İnsanlara hürriyət, millətlərə istiqlal!

Dietoloq Leyla Zülfüqarlı: "Xəmir xörəklərinin yeyilməsinə qarşıyam"

2696 01.01.2017 01:40 Səhiyyə A A

Qrip, soyuqdəymə kimi xəstəliklərin tüğyan etdiyi qış aylarında orqanizmi gücləndirməklə problemlərdən yaxa qurtarmaq olar. Orqanizmin müdafiə gücünü artırmağa gedən yol isə düzgün qidalanmadan keçir. Dietoloq Leyla Zülfüqarlı "Report"a açıqlamasında qış aylarında düzgün qidalanmağın sirlərini açıqlayıb.

Balıq şorbası yemək faydalıdır

Həkim bildirib ki, qidalanmanın ən vacib funksiyası orqanizmi müdafiə etməkdir: "Soyuq aylarda bu prosesi gücləndirmək üçün vitaminlərlə zəngin qidalardan daha çox istifadə olunması vacibdir. Təbii ki, vitaminləri qidalar vasitəsilə alırıq. Vitamin C ilə zəngin olan sitrus və digər meyvələrdən, çiy tərəvəzlərdən, kələmdən ibarət salatlardan çox istifadə etmək lazımdır. Tərəvəz şorbalarından, eyni zamanda ət məhsullarından istifadə etmək vacibdir. Balıq xörəklərinə, xüsusilə şorbalarına üstünlük verilməlidir. Təəssüf ki, Azərbaycanda balıq şorbasından çox istifadə edilmir. Şimali Avropa, Skandinaviya kimi soyuq ölkələrdə əhalinin daha az xəstələnməsinin səbəbi qidalarında balığa üstünlük vermələridir. Balıq şorbasından gündəlik istifadə edən Avropa ölkələri var. Onun tərkibində həm antioksidant var, həm də orqanizm üçün böyük faydası olan sulu xörəkdir".
Bitki çaylarına üstünlük verilməlidir

Dietoloqun sözlərinə görə, qış aylarında qara çayla müqayisədə bitki çaylarına üstünlük verilməlidir: "İltihablı və infeksiya mənşəli xəstəliklərin sağalmasında faydalı olan bitki çaylarının quru meyvələrlə qəbul edilməsi unutulmamalıdır. Quru meyvələrdə də vitamin və mikroelementlər var. Gün ərzində orqanizmi bu cür vitaminlərlə zənginləşdirsək, xəstələnmək ehtimalı da azalar. Həmçinin xəstələndiyimiz zaman daha qısa müddətdə sağalmış olarıq. Hətta saydığım qidaların gündəlik rasionda olması çox vacibdir".

Xaş, xingal yemək düzgündürmü?

Dietoloq xəmir xörəklərinin yeyilməsinə birmənalı şəkildə qarşı olduğunu da söyləyib: "Bu cür xörəklər orqanizmə mikroelement və vitaminləri az verir. Kəllə-paça (xaş), piti xörəklərini düzgün bişirməklə yemək olar. Xaşı az "günahkar" xörək saymıram. Bişirilmə və qəbulundan asılı olaraq, orqanizmə xeyir verə bilir. Çünki sümüyün iliyi bişir və onun tərkibində çox faydalı maddələr var. Bu xörək bir sutka ərzində zəif odda düzgün bişirililməli, bütün faydalı maddələrini şorbaya buraxmalıdır. Biz onu xaş şəklində, yağlı halda çörəklə yeyirik və nəticədə xeyrindən daha çox zərərini görürük. Amma o yeməyi bişirdikdən sonra dondurub yağını tamamilə atmaq lazımdır, çünki onun yağ artıq faydalı deyil. Ancaq jelatinəbənzər hissəsini, onu da günün birinci yarısında yemək lazımdır. Yüksək kalorili xörək olduğundan çörəksiz yeyilməsini məsləhət görərdim".  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR