İnsanlara hürriyət, millətlərə istiqlal!

Sement və kubik bahalaşıb - səbəb

2756 10.04.2019 10:20 İqtisadiyyat A A

Daş karxanalarının bağlanması bazarda qıtlıq yaradıb

Havaların qızması Bakıda və eləcə də bölgələrdə tikintilərin başlaması üçün şərait yaradır. Xüsusilə də qiyməti əndazəni aşan hündürmərtəbəli binalardan mənzil ala bilməyənlər Bakıətrafı ərazilərdə fərdi yaşayış evləri tikirlər. Tikintinin “çörəyi” kimi də adlandırılan sementin qiymətində artımın baş verməsi insanların narazılığına səbəb olub.

“Yeni Müsavat”ın əməkdaşı olaraq araşdırmamız zamanı öyrəndik ki, hazırda “Norm” sementinin bir kisəsinin qiyməti 6 manat 80 qəpik və dahya yüksək məbləğə satılır. Bölgələrdə qeyd etdiyimiz sementin 400 markasının  1 kisəsi 7 manat 50 qəpikdir.  300 marka sement isə bundan təxminən 50-60 qəpik ucuz qiymətə satılır. Əgər zavodun özündən birbaşa sement alırsansa, daşınma xərci də daxil, 300 marka sementin qiyməti 6 manat 30 qəpik, 400 marka sement isə 6 manat 90 qəpiyə satılır. Daşınma zavodun öhdəsinə verilmirsə, qiymətlərdə 10 qəpik endirim edilir.

Son zamanlar tikinti materialları içərisində mişar daşının (kubik) da qiyməti bahalaşıb. Ev tikintisində daha çox istifadə edilən Qaradağ daşının qiyməti  45-50 qəpik arasında dəyişir. Güzdəkdən gətirilən mişar daşının qiyməti  isə 35 qəpikdir.

Daş satıcılarının sözlərinə görə, son zamanlar daş karxanalarının bağlanması bazarda qıtlıq yaradıb. Ona görə də qiymətlərdə artım var. Məlumat üçün qeyd edək ki, ötən ilin noyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daş karxanaları ilə bağlı 7 cinayət işi başlayıb. O cümlədən həmin aylarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Bakı ətrafında yerləşən 208 daş karxanasında monitorinq aparıb. Monitorinqlər bitəndən sonra aşkarlanan pozuntularla bağlı 105 akt tərtib edilərək prokurorluğa göndərilib. Bütün bu addımların səbəbi odur ki, müəssisələrdə istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti müasir standartlara cavab verməyib. Nəticədə havaya xeyli miqdarda toz buraxılıb. Yay aylarında Bakıda müşahidə edilən toz dumanının səbəbkarı kimi daş karxanaları göstərilib. Görülən tədbirlər havanın çirklənməsinin qarşısını alsa da, daşın qiymətini qaldırıb...

Məsələ isə burasındadır ki, qeyd edilən materialların hər ikisi ölkə daxilində istehsal edilir. Bəs qiymətlərin qalxmasının səbəbi nədir?

Картинки по запросу Natiq Cəfərli

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, sement ölkədə istehsal olunsa da, xammalın bir qismi xaricdən gətirilir: “Bununla bağlı araşdırma aparmaq lazımdır ki, Rusiyada, Qazaxıstanda, İranda bu xammalın maya dəyəri nə qədərdir. Xammalın xaricdən gəlməsi elə xaricdən asılı olmaq kimi bir şeydir. Sementin bahalaşmasında ikinci səbəb sənədləşmə ilə bağlı ola bilər. Belə ki, son zamanlar sənədləşmə işlərinə xüsusi diqqət edilir. Bunun nəticəsində vergidən yayınma hallarının da qarşısı alınır. Bunun üçün alınan malların elektron qayimələrlə ötürülməsi baş verir. Bu keçid dövriyyənin artmasına və vergilərin də çox hesablanmasına səbəb olur. Ola bilər ki, bu da sement istehsalçılarını məcbur edir ki, qiyməti qaldırsınlar. Əslində sementlə özümüz-özümüzü təmin edəcək qədər istehsal gücünə malikik. Ona görə də qiymətin artmasının səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Əgər bahalaşma davam edəcəksə, o zaman ölkəyə sement gətirmək üçün qoyulan maneələr aradan qaldırılmalıdır ki, rəqabətli mühit yaransın. Azərbaycana sement satmaq istəyən kifayət qədər ölkələr var. Həm İran, həm Rusiya, həm də Qazaxıstan və Türkiyədən ölkəyə sement idxal edilməsi mümkündür. Əgər yerli istehsal bunun öhdəsindən gələ bilmirsə, bazarda hegemon rolunu nəzərə alıb qiymətləri qaldırırsa, bu zaman bazarı daha açıq hala gətirmək lazımdır. Rəqabət çox olarsa, istehsalçı şirkətlər də diqqətli olub, qiyməti artırmağa bu qədər meylli olmazlar”.

Ekspert bildirib ki, ekoloji təmizlik baxımından görülən tədbirlərin də qiymətlərə təsiri ola bilər: “Ekoloji mühitin təmiz saxlanması üçün son zamanlar daha sərt tədbirlərin görülməsinin şahidi oluruq. Bu istiqamətdə də nəzarət sərtləşib. Mümkündür ki, havanın çirklənməsinin qarşısını almaq üçün yeni avadanlıqların quraşdırılması əlavə xərclər yaradıb. Bu xərcləri də qiymətin üzərinə gəliblər. Lakin bütün bunlar vətəndaşın ziyanına olmalı deyil. Əgər yerli istehsalçılar qiyməti saxlamaqda çətinlik çəkirlərsə, o zaman rəqabətli mühiti artıraraq, xarici istehsalçıların bazara daxil olmasının daha yumşaq formalarını tapıb, qiyməti tənzimləmək mümkündür”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR