İnsanlara hürriyət, millətlərə istiqlal!

Builki Nobel tibb mükafatının qalibi - Yosinori Osumi

1209 25.10.2016 12:25 Səhiyyə A A
İsveçin paytaxtı Stokholm şəhərində oktyabrın 3-də  2016 Tibb və Fiziologiya üzrə Nobel mükafatı laureatının adı elan edilib. Bu mükafata 20 ilə yaxın apardığı təcrübələr nəticəsində “Autofagiya” mexanizmini kəşf edən yapon bioloqu Yosinori Osumi layiq görülüb. Onun bu kəşfi bəzi xəstəliklərin müalicəsinin tapılmasına səbəb olacaq. 

Autofagiya yunan sözüdür, dilimizə “özünü yeyən” mənasında tərcümə olunur. Hüceyrənin öz tərkibini, daha doğrusu “zibili”, tullantıları necə həzm etməsi, ya da necə emal etməsi prosesidir. Hüceyrələr bu sayədə lazımsız, zərərli maddələrdən qurtulur. Autofagiya prosesi hüceyrələr üçün enerji hasil edir və hüceyrələrin yenidən qurulmasında rol oynayır. Bu konsept tibb elminə 1960-cı illərdən tanışdır.  Ancaq prosesin necə baş verdiyi haqqında məlumatlar kasad idi. 

Yosinori Osumi 1945-ci ildə Yaponiyanın Fukuke şəhərində anadan olub. 1967-1974-cü illərdə Yaponiyanın Tokio Universitetində əvvəlcə bakalavr, sonra magistr səviyyəsində təhsil alıb. Sonra ABŞ-a gedib və 3 il Nyu York şəhərində Rokfeller Universitetində doktoranturadan sonrakı təhsilini tamamlayıb, eyni zamanda da elmi işçi kimi işləyib. 1977-ci ildə elmi işçi kimi Yaponiyaya qayıdıb və Tokio Texnologiya Universitetində  öz tədqiqat qrupunu yaradaraq təcrübələrə başlayıb. 

Tədqiqatlarını xəmir mayası hüceyrəsi üzərində aparmışdır. Çünki xəmir mayası hüceyrəsi araşdırmaq üçün asandır  və insan hüceyrəsinin modeli olaraq geniş istifadə olunur. Əvvəlcə maya hüceyrəsində autofagiya olduğunu isbatlamış,  sonra isə autofagiya prosesini kontrol edən genləri kəşf etmişdir. O, minlərlə xəmir mayası hüceyrəsini mikroskop altında araşdırmış və illər ərzində 15 ədəd gen tapmışdır. Bu genlər sayəsində autofagiya mexanizmlərinin necə işlədiyini göstərib.  

Autofagiya mexanizmlərinin kəşf olunması tibdə yeni cığır açdı. Hüceyrənin autofagiya yolu ilə aclığa, stresə və infeksion xəstəliklərə hansı yolla cavab verdiyi aydın oldu. İnfeksion xəstəliklərdə hüceyrə içinə girən bakteriya və viruslar autofagiya ilə təmizlənə bilir. Yaşla birlikdə hüceyrə içində əmələ gələn zərərli zülallar və cisimciklər  autofagiya ilə aradan qaldırılır. Yosinori Osuminin yuxarıda kəşf etdiyi genlərdə əmələ gələn pozulmalar nəticəsində autofagiya mexanizmi düzgün işləmir və bəzi xəstəliklər yaranır. Tip 2 şəkər xəstəliyi, Parkinson xəstəliyi, xərçəng  xəstəliyi bu qəbildəndir. Hal-hazırda autofagiya mexanizmini hədəf alan dərmanlar üzərində qızğın araşdırmalar gedir. Güman edilir ki, autofagiya mexanizmində baş verən pozulmalar düzəldilə bilsə, yuxarıda sözü edilən xəstəliklərin müalicəsində irəliləyiş olacaq. 

Yosinori Osumiyə Nobel diplomu, Nobel qızıl medalı və 8 milyon İsveç kronundan (təxminən 1 milyon ABŞ dolları) ibarət mükafat dekabrın 10-da, yəni Alfred Nobelin ölüm ildönümündə Stokholm şəhərində təqdim olunacaq.

Tibb sahəsində vətənimiz Azərbaycana nə vaxt  Nobel mükafatı qismət olacaq bilinmir. Ancaq o bilinir ki, Nobel mükafatı laureatı elm yolu ilə gedən, elm adamlarının sayılıb-seçildiyi, müstəqil tədqiqat aparmağa şərait yaradan və dəstəkləyən cəmiyyətlərdə yetişir. 

Vüsal Vəliyev, kardioloq
vveliyev@hotmail.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR