İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovdan Milli Şuraya açıq hədə

2959 15.10.2013 09:23 Siyasət A A
- Siyavuş bəy, demokratiya paytaxtlarından, beynəlxalq təşkilatlardan seçkilərə verilən fərqli reaksiyalara münasibətiniz necədir?

- Heç bir fərqli münasibət yoxdur. Sadəcə olaraq, Azərbaycanda azad və ədalətli, demokratik seçkilər keçirilib. Bu seçkiləri dünyada 1400-dən artıq xarici müşahidəçilər izləyib və bunların böyük əksəriyyəti, ayrı-ayrı parlamentlər, təşkilatlar şəklində bu seçkinin azad və ədalətli keçirilməsi ilə bağlı bəyanatlar veriblər. İstər parlamentarilər olsun, istər parlament qrupları, AŞ PA, Avropa Birliyi olsun - hamısı bu məsələyə rəylərini bildirib. Sadəcə, bir rəy, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi var ki, bu da ATƏT-in özünün deyil, bilavasitə ABŞ Dövlət Departamentinin diktəsi ilə işləyən bir təşkilatdır. O cümlədən «Human Rigts Vatch», «Fredoom House»dir, bunlar hamısı bir medalın iki üzüdürlər. Ancaq oradan bunlara hansı göstəriş versələr, o göstərişin əsasında bunlar hesabat yazıb təqdim edirlər. O baxımdan da bu təşkilatların verdiyi hesabatları biz qərəzli, düzgün olmayan və Azərbaycan xalqının maraqlarına xidmət etməyən rəylər kimi qiymətləndiririk. 

- Amma dünyada bir qayda olaraq seçki ilə bağlı ATƏT-in DTİH Bürosunun rəyinə istinad olunur...

- Elə deyil. Bu, onların özlərinin düzəltdiyi fikirdir. Məsələn, ABŞ-da həmin təşkilatı seçkiyə buraxmadılar. Yaxud başqa ölkələrdə heç 30 metrə yaxın məntəqəyə girməyə qoymurlar. Rusiyadakı prezident seçkilərində həmin institut iştirak etmədi. 
Çünki onlar da bilirlər ki, bu təşkilatın rəyi qərəzlidir, obyektiv faktlara əsaslanmır, birtərəflidir və burada ancaq sırf maraqlar durur. Bu maraqlar da bizə bəllidir ki, müxtəlif iri şirkətlər var və bu şirkətlərin də marağı olduğuna görə bilavasitə bunları maddi cəhətdən təmin edir, nəticədə bu cür rəylər alır. 

- ABŞ Dövlət Departamentinin seçki ilə bağlı bəyanatına Bakıdan sərt reaksiya verildi. Hər halda, söhbət 200 ildən artıq müddətdə dövlətçilik, demokratiya təcrübəsi olan dövlətdən gedir...

- Həmin ATƏT və həmin Departament...Sizə deyim... Əfqanıstan parlamenti üzvlərinin 80 faizinin orta təhsili yoxdur. Qalan 20 faizindən 10 faizinin isə ali təhsili yoxdur. Ancaq Əfqanıstanda seçki keçirilir, ABŞ Dövlət Departamenti deyir ki, azad, ədalətli, demokratik seçki keçirilib. Yazıb-pozmağı bilməyən adamlar azad seçki keçirir... Yaxud ABŞ İraqdakı seçkiləri bu cür adlandırır. Ona nə sərf edir, sadəcə öz maraqları çərçivəsində uyğun rəy verir. 

- Ancaq əgər Azərbaycanda ali təhsilli müəllim seçki saxtakarlıqlarında iştirak edirsə, onun savadı nəyə lazımdır? Belə müəllimdənsə, seçkiyə haram qatmağı özünə rəva bilməyən savadsız vətəndaş cəmiyyət üçün daha faydalı deyilmi? 

- Yox, seçkiyə heç bir haram qatılmır, qəti şəkildə. Sadəcə Şəmkirlə bağlı bir video yaymışdılar, araşdırdılar ki, burda hansısa otaqların birində çəkilib, ümumiyyətlə, belə bir məntəqə yoxdur. Orda yazılan şərhlər ayın 8-də olan şərhlər idi, seçkidən bir gün qabaq...

- Bu da faktdır ki, seçkidən bir gün qabaq artıq onun hazır nəticələri internetdə yayılmışdı...

- Belə bir şey yoxdur, yanlış məlumatdır. Sadəcə olaraq, burdakı “exit-pol”ların, sosioloji sorğuların nəticələri idi. Onu tamam başqa fikirlə verməyə çalışdılar, alınmadı. 

- Ölkədə gərginliyin azaldılması üçün nə təklif edirsiniz?

- Heç bir gərginlik yoxdur. Mən elə bu saat çıxmışdım şəhərə, gəl, bir yerdə Bakının bu başından o başına gedib baxaq, gör orda gərginlik hiss edirsən. Hər şey bitib, qurtarıb, hər şey öz qaydasında davam edir. 

- Ancaq amerikalı televizionçu “İsa Məsih də 85 faizi toplaya bilməzdi” deyirsə...

- Danışsın da. Həmin amerikalı demişdi ki, hansı postsovet ölkəsində 70 faizdən artıq səs toplanırsa, bu, düzgün deyil. Amma Saakaşvili 95 faiz səs alanda Amerika qaça-qaça qabağına gəldi. 

- ABŞ-la Azərbaycan arasındakı gərginliklərin səbəbi Rusiya ilə yaxınlaşma səbəbindəndir, yoxsa ayrı məsələ var?

- Ümumilikdə bizim Amerika ilə münasibətlərimiz normaldır. Müxtəlif dairələr var ki, onlar erməni lobbisinin təhriki, ayrı-ayrı iri şirkətlərin maraqlarına xidmət etməklə bu gərginliyi yaratmaq istəyirlər. 

- Bu gərginlik hara qədər artacaq?

- Elə bilirəm ki, heç yerə. Sakitləşəcək, qaydasına düşəcək. 

- Amerikadan təbrik gözləyirsiniz?

- Təbii ki. Bütün ölkələr təbrik edir, Amerika da onlara qoşula bilər. 

- Dövlət Departamentinin o cür sərt rəyindən sonra?

- Dövlət Departamentindən danışdım. Bunlar hər il köhnə hesabatı götürüb Azərbaycanla bağlı illik hesabat kimi təqdim edir. Həmişə qərəzli olublar. 

- Amerika kimi böyük dövlətlə üz-üzə, baş-başa gəlmək, sizcə, riskli deyilmi? Azərbaycan hakimiyyəti bunun fərqindədirmi?

“Heç kəs bizə nəyisə diktə edə bilməz”


- Bəli. Azərbaycanın öz maraqları var və dəfələrlə bəyan edib ki, heç kəs bizə nəyisə diktə edə bilməz. Əsas məsələ Azərbaycan xalqının maraqlarıdır. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır, xalq da öz hakimiyyətini formalaşdırır. Hansısa iri dövlət, beynəlxalq təşkilat bizim necə yaşamağımıza, necə fəaliyyət göstərməyimizə göstəriş verə bilməz. Bu ölkə dünyada hərbi-polis rejiminin rolunu oynamır ki. Mənim də Amerikada keçirilən seçkilərlə bağlı iradlarım var. Məsələn, Florida ştatındakı seçkilərdə bülletenləri 5 dəfə saydılar və demokratlar dedilər ki, respublikaçılar saxtalaşdırıb. 

- Amma Azərbaycanda bircə məntəqənin belə bülleteni təkrar sayılmadı, heç müşahidəçilərin sayılma prosesində iştirakına da imkan verilmədi...

- Kimin hansı məntəqə ilə əlaqədar şikayəti varsa, MSK-ya müraciət edə bilər. 

- MSK-ya faktlar təqdim etmək istəyən Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlını yolda saxlayıb polis bölməsinə, sonra da məhkəməyə aparırlarsa, onda necə? 

- Mənim bundan xəbərim yoxdur. Ola bilsin bu da quraşdırma iddiadır. 

- Bu gün (dünən-E.P.) Gülağa Aslanlının məhkəməsi idi...

- Quraşdırma ola bilər. Fəaliyyətdə biz görürük ki, nə qədər, hansı formalardan istifadə edirlər. 

- ATƏT-in iki müşahidə missiyasının bir-birinə zidd mövqe ortaya qoymasından danışılarkən hətta rüşvət və digər halların rol oynaması da vurğulanır. Bu barədə nə demək olar?

“Obama səhər tezdən yuxudan duran kimi qeyri-qanuni yolla, hərbi yolla seçilən prezidenti dərhal zəng eləyib təbrik etdi”


- Müxtəlif yalanlar quraşdırırlar. Biz seçkiöncəsi ATƏT-in Bürosu ilə bir neçə dəfə burada görüşdük. Dedik ki, siz həmişə bizə qərəzli münasibət göstərir, qərəzli hesabat yazırsınız. Baxmayaraq ki, Ermənistanda o boyda hadisələr baş verdi, ATƏT DTİHB orda azad, ədalətli, demokratik seçkinin keçirildiyini dedi. Obama da səhər tezdən yuxudan duran kimi qeyri-qanuni yolla, hərbi yolla seçilən prezidenti dərhal zəng eləyib təbrik etdi. Heç gözləmədi ki, rəsmi qurumlar mövqeyini qoysun. Biz belə halları da görmüşük. İndi ilkin hesabatda heç nə tapa bilməyib başlayıblar keçmiş seçkiləri fırlatmağa. Parlament seçkilərinin prezident seçkilərinə nə aidiyyəti var? Yaxud irad tutur ki, qadın namizəd yox idi. İndi zorla gedib qadın namizəd tapmalıydıq?

- Ancaq məntəqələrin 58 faizində seçkilərin pis və çox pis keçirildiyinə dair rəylər də var idi...

- Ora gəlirəm. İkinci mərhələdə - aralıq mərhələsində heç bir namizəd, siyasi partiya haqqında fikir yoxdur. Ancaq YAP-ın namizədi və YAP-ın fəaliyyətinə həsr edilib. Açıq-aşkar görünür ki, tərəf tutur. Aralıq mərhələ ilə bağlı demir ki, nəyə görə Milli Şura namizədin irəli sürülməsi və imza toplanmasına 9 gün qalmış namizəd irəli sürüb? Hansı ki, yazır ki, seçki müddəti azdır. Bunlar 20 günlük seçki müddətini arxada qoyub namizəd axtarırdılar. Yaxud yazır ki, təbliğat-təşviqat üçün 23 gün az müddətdir. 23 gündə Milli Şura 14 görüş keçirib. Azərbaycan ərazisində 14 görüş keçirməklə prezident seçmək olar? Milli Şuranın namizədindən teledebatlarda onlarla təhqiramiz çıxış olub, bir dənəsinə toxunulmur. İndi istəyir orada 58 faiz yazsın, istəyir 108 faiz yazsın. Bu qurum bundan artıq şey yaza bilməzdi. Belə yazmalıydı, çünki hesabatı əlində hazır gəlmişdi. 

- Əgər bu quruma, onun hesabatına önəm verilmirdisə, ATƏT müşahidəçilərinin tədbirinə müdaxilə edib yarımçıq saxlamağa nə ehtiyac var idi? 

- Biz əvvəlcə ATƏT-lə bağlı fikir bildirmişdik ki, bu qurum qərəzlidir, bu qurum dəvət olunmasın. Lakin sonradan bunlar xahiş-minnətlə seçki prosesində iştirak etmək istədilər. Biz də dedik ki, gəlib iştirak eləsin. Ola bilsin müəyyən tövsiyə verə, yenilik gətirə bilər. Lakin yenə də köhnə hamam, köhnə tas oldu. Həmənki hərəkətlərini davam etdirdilər. Azərbaycan baxmalıdır ki, gələcəkdə bunlarla hansı formada əməkdaşlıq etmək olar. 

- Bunun üçün tədbiri pozmaq lazım idi?

- Tədbirin pozulmasına ehtiyac yox idi. Sadəcə olaraq, orda sual verilirdi və suala cavab olmalı idi. Necə olur “Azadlıq”ın jurnalistinə şərait yaradılır, bəs digər qəzet və agentliklərə niyə şərait yaratmır? 

- ATƏT nümayəndələri burda da olmasa, Avropada öz sözlərini deyəcəkdilər...

- Getsinlər desinlər e. Bu məsələ bitdi, qurtardı. Bizim heç bir narahatçılığımız yoxdur. Bizim üçün əsas Azərbaycan xalqının mövqeyidir. Xalq da gəldi, öz dəstəyini, səsini verdi, vəssalam.

- “Məhsul” stadionuna toplaşanlar, 10-15 min nəfər də Azərbaycan xalqının təmsilçiləridir, onlar da himnimizi oxuyur, bayrağımızı başı üstündə qaldırır... 

- Mən özüm baxmışam, o stadion 15 min adam tutmur. Uzunluğu 100, eni 50 metrdir. Bunlar da stadionun cəmi 40 faizini doldurmuşdular. Özü də çalışırdılar ki, lap seyrək dursunlar ki, adam çox görünsün. Onların tərəfdarları, qohum-əqrəbası, partiya üzvləridir. 

- Hər halda, bu xalqdan, bu millətdəndirlər, onlara qarşı aqressiv münasibət düzgündürmü?

- Birinci onlara aqressiv münasibət göstərilmir. Bunlara orta mitinq keçirmək imkanı verildi. Mən keçən dəfə də şahid oldum ki, müddət qurtarmasına baxmayaraq, bir qrup xüsusi öyrədilmiş gənclər polisə qarşı hörmətsizlik edir, etikadan kənar sözlər deyir və polisi təhrik eləməyə çalışırdı. Bunlar orda plan qurmuşdular ki, qarşıdurma yaratsınlar, hüquq-mühafizə orqanları da bu qarşıdurmanın qarşısını aldı. 

- Belə çıxır ki, növbəti mitinqə icazə verilməyəcək...

“Əgər bunlar təhqiramiz ifadələrə, söyüşə, başqa-başqa hərəkətlərə yol verəcəksə, onda yüz faiz qarşıdurma olacaq. Özü də hüquq-mühafizə orqanları yox, YAP-ın gəncləri müdaxilə edəcək”


- İcazə veriləcək e. Amma partiya olaraq biz də bir şərt qoymuşuq. Əgər bunlar təhqiramiz ifadələrə, söyüşə, başqa-başqa hərəkətlərə yol verəcəksə, onda yüz faiz qarşıdurma olacaq. Özü də hüquq-mühafizə orqanları yox, YAP-ın gəncləri müdaxilə edəcək. 

- Bunu iğtişaş və ya vətəndaş qarşıdurmasının anonsu saymaq olarmı? 

- Biz deyirik, qanunun aliliyini hamı qorumalı və qanuna hörmətlə yanaşmalıdır.

- Demək, Milli Şuranın növbəti mitinqi zamanı YAP-çı gənclər də əraziyə gətiriləcək?

- Biz deyirik, ölkənin prezidenti, YAP-ın sədri var. YAP-ın sədrinə qarşı hər hansı bir təhqiramiz ifadə işlətsələr, cavablarını alacaqlar.

- Ancaq bu, qanunla qadağandır, hüquq-mühafizə orqanları var...

- Qanunun aliliyinə hörmət edirik. Amma bizim də səbrimizin həddi var...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR