İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürək masajı həyatı xilas edir - həkim məsləhəti

5210 28.12.2016 11:18 Səhiyyə A A
Bu günlərdə Amerikan Ürək Cəmiyyətinin (AHA) saytına girəndə qarışımıza “Böyüklərin həyatını ürək masajı ilə xilas edən bu yeniyetmələri tanıyın” başlıqlı xəbər çıxır. Yazıda 3 orta məktəb şagirdinin məktəbdə  öyrəndikləri ilk tibbi yardım dərsləri sayəsində ailələrindəki 3 insanın həyatını necə xilas etdiklərindən söhbət gedir. 
      
Ürək masajı (CPR) 1960-cı illərdə tərif edilmişdir. Hər il yalnız ABŞ-ın özündə 350 000 ani ürək ölümü baş verir. Vaxtında və düzgün ürək masajı edilsə, onların bir çoxunu ölümdən döndərmək mümkündür. Ürəyi dayanan kimsənin masajla dərhal özünə gəlməsi filmlərdə çox olur, ancaq reallıqda nadirdir. Adətən elektroşok cihazı gərəklidir, hansı ki ambulanslarda mövcuddur.  Ürək masajında əsas məqsəd ambulans yetişənə qədar beyin zədələnməsini önləmək və qan dövranını qismən  də olsa davam etdirməkdir. 
      
Yerdə huşsuz yıxılıb qalmış birini gördükdə onu əvvəlcə güvənli bir yerə daşıyın. Sonra çiyinlərindən tutub silkələyərək “Necəsiniz?” deyə soruşun. Cavab yoxdursa ətrafdakı insanları köməyə çağırın və Təcili Tibi Yardım Stansiyasının “103” çağırış nömrəsinə zəng edin. Yardım gələnə qədər əvvəlcə xəstənin nəfəs alıb-almadığını kontrol edin. Bunun üçün yanağınızı xəstənin ağzına yaxınlaşdıraraq nəfəsi hiss edin və xəstənin sinəsinin hərəkətinə  baxın. Nəfəs almırsa ağciyərlərinə hava girişinin rahat olması üçün çənəsini qabağa, başını geri itələyin. Araşdırmalar göstərmişdir ki, insanlar nəbzə baxaraq xəstənin ürəyinin dayanıb-dayanmadığını anlamaqda zəifdirlər. Ona görə tənəffüsə diqqət etmək daha çox vurğulanır. Ümumiyyətlə masaja başlayana qədər ilkin müayinə 30 saniyəni keçməməlidir. Masaja başlayarkən xəstənin yanında diz çökərək döş sümüyünün aşağı yarım hissəsinə iki əli üst –üstə qoyaraq, dirsəkləri bükmədən dəqiqədə 100 dəfə olmaq şərtiylə basdırmaq lazımdır. Bu zaman döş sümüyü 5 cm içəri çökməlidir. Son araşdırmalar göstərmişdir ki, əllə masaj etmək çox effektivdir. Əvvəllər filmlərdə də çox şahidi olduğumuz ağızdan süni tənəffüs vermək indi ikinci dərəcəli önəmlidir. Əgər masaj edən şəxs ürək masajı mövzusunda təlim alıbsa,  o, ağızdan-ağıza süni tənəffüs verə bilər. Süni tənəffüs verərkən 30 dəfə masaj, sonra 2 dəfə süni tənəffüs şəklindəki ardıcıllığa əməl edilməlidir. Masaj xəstədə cavab alınana, ya da ambulans  gələnə qədər fasiləsiz olmalıdır. 
      
Ürək masajı daxil olmaqla  ilk tibbi yardım təlimləri bizim ölkədə, adətən səhiyyə işçilərini nəzərə alır. Əslində daha çox insanın həyatını qurtarmaq üçün qeyri-səhiyyə işçilərini təlimləndirən proqramlar olmalıdır. Məsələn, Amerikan Ürək Cəmiyyətinin statistikasına görə onlar hər il 17 milyon insana ürək masajı təlimi verirlər. Avropa və Amerika səhiyyə sistemində “telefonla CPR” deyilən bir qavram da var. Ətrafdakı şahidlərdən biri təcili tibbi yardım nömrəsinə zəng vurur, səsi mikrofona verir. Təcili tibi yardım stansiyasının dispetçeri isə ürək masajı edən şəxsi təlimatlandırır. İnkişaf etmiş bəzi ölkələr standartları bir az da yüksəltmiş,  aeroport , vağzal, metro stansiyaları, ticarət mərkəzləri kimi insanların sıx olduğu yerlərə ürəyə şok verməklə həyat qurtaran cihazlar yerləşdirmiş və oradakı personalı təlimləndirmişlər. 

Vüsal Vəliyev, kardioloq
vveliyev@hotmail.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR