İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə yayılan virus klassik qripdir, yoxsa...

2848 30.12.2016 10:38 Səhiyyə A A

Son günlər paytaxt sakinləri arasında sürətli şəkildə yayılan xəstəliyin klassik qripdən fərqli olduğu görünür. Belə ki, halsızlıq, əzələ ağrıları, boğaz ağrısı və temperaturla müşayiət olunan xəstəlik az qala hər evin qapısını döyüb. Hazırda kiminlə həmsöhbət olursansa, mütləq onun yaxın ətrafında - ya ailəsindən kiminsə, ya da özünün bu xəstəlikdən əziyyət çəkdiyi üzə çıxır. Apteklər isə insan selinə uğrayıb. 

Hətta mərkəzdən kənarda yerləşən qəsəbə apteklərində belə uzun-uzun növbələr yaranıb. Bir nəfər üçün satılan dərmanların ümumi məbləği bəzən 25-30 AZN-ə qədər çatır. Bu, ilkin mərhələdə tətbiq olunan nolqrip, anzibel kimi dərmanların, eləcə də boğazı dezinfeksiya etmək üçün satılan məhlullara ödənilən məbləğdir. 

Amma bununla  bağlı ekspertlərin fərqli fikirləri var. Belə ki, yayılan xəstəliyin qrip virusu olmaması ən çox səsləndirilən tezislərdən biridir. Ekspertlər bildirir ki, bu, yuxarı tənəffüs yollarında yaşayan, parazitlik edən viruslardan biridir. Yuxarı tənəffüs yollarında olan həmin viruslar soyuq havalarda nisbətən fəallaşır. İnsanlar arasında deyildiyi kimi, bu, qrip virusu deyil. Sadəcə olaraq, bu xəstəliyi qripə aid əlamətlərlə keçirdiyimiz üçün “qrip” adlandırırıq. İmmunitet sistemi zəiflədikcə camaat infeksiyanı bir-birinə tez zamanda yoluxdurur.

Image result for Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, buna epidemiya demək olmaz. Müsahibimizin sözlərinə görə, bunun epidemiya olduğunu demədən öncə ölkə ərazisində ciddi araşdırma aparılmalıdır: “Səhiyyə Nazirliyinin mütəxəssisləri o vaxt onu rəsmi elan edə bilərlər ki, ölkəni kütləvi şəkildə epidemiya bürüsün. Şükürlər olsun ki, ölkə ərazisində yoluxucu xəstəliyin epidemiyası yoxdur. Azərbaycanda 4242 kənd, 4400-dən artıq yaşayış məntəqəsi var. Kim sayıb onu ki, hər evdə 5-6 nəfər xəstə var? Bu, yanaşma yanlışdır”. 

Müsahibimiz dedi ki, xəstəliyin sürətlə yayılmasının bir səbəbi var. Belə ki, hər hansı ailədə bir nəfər xəstələnəndə onu təcrid etmirlər, ailənin digər üzvləri maska ilə gəzmir, xəstənin qab-qaşığı ayrılmır, evə sahə həkimi çağırılmır: “Bütün bunlar edilmədiyinə görə də xəstəlik sürətlə yayılır. İnsanlar xəstə üçün həkim çağırmaq əvəzinə bibi-xala məsləhəti ilə müalicə olunmağa çalışırlar. Bunun da nəticəsi uğurlu olmur. Əslində insanlar həkim təyinatından sonra müalicə olunmalıdılar. Ancaq bu halda qarşısını almaq olar. Səhiyyə Nazirliyinin rəsmisi kimi deyirəm ki, ölkədə nə qripin, nə də hər hansı başqa yoluxucu xəstəliyin epidemiyası var. Bir nəfər xəstə kimi gəlirsə, hamınız yoluxacaqsız. Bibiniz qızı xəstədirsə, onun sizə qonaq gəlməsinə ehtiyac yoxdur. Beynəlxalq təşkilatlar var. Onlar qəfil ölkəyə gəlib, vəziyyətlə tanış olurlar. Hava limanından düşüb, hansısa kəndə gedir, vəziyyəti yoxlayırlar. Səhiyyə Nazirliyinin bundan xəbəri belə olmur. Hər hansı epidemiya olsaydı, bu, artıq hesabatlarda əks olunardı”. 

Image result for Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev

Baş epidemioloqun sözlərinə görə, insanlar xəstə olduqları müddətdə işə gedirsə, küçəyə çıxırsa, soyuq mühitdə olursa, qrip uzun müddət davam edir: “Özlərini qorumayan şəxslər hər zaman soyuqdəyməyə meylli olurlar. Amma biz kimin xəstələnib-xəstələnməyəcəyi barədə proqnoz verə bilmərik. Hər evə həkim, tibb işçisi xüsusi nəzarət edə bilməz. Hər bir şəxs sağlamlığının qeydinə qalmalıdır. Virus insandan asılı olmayaraq orqanizmə yoluxur. Yoluxmanın arealına xüsusi nəzarət oluna bilməz. Bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır”.

İ.Ağayev həmçinin dedi ki, qripin tarix boyu epidemiyaları olub. Müsahibimizin sözlərinə görə, o vaxt da asqırmaq, öskürmək, hərarətin qalxması, burundan su açılması əlamətləri vardı, indi də var: "Qripin 10 il bundan qabaq əlamətləri ilə indiki eynidir. Amma epidemiologiya elm kimi formalaşandan sonra qrip xəstəliyi ayrı-ayrı adlarla olur. Amma bunu yeni xəstəlik kimi təqdim etmək düzgün deyil. Dezinformasiya yayanlar var. Hər kəs öz işi ilə məşğul olmalıdır. Xəstəliyi ağırlaşdıran xəstənin özüdür. Biri deyir, başına soyuq su qoy, o biri deyir, isti suya ayağını qoy. Apendisit deyil ki, dərhal kəsilsin və bitsin. Qripin müalicəsi bir neçə gün davam edir". 

SN rəsmisinin sözlərinə görə, nazirlik tərəfindən ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür: “Əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, onun qarşısını almaq mümkündür. Bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur. Yayda da, qışda da qripə yoluxmaq olar. Sağlamlığının qeydinə qalmayan insanlar ilin bütün fəsillərində xəstələnə bilirlər. Ümumilikdə, bu gün qriplə bağlı heç bir narahatçılıq yoxdur. Qripin çox və ya az davam etməsi hər bir insanın özündən asılıdır”.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR