi Bakı 907-ci düzəlişlə bağlı hansı mövqedədir?


XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “907-ci düzəliş hər hansı bir siyasi və hüquqi əsası olmayan iddialar əsasında, o zaman ABŞ Konqresində xüsusilə də ermənipərəst lobbistlərin fəaliyyəti nəticəsində və tamamilə anti-Azərbaycan ruhda ərsəyə gəlib. Azərbaycan işğal və təcavüzə məruz qaldığı halda, 907-ci düzəliş məhz ölkəmizə qarşı yönəlmişdi. Heç təsadüfi deyil ki, ABŞ-ın ictimai-siyasi dairələri və eləcə də bir sıra konqresmenlər tərəfindən dəfələrlə qeyd edilib ki, məlum 907-ci düzəliş ilk növbədə ABŞ-ın milli maraqlarına xələl gətirir. Məlum 11 sentyabr hadisələrindən sonra isə ABŞ-ın icraedici hakimiyyəti tərəfindən milli təhlükəsizlik maraqları adı altında 907-ci düzəlişin fəaliyyəti dondurulub”. Ancaq bu situasiya təbii ki, rəsmi Bakını qane etmir: “Ümumiyyətlə, 907 tamamilə ədalətsiz və əsassız ittihamlar əsasında formalaşdığı üçün belə bir düzəlişin olması heç bir halda ədalətli hesab oluna bilməz. Amma Azərbaycanın hazırda 907-ci düzəlişin əsasən ehtiva etdiyi yardımlar kimi məsələlərə ehtiyacı yoxdur. Azərbaycan özü yardım qəbul edən dövlətdən donor dövlətə, qlobal, davamlı inkişafa töhfə verən dövlətə çevrilib. Sadəcə olaraq, siyasi kontekstdən yanaşsaq, bu, tamamilə əsassız ittihamlar əsasında formalaşdığı üçün düzəlişin qalmasına da heç bir əsas və lüzum görmürük”. Bəs Azərbaycan hökuməti düzəlişin tamamilə ləğvi məsələsini ABŞ rəsmi dairələri qarşısında qaldırırmı? H.Hacıyev: “Bu məsələ dəfələrlə qaldırılıb. Ancaq artıq bu, dondurulmuş məsələ olduğu üçün bizim tərəfimizdən o qədər də əhəmiyyət verilmir”. XİN rəsmisi hesab edir ki, əslində sanksiyaya məruz qalan tərəf işğalçı Ermənistan olmalıdır: “Beynəlxalq hüquqda və BMT nizamnaməsində sanksiyalar rejimi və onların tətbiq olunması halları çox açıq şəkildə müəyyən edilib. Burada işğal və təcavüz faktı ən ümdə amillərdən biridir ki, bir dövlət tərəfindən digər dövlətə qarşı işğal və təcavüz törədildiyi halda ona qarşı sanksiyalar tətbiq edilməlidir. 907 təbii ki, sanksiya anlamına gəlməməlidir, bu, sanksiya deyil, ola da bilməz. Amma bu kimi hallar Ermənistan kimi dövlətlərə şamil edilməlidir”. 

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR