İnsanlara hürriyət, millətlərə istiqlal!

Avroparlamentin “qara siyahısı”ndakı azərbaycanlı kimdir?

6827 04.04.2014 08:30 Siyasət A A
Avropa Parlamenti 32 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq ediləcək “Maqnitski siyahısı”nı tərtib edib. Rusiyanın lenta.ru saytının məlumatına görə,  siyahını Avropa Parlamentinin Xarici İşlər Nazirləri Komitəsi tərtib edib. Siyahıda Rusiya baş prokurorunun müavini Viktor Qrin, “Bıtırka” təcridxanasının keçmiş rəhbəri Dmitri Komnov, Moskva Şəhər Məhkəməsinin keçmiş sədri Olqa Yeqorova, “Motrosskaya tişina” təcridxanasının keçmiş rəisi azərbaycanlı Fikrət Tağıyev, təcridxananın indiki rəhbəri İvan Prokepenkonun, eləcə də bir sıra məhkəmə hakimləri, vergi müfəttişləri və DİN əməkdaşlarının adı var.

Qəbul olunmuş sənəddə bildirilir ki, sanksiyalar adıçəkilən şəxslərin ailə üzvlərinə də aiddir.

Sanksiyaya əsasən, həmin şəxslərə viza verilməməsi ilə yanaşı, Qərb ölkələrində olan maliyyə hesablarının dondurulması nəzərdə tutulur.

Sanksiya tətbiq olunanlar sırasında Fikrət Həmdulla oğlu Tağıyevin adı Azərbaycan mətbuatının daha çox diqqətini çəkib. Mətbuat onu “Motrosskaya tişina”nın rəisi kimi təqdim etsə də, “Yeni Müsavat”ın məlumatına görə,  F.Tağıyev artıq bir ildən çoxdur ki, Rusiyanın baş naziri Dmitri Medvedyevin əmri ilə işdən uzaqlaşdırılıb. Avropa Parlamentinin rəsmi sənədində də təcridxananın indiki rəhbəri İvan Prokepenko göstərilib. Bəs ötən il konqresin qərarı ilə “Maqnitski siyahısı”nda adı olan və ABŞ-a getməsi yasaqlanan F.Tağıyev kimdir?

Fikrət Tağıyevin adı ilk dəfə mətbuatda 2005-ci ildə bu təcridxanada saxlanılan, Kremlin qatı düşmənləri kimi qandallanan iş adamları Platon Lebedev və Mixail Xodorkovski ilə bağlı qalmaqalda hallanıb. (Ötən ilin dekabrında Putin Xodorkovskini əfv edib, Platon Lebedev də vaxtından əvvəl azadlığa buraxılıb). Rusiyanın tanınmış iş adamları təcridxana rəhbərini onlara qarşı qərəzli münasibətdə suçlayaraq məhkəməyə müraciət etmişdilər. Amma məhkəmə məhbusların şikayətlərini əsassız hesab etmişdi.

2009-cu ildə F.Tağıyevin adı 54 yaşlı məhbus Vera Trifonovun təcridxanada ölməsindən sonra yenidən gündəmə gəldi. Bir neçə xəstəlikdən əziyyət çəkən V.Trifonovanın vəkilləri iddia edirdilər ki, F.Tağıyev məhbusun səhhəti ilə bağlı məhkəməyə qərəzli rəy göndərib. Belə ki, təcridxana rəhbəri Trifonovanın səhhətinin məhkəmədə iştirak etməyə və təcridxanada saxlanmağa imkan verdiyi barədə rəy verib. Amma qadının ürəyi dözməyib və məhkəməyədək dünyasını dəyişib. Rusiyada geniş əks-səda doğuran bu hadisədən sonra bir neçə vəzifəli şəxs işdən qovulsa da, F.Tağıyev yenə “sudan quru” çıxa bildi. Amma 2009-cu ilin 16 noyabrında təcridxanada baş verən ölüm hadisəsi F.Tağıyevin karyerasında ləkə kimi qaldı. Söhbət təcridxanada müəmmalı şəkildə ölən “Hermitage Capital” Fondunun hüquqşünası Sergey Maqnitskidən gedir...

Sergey Maqnitskinin ölümü təkcə Rusiyada deyil, bütün dünyada elə bir reaksiya doğurdu ki, F.Tağıyevi müdafiə edən sehrli əllər bu dəfə ona kömək edə bilmədilər. 37 yaşlı vəkilin ölümü ilə bağlı təyin edilən ən müxtəlif ekspertizalar vəkilə vaxtında tibbi kömək çağırılmadığını təsdiq etdi. Araşdırma göstərdi ki, əslində Maqnitski “Butırka” həbsxanasından “Motrosskaya tişina” ya yarımcan gətirilibmiş. Amma buna baxmayaraq, həm “Butırka”nın rəisi Dmitri Komnov, həm F.Tağiyev vəzifələrindən kənarlaşdırıldı. Bir müddət sonra isə F.Tağıyev müəmmalı şəkildə yenidən təcridxananın açarlarını geri ala bildi.

Amerikada “Maqnitski qanunu” hələ qızğın müzakirə mövzusu olanda Rusiya mətbuatı “qara siyahı” ya düşəcək rəsmi şəxslər arasında F.Tağıyevin də olacağını proqnozlaşdırırdı.

2013-cü ilin aprelində Amerikada qəbul olunan “Maqnitski qanunu”nunda okeanın o tayına getməsi yasaqlanan 282 məmurun arasında F.Tağıyevin də adı vardı. Ümumilikdə, ABŞ-ın “qara siyahı”sında azərbaycanlı polkovnikin bir vaxtlar rəhbərlik etdiyi  təcridxananın 26 əməkdaşı da yer alıb. Onların arasında təcridxananın həkimi - Maqnitskiyə yardım etməkdən boyun qaçıran həkim-cərrah Aleksandra Qaus da var.
Maraqlıdır ki, internet rusurslarda Fikrət Həmdulla oğlu Tağıyev haqda məlumat demək olar ki, yox səviyyəsindədir. Yalnız onu qeyd etmək olar ki, azərbaycanlı olsa da, onun doğum yeri Rusiya göstərilib. Avroparlamentin rəsmi saytında F.Tağıyevin doğum tarixi 1962-ci il  aprel ayının 3-ü göstərilib...

Xəbər xidməti

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR