İnsanlara hürriyət, millətlərə istiqlal!

Müşfiq Şahverdiyev: "Çaya, qəlyana 30-40 manat pul ödəməkdənsə..."

4226 22.01.2017 20:33 Şou-biznes A A
Müşfiq Şahverdiyev: "Elə bilirlər ki, film çəkib, milyon qazanırıq" 

Aktyor Müşfiq Şahverdiyev ilə Azərbaycan kinoteatrının açılış mərasimində bir araya gəldik. 

Musavat.com saytının suallarına cavab verən aktyor ilə söhbətə ölkədə yeni açılan kinoteatrların film sahəsinə olan faydalarından başladıq: 

- Son dövrlərdə kinoteatrların sayının artması filmlərin çəkilməsinə və təqdim olunmasına bilavasitə kömək edir. Nizami Kino Mərkəzi dövlət tərəfindən təmir olundu, müasir avadanlıqlarla təchiz edildi. Ondan sonra açılan ticarət mərkəzlərində kinoteatrlar fəaliyyətə başladı. Azərbaycan kinoteatrı geri qayıtdı. Mən Azərbaycan kinoteatrının işlək vəziyyətini görməmişdim, çünki o zaman rayonda  yaşayırdım. Nizami kinoteatrında da olmamışdım. Kinoteatrlar açıldıqca sevinirəm. Çünki yerli kommersiya filmləri çəkilir. Onların nümayişi və xalqa çatdırılması üçün kinoteatrlar olması şərtdir. Sovet dövründə hər rayonda iki-üç kinoteatr var idi. Bütöv Azərbaycanımızda 200-ə yaxın kinoteatr olub. Mən belə başa düşürəm. Çünki böyüdüyüm Lənkəranda 3 kinoteatr var idi. İnsanlar adi kafedə qəlyana, çaya 30-40 manat pul ödəyirlər. Ondansa, bir bilet, bir popkorn alıb film izləsələr, onlar üçün daha faydalı və əyləncəli olar. Biletlər də baha deyil, gündüz 4, axşam 7 manatdır. Film sahəsi yenidən inkişaf etməyə başlayıb. Biz üç filmimizi təqdim etmişik. "My name is İntiqam" bir və iki, "Gilənpaç" filmləri ajiotaj yaratdı, sevildi. Bunun nəticəsində də kinoteatrların sayı artır. Eşitmişəm ki, artıq rayonlarda da kinoteatrlar fəaliyyətə başlayacaq. Hərənin sevdiyi və seçdiyi peşə var. Kinoteatrlar açıldıqca biz də həvəslənib filmlər çəkməyə can atırıq. Biznesmenlərə, iş adamlarına kinoteatr açmaq, bizə də film çəkmək düşür. 

- Bir müddət öncə "Gizlənpaç"ı təqdim etdiniz. Tamaşaçıların reaksiyası sizi qane etdi?

- "Gizlənpaç" romantik-komediyadır, çox bəyənildi. İnsanların reaksiyası gözəl oldu. Heç nədən narazı deyiləm.  Böhran, insanların problemləri olan vaxtda filmi izləyənlərin çox olması məni sevindirdi.  "My name is İntiqam" çıxanda bazarda film yox idi. "My name is İntiqam" ilə "Xoxan" inanılmaz rekordlar qırdı. Sonradan bazar böyüməsə də, film çəkənlər çoxaldı. Sözümün necə başa düşüləcəyini bilmirəm, amma bu sahəni bilən də, bilməyən də film çəkməyə başladı. Pul itirənlər, ziyan edənlər çox oldu. Filmdən anlayışı olmayanlar da bazara girdi ki, burada pul var. 

- Amma insanların düşündüyü kimi bu sahədə pul yoxdur?

- Gərək bu iş üçün doğulasınız və sənətinizi sevəsiniz. Bütün vaxtınızı buraya sərf edəsiniz. O zaman uğur da, pul da var. Pul qazanmaq üçün film sahəsinə gələnlər uğur qazana bilməzlər. Bacarıq olmadan bu sahəyə 100-200 min tökmək doğru deyil.

- "My name is İntiqam" ilə "Xoxan"-dan sonra onlarla film təqdim olunsa da, çoxu unuduldu. Hələ də uğurlu film deyəndə "My name is İntiqam" ilə "Xoxan"-ın adı çəkilir... 

- Bəli, unuduldu. Həvəsə gəlib bu işə girən çox oldu. Vallah elələri var ki, bu sahədən anlayışı yoxdur. Dedilər, aha, bu sektor yeni inkişaf etməyə başladı, milyon qazanırlar, biz də girək. İnsanlar bilet almaq üçün növbəyə durmayıb. Gərək elə iş ərsəyə gətirəsən ki, insanlar bilet alıb filmi izləməyə gəlsin və sən qazanc əldə edəsən. İndi tamaşaçını aldatmaq olmur, onlar Hollivud, türk, rus filmlərini daim izləyir. Yaxşını pisdən seçə bilirlər. Kinoteatrda səsin, işığın rəngin keyfiyyətini anlayırlar. Ona görə tamaşaçıya bacardıqca yaxşı işlər təqdim etmək lazımdır. 

-  Qarşıda yeni film planları varmı?

- Hələ ki, "Gizlənpaç" filmi kinoteatrlarda nümayiş olunur. Növbəti işə bir müddət fasilə verdikdən sonra başlamaq istəyirik. İl ərzində komanda çəkilişlərdə çox yorulur. Ona görə marta kimi dincələcəyik. Martda yeni film haqda düşünməyə başlayacağıq. Çalışırıq ki, ildə bir film tamaşaçılara təqdim edək.


Könül İbrahim
Musavat.com
Fotolar Məhəmməd Türkmənindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR