İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisa Sayka: “Televiziyada day-daysız qabağa getmək çətindir, amma...”

1277 22.01.2017 19:15 Şou-biznes A A
Tamaşaçılar onu daha çox “Xəzər” televiziyasında efirə gedən “Star life” verilişindən tanıdı. Daha sonra isə bir çox film və serialda rol alaraq, özünü həm teleaparıcı, həm də aktrisa kimi sübut etdi.

Musavat.com saytının bu dəfəki müsahibi Sahibə Nəzərovadır. Onunla söhbətə  “Space” televiziyasında efirə gedəcək yeni verilişindən başladıq:

- Yeni verilişiniz “Təəccüb çevrəsi”-nin anonsunu paylaşmısınız. Veriliş nədən bəhs edəcək? Digərlərindən nə ilə fərqlənəcək?

- Bu haqda indidən danışmaq istəmirəm. Maraqlı proqram olacaq.  Maqazin verilişindən sonra özümü tam fərqli formatda sınadım. Uğurlu olacağına inanıram. Proqram efirə gedən zaman mediaya geniş açıqlama verəcəyəm. 
 
- Xəzər TV-də yayımlanan “Star life” maqazin verilişinin aparıcısı olmusunuz. Şou əhli ilə işləmək çətin deyildi? Hər hansı süjetə görə küsülü olduğunuz məşhur var? 

- Yox, çox şükür 5 il ərzində heç bir məşhurla küsülülüyüm, problemin olmayıb. Düşünürəm ki, proqramda kiminsə kimin isə xətrinə dəyəcək məqam olmayıb. Hər kəs ilə münasibətlərim əladır. Qalmaqalı, söz-söhbəti sevən insan deyiləm. 

- Artıq seriallarda rol almırsınız. Yeni təkliflər varmı?

- Seriallara ve filmlərə çox dəvət alıram, amma mənim üçün önəmli olan bəzi məqamlar  var ki, onların nəzərə alınmadığı təqdirdə imtina etməli oluram.

 - Arzusunda olduğunuz rol varmı? 

- Əlbəttə, hər bir aktyor və aktrisanın arzusunda olduğu rol var.  Deyirlər ki, mənfi obrazlar məndə daha yaxşı alınır.  Treller janrında filmdə rol almaq istəyirəm. 

- İnsanlarda belə bir fikir var ki, efirə çıxmaq, özünü tanıtmaq üçün mütləq tapşırıq, day-day olmalıdır. Televiziyada öz gücünə uğur qazanmaq üçün hansı keyfiyyətlər lazımdır? 

- İnsanda ağıl, savad, istedad, tərbiyə olmalıdır. Bu keyfiyyətlər daim yüksək dəyərləndirilir. Tapşırıqsız qabağa getmək çətindir, amma mümkündür. Bunun üçün özəlliyin və individuallığın olmalıdır.   

- Sosial şəbəkədən hind filmlərinə marağınızın çox olduğunu görürük. Bu sevgi haradandır? - Hindistana gedib orada fəaliyyət göstərmək istərdiniz?  

- Hindistan aşiqiyəm. Məni tanıyan hər kəs bunu bilir. Dinlədiyim mahnılar da əsasən hind mahnılarıdır. Əlbəttə ki, marağım uşaqlıqdan izlədiyim hind filmlərindən yaranıb, böyüyüb, güclənib. O zamandan bu günə kimi Hindistanı sevirəm . O ölkənin enerjisi xarici görünüşündə deyil, daxilindədir. Bunu görmək üçün o ölkəni daha yaxşı öyrənmək lazımdır, daxilinə baş vurmaq lazımdır. Çünki Hindistanın daxili işıqlı və müdrikdir. Bir məqamı da qeyd edim, Hindistan adı ingilislərdən qalıb. Əsl adı Bharatdır. Bharat isə tərcümədə müdriklik, müdrik insanların yaşadığı yer deməkdir.  Hər ölkənin öz individual özəllikləri var.  Orada müasirlik və qədim adət-ənənə bir arada yaşayır.  Hindistanın eqzotik cazibəsi var, kəskin kontraslar ölkəsidir. O ölkəyə birmənalı baxmaq lazım deyil. Böyük məmnuniyyətlə Hindistanda aktrisa kimi fəaliyyət göstərmək istərdim. Bu, mənim ən böyük arzularımdan biridir. 

- Bir az da şəxsi həyatınızdan danışaq. Niyə ailə qurmursunuz? 

- Hələ ki, qarşıma ailə quracağım insan çıxmayıb. Ona görə subayam. Ailə quracağım şəxs necə olmalıdır? Konkret cavab deyə bilmərəm. Yəqin ki, doğru insan qarşıma çıxan zaman  Allahdan bir işarə gələcək. İnanıram ki, haradasa mənim üçün yaranan insan var. 

- Şahrux Xana olan sevginiz də bəllidir. Onun kimi bəylə ailə qurardınızmı?

- Ona olan sevgim başqa sevgidir, bu əsl pərəstişkar sevgisidir. Onun kimi aktyor dünyaya gəlməyib və gəlməyəcək də.  O, canlı əfsanədir, dünya ulduzu olmaqlayanaşı, gördüyü xeyirxah işlərlə də insanların sevgisini qazanıb. O, sevgi dilində danışır, onun haqqında çox danışa bilərəm, yorulmaram. Onun kimi bəylə ailə quraram. 


Könül İbrahim
Musavat.com
Fotolar: Məhəmməd Türkmən 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR