İnsanlara hürriyət, millətlərə istiqlal!

Siqaret qadağası obyektlərə necə təsir edəcək? - REPORTAJ, FOTOLAR

4423 15.12.2017 19:15 Reportaj A A

Hər birimiz qapalı məkanlarda otururuq. Bəzən çay içmək, bəzən nahar etmək, bəzən də spirtli içki içmək üçün dostlarla bir aya gəlirik. Oturduğumuz məkanlarda əgər siqaret çəkilməsinə icazə verilirsə, deməli biz oradan çıxan zaman üstümüdən mütləq külqabı iyi gələcək.

Buna səbəb isə Bakının ən lüks məkanlarında belə havalandırma sisteminin bərbad olmasıdır. Əgər məkanda siqaret çəkməyə icazə verilirsə, deməli burada mükəmməl havalandırma sistemi olmalıdır. Ancaq təəssüf ki, bu, çox vaxt belə olmur.

Əsasən pivə, qəlyan evlərində oxşar hala rast gəlmək olur. 150, 200 kvadratmetr ərazisi olan obyektə 1-2 ədəd balaca havalandırma sistemi qoyulur, o da çox vaxt normal işləmir. Hətta normal işləsə belə məkana kifayət etmir. Ümumiyyətlə nədənsə bu məsələyə ciddi yanaşılmır. Əslində isə sağlamlıq üçün bu sistemlər çox önəmlidir.

Nəzərə alaq ki, qapalı məkanda 10 müştəri var və onların hər biri 1 siqaret çəkir. Havalandırma sistemi isə yoxdur. Bu siqaretlərin tüstüsü 1-2 saat sonra daha da artır. Çünki siqaret çəkən şəxslər azı 10-15 dəqiqə fasilə ilə bir siqaret yandırırlar. Bu tüstü məkandan kənara çıxmır və içərini duman bürüyür. Həmin tüstü dumanı ilə hər kəs nəfəs alır. Artıq tüstü ciyərlərə 3-5 dəqiqə yox, dayanmadan gedir. Siqaret çəkən də, çəkməyən də həmin tüstünü ciyərlərinə dayanmadan alır. Bunun da nəticəsi məlumdur - xərçəng xəstəliyi.

Tüstüsü bol məkanlardan biri də qəlyan evləri, qəlyan təklif edilən çayxanalardır. Bu yerlərin hətta yaxınlığından keçəndə belə tüstünü qoxusu adama təsir edir. İçəridə isə göz-gözü görmür. Yay aylarında belə məkanların sahibləri pəncərələri açıq qoymaqla tüstü probleminə az da olsa çarə tapırlar, amma qış aylarında bu mümkün deyil. Məsələnin tək yolu var - havalandırma sistemini mükəmməl hala salmaq...

"Evə gedəndə yoldaşım məni evə buraxmır. Deyir ki, üstündən külqabı iyi gəlir, bayırda soyun, keç içəri. Əslində mən siqaret çəkmirəm. Sadəcə siqaret çəkilən yerdə dostlarla yarım saat əyləşib, çay içmişik. İçəridə tüstüdən adam boğulurdu. Ona görə də 30 dəqiqə ancaq dözə bildik" - deyən Amil adlı Bakı sakini, qapalı məkanlarda olan havalandırma sisteminin bərbadlığından şikayət edir.

Uzun müddət müzakirə edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi qanun layihəsinin üçüncü oxunuşunda müzakirəyə çıxarılıb. Layihə barədə bildirilib ki, ikinci oxunuşdan fərqli olaraq qanun layihəsinin 1-ci və 10-cu maddələrə edilən əlavəyə görə, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.

Digər yeniliyə əsasən, tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır. Üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb də ləğv olunur. Yəni onlar istəsələr, yarada bilərlər, istəməsələr yox. Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır. Düzəlişlərə əsasən, həmçinin tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına da icazə verilir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi.

Qeyd edək ki, qanun layihəsinə əsasən tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır:

- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

- ticarət obyektləri;

- məişət obyektləri;

- sosial xidmət müəssisələri;

- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

- uşaq meydançaları;

- yerüstü qapalı və yeraltı piyada keçidləri;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);

- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;

- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;

- taksofonlar;

- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;

Layihə səsə qoyularaq qəbul olunub. Qanun tətbiq ediləndən sonra siqaret çəkilən qapalı məkanlarda xüsusi dəyişiklik olacaqmı? Bu günə qədər siqaret çəkilən qapalı məkanların sahibləri narahatdırlar. Onlar bu qadağanın onlara ziyan verəcəyini, siqaret çəkən müştəriləri itirəcəklərini deyirlər.

Pub sahibi olan Fərid Vəliyev deyir ki, icarəyə götürdükləri məkanı 4 ildir işlədirlər. Bu illər ərzində içəridə siqaret çəkməyə icazə verilib: "Birdən-birə siqaret çəkməyə icazə verməsək, batarıq. Pivə içilən yerdə siqaret çəkməmək... İçənlərin böyük hissəsi siqaret də çəkir. Məkanımız qapalıdır. Pub yerlərinin böyük hissəsi belədir. Siqaret çəkmək üçün xüsusi yer ayırmaq da mümkün deyil. Nə edək?"

Siqaret çəkməyənlər isə bu qərardan çox razı qalıblar. Vasif Fərəcov adlı Bakı sakini məkanlarda siqaret çəkməyin tamamı ilə qadağan edilməsini istəyir: "Mən özüm də siqaret çəkirəm. Amma qapalı məkanlarda siqaret çəkilməsinin əleyhinəyəm. Çünki bütün tüstü adamın paltarına çökür. Bu da heç də yaxşı deyil. Qadağanı tamamı ilə dəstəkləyirəm. Açıq havada məkan varsa, uyğun şərait varsa çəkilsin, amma hər yeri bağlı, havalandırması yox və ya işləmir, bir yandan da siqaret çəkirlər. Birbaşa xəstəlikdir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR