İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sarı jiletlilər”, biz və inqilabdan sığortalanmayanlar” – Deputatdan kritik şərh!

3709 18.12.2018 08:26 Siyasət A A

Hər dövrün öz siyasi “adət-ənənəsi” var. Bir vaxtlar dünyada ən bahalı parça narıncı rəngdə olan idi.  İnqilabsevərlərin nəinki köynək və qalstukları, hətta əl yaylıqları belə məlum rəngə boyanmışdı. Trikotaj fabrikləri sifarişi - sifariş dalınca alırdı. Daha sonrakı broyler məhsulu – “ərəb baharı” isə daha çox qara rəngi təbliğ eləməyə başladı. Baxmayaraq ki, bu rəng həm də neftin simvolizəsi idi. Üstəlik, biznes layihə. Bəli, məlum baharın lokomotivi olan “İŞİD”in ordu yaradıb, neft satmaq kimi funksiyaları bəlli olanda da kimsə şok yaşamadı, bunu belə estafetin davamı kimi həzm etdilər. Alan aldı, satan satdı və necə deyərlər “gözəl”, “səmərəli” bir perspektivin imzası atıldı. Hətta bir ara az qalmışdı dünya birjalarında “İşid nefti”nin xüsusi tarif-filanı da formalaşsın. Ki, xammal qiyməti budur, emal olunmuş qiyməti bu. İndi də “sarı jiletlilər”...

Fransa “sarı jiletlilər”in cənginə gələndə Makron ciddən panika yaşadı. Ta Strasburqdakı qətliama və ardınca elan olunan fövqəladə rejimə qədər.

 “Dərin dövlət” hakimiyyətə qeyd-şərtsiz gətirdiyi kadrların ərköyünlüyünü sevmir. Gizlin öhdəlikləri peysərə vermədən yerinə yetirəcəksən– vəssalam! İmperativ normadır bu. Müzakirə olunmur! Qərbin o boyda nəhəngini həftə səkkiz-mən doqquz abstrakt video və audiolarla çaş-baş qoyub sərgəndər eləməyə güc çatacaq, Makrona yox? Təbii, çatacaq. Mexanizm isə sadədir: problemi yaradıb daha sonra başqa problemlə malalamaq. Lap qısası, o jilet hansı fabrikdə dünyaya göz açmışdısa Strasburqda deşik açan qayçılar da həmin dəzgahxananın məhsulu idi.

Qulaq burub, qulaq qızardıb ardınca da, o qulağa məlhəm sürtmək eyni patronajlıqdadır – bunu demək istədim.      

Belçıka, Yunanıstan, Hollandiya, İngiltərə, İsrailin ardınca Kanadaya dığırlanıblar. Yəni, bir-birindən tam fərqli qütblərə. Mesaj isə budur ki, sözləri Çin Şarpa, musiqisi Sorosa məxsus “narıncı inqilab”, “ərəb baharı”-  kimi məhdud əhatə dairəli “şarkılar” artıq mövcud siyasi şərtlər üçün keçərli deyil. Bu dəfə daha geniş diapazon nəzərdə tutulur. “A”dan “Z”yə qədər. Ayrıca, həm də şübhə yaratmamaq məqsədilə.

***

Dünyanın 2 qlobal silahı arasında (sıralamasında) NÜVƏ yoxdur. Əmin olun! Neft və informasiya. Bəşəriyyətin düzənini bunların aşağı-yuxarı dinamikası müəyyən edir və deyim ki, heç birindən də təyinatı üzrə istifadə olunmur. Gündəm - neftdən asılılığın imitasiyası və informasiyanın “dezo” formatı ilə zəbt edilib. Diqqət edin, Amerika deyir, 43 milyard barrel neft, 8 trilyon kubmetr qaz və 20 milyard barrel təbii maye qazı tapıb. Daxili yataqlarda. Və bunu o ölkə deyir ki, tarix boyu əlində olan təbii resurslarını az qala dövlət sirri kimi gizlin saxlayıb. Hörmətli professor, eks maliyyə naziri Saleh Məmmədov da “müsavat.com”a məlum hadisəni o rakursdan şərh edir ki, ehtiyatlı olmalıyıq, neft erası bitir. Əslində düz deyir. Alimin iqtisadi yanaşması rəqəmlər üzərindən tam məntiqlidir. Fəqət ələ “siyasi binokl” almayana, həmin iqtisadi göstəricilərin kürəyinə yapışmış məqamları siyasiləşdirməyənə qədər!

Sarı jiletlilər Makron ile ilgili görsel sonucu

Diqqət edin: Qaşıqçının ölümündən sonra Səudiyyə rahat 1 trilyon itirib. Neftlə. Kralla bağlı hər sərt açıqlamadan sonra 50 milyardlıq siyasi rüşvət haralarasa, hansı kanallarasa, hansı layihələrəsə axır və neftin hasilatı azalmasa da qiymət əhəmiyyətli dərəcədə eniş dinamikasındadır. Ən azından 3-4 ay bundan əvvəlki rəqəmlə müqayisədə. Qərbin də planı odur ki, madam ələ Qaşıqçı timsalında göydəndüşmə fürsət keçib, bunu dəyərləndirmək lazımdır. Ona görə yeni tapıntılar barədə dünya informasiya məkanına təcili məlumatlar ötürülür. Ki, hələ yaxın 10 il üçün neft asılılığımız, ehtiyacımız yoxdur. Üstəlik, bu halda “OPEK”-ə nəzarət imkanının, neft ölkələrinin minnətçi obrazının formalaşacağını da ehmal edir. Budur səbəb! Müharibələr, qanlı toqquşmalar isə artıq ideoloji formata –  yüksək qonorarlı beyin mərkəzlərinin istehsal etdiyi “sarı jiletlilər” kimi cərəyanlara transfer edilir. Suriya skandalından sonrakı fikir ayrılıqları səbəbindən bu dəfə daha optimal variant seçilib. Məlum hadisəyə münasibətdə xatırlayırsınızsa Avropa və Amerika həmyəy idi, fəqət miqrant problemi çıxandan, İngiltərə Avropa Birliyini tərk edəndən sonra “sövdələşmə” pozuldu. Ki, xeyir ola, sənin təşəbbüsünə qoşulacayıq, amma müharibə nəticəsində vətənindən qaçqın düşənlər ancaq bizim ölkələrə doluşacaq? Bu səbəbdən pambıqla baş kəsimini nəzərdə tutan yeni “B” variantı ssenarisi yazıldı - “Sarı jiletlilər”in ssenarisi. Bu cərəyan qlobal siyasətdə velosiped funksiyası daşıyır: adam öldürmür, benzin yemir, daim hərəkətlidir, yaxşıca adrenalindir. Yaxşı bəs niyə yalnız inkişaf etmiş ölkələr? Hədəfdə niyə onlardır? Hakimiyyət dəyişikliyidirmi məqsəd? Yox, təbii. Baş qatmaq. Sadəcə və sadəcə. Daha doğrusu, başlarını özlərinə qatmaq. Vəssalam. Ki, sabah məsələn Paşinyan cızıqdan, xətdən çıxıb onu seçkilərdə Avropanın, Fransanın da müdafiə elədiyini söyləsə anındaca xatırlatsınlar ki, Makron qardaşının başı həmin vaxt özünə qarışmışdı. Təbii, əks qütbdə Qərbin gələcək siyasi planlarına qarşı çıxması ehtimal edilən “qəmbərqulular” da öz daxili problemləri ilə məşğul olacaq və böyük-böyük işlərə burun soxma şanslarını itirəcəklər. Yəni, balacaları bitirmək müdaxilə olmayan yerdə və məqamda çox rahatdır. Qərb sadəcə bu komfortun təminatını məqsəd, prioritet qoyub. Özü üçün.

Ä°lgili resim

Kiçik, inkişaf etməmiş və ya etməkdə olan ölkələr üçünsə, daha kustar mexanizmlərdən istifadə olunur və hələ ki, məlum qüvvələrin seçkidən başqa hansısa digər alternativdən yararlandıqlarını kimsə görməyib. Bu və ya digər formada. Yəni, belə ölkələrdə qanlı inqilabı da seçki üzərindən edirlər, məxməri çevrilişləri də. Zurabişvili hakimiyyətə necə gəldi? – Tər-təmiz. Pulun, daha güclü təbliğat imkanlarının, resursların, hər nəyin hesabına– fərq eləmir. Seçki qüsursuz idi. Önəmlisi budur. Halbuki son ana qədər onu misilsiz Saakaşvili ilə müqyisə eləmək belə ayıb sayılardı. Amma nəticə göz qabağındadır: ömrün boyunca xarici dövlətdə yaşa, bir başqa dünyanın mədəniyyətini, şüurunu mənimsə, axırda da gəl prezident ol. Öz də qanuni.  Təmiz. “Dərin dövlət”in gücü və hikməti ilə reallaşan məxməri gedişat budur! Ya da olsun Paşinyan. Sarkisyanın komandasının 2 önəmli fiquru de-fakto ələ alınan kimi bütün administrativ resurslar çökdü, ardınca süni (broyler) inqilab, saxta kütlə fonu yaradıldı. Sarkisyan qorxaqdır – duruş gətirsə proses qana gedər, ya da bərpa olardı. O məmur tipləri var ha, müstəqil qərar qəbul etmə potensialları sıfırın altında olar, müdir icazəsi olmadan vəfat etmiş anasının tabutunun da altına girməzlər, bax Sarkisyan həmin tipdir. Putin iki telefon zəngini cavabsız qoyan kimi sükandan ayrıldı. Nəticə çıxardı ki, dabana tüpürmək lazımdır. Oysa, Sarkisyanın yerində məsələn Bəşər Əsəd olsaydı, Paşinyan indi güman ki, Arif Məmmədov kimi uber-taksi sürürdü. O da ən yaxşı halda. Yəni, rəqib Sarkisyanın kəramətinə uyğun çıxarılsa da prosesin gedişatı abstrakt nəticələrə hesablanmışdı və ya müqayisə bir az kobud çıxacaqsa da deyim: pullu adamın qəbahətli qızına ər seçimi necə edilirsə, Ermənistana rəhbər seçimi də elə edilib. Əlacsızlıqdan. Yoxsa ay xalq belə gəldi, millət elə getdi... Hardaydı ayın 9-u xalq?

Tarix boyu real inqilablardan sonrakı seçkilərdə aktivlik ən yüksək həddə olub. Müxalifət adına bir, iqtidar adına başqa cür ayıb olan məlum biabırçılıq niyə ört-bastır edildi?

Çünki paralel fonda həm də demoqrafik problem, Ermənistan əhalisinin əslində faktiki 50 faizinin ölkədə olmadığı etiraf edilməli idi. Dağlıq Qarabağ + cəbhədə əsgər problemi olan ölkənin belə etirafda bulunması isə, məlum dövr üçün ölümə bərabər məhrumiyyətdir. Yeznə deputat, qayın deputat, 2 əmioğlu, 3 bibioğlu deputat. Budur inqilab törəməsi, inqilabdan sonrakı demokratik inkişaf? Hə, hamısı şəffaf seçilib. Razıyam. Amma bütün rənglərin qutuda qapalı qaldığı məqamda. Həmin qapağı açıb-bağlayanlarsa sirli, separat qüvvələr deyil. Ortadadırlar.

Rusun məkanına, meydanına “sarı jilet” çıxarmaq mümkün deyil, o jiletin hava vuranını tapıb, ardınca nasosun tiyəsini soxarlar məlum qüvvənin gözünə. Ona görə əlində, qəyyumluğunda və tabeçiliyində olanları belə “sındırırlar”. Əli Kərimli öz “facebook” statusunda ha şövqlə, qardaş sevinci və sevgisi ilə, bəxtəvərlikdən salto vurmuş görkəmlə desin ki, Paşinyan halal səsi, qüdrəti, ağlı, şəxsiyyəti ilə qalib qəlib, sıra bizimdi filan – mənası yoxdur! Fakt faktlığında qalır: Ermənistandakı demokratiya əli-qolu bağlıların üzərindən yürüdülən demokratiyadır. Bu məxməri inqilab da deyil, abstrakt gedişatdır, naməlum istiqamətə yönələr xaosdur. Nəticəsi isə, bir azdan görünəcək. Lap yaxında.

***

Razıyam, AzTV hərdən şişirdir. Amma etiraf edək: bu kanalın müxtəlif camiələrdə uzun müddət sarkazmla qarşılnan “Avropa dağılır” - iddiası deyəsən zarafat-zarafat gerçəkləşməkdədir.

Biz - büdcədə “uşaq pulu”nun qaldırılması  hayındayıqsa, Avropa və dünya o uşağın özünü qanlardan, müharibələrdən qorumaq hayındadır!

Biz - şəhid pulunun verilməsi ilə bağlı mexanizmlərin hazırlanması, düzgün tətbiqi hayındayıqsa, Avropa və dünya hər gün həmin şəhidin yenisini verməmək, canlı itkiləri təzələməmək hayındadır!

Biz- daha yaxşı yaşamağın, fərd və şəxsiyyət kimi daha üst mövqelərə yürüməyin hayındayıqsa, Avropa və dünya sadəcə terrordan sığortalanmağın, ölməməyin, öldürülməməyin hayındadır!

Srağagün Strasburqda idim. Axşam düz doqquzdan etibarən rəsmi silahlılar şəhəri bürüdü. Mərkəzdən otelə gəlincə yolüstü hərbi patrullar tərəfindən min cür sorğu-suala tuş gəldim. Diplomatik pasportum belə bir işə yaramadı. İsrarla qapalı obyektə girişimi tələb etdilər. Səhər hava limanına isə, yüz postdan keçərək yetişdim...

Sabitlik – sərvətdir.

Ölkəmin sərhədlərinə hər girişimdə bu hissi yaşamaq isə duyğuların, duyduqlarımın ən gözəlidir.

Var olsun, Azərbaycanı bu məqama gətirənlər, bizə bu rahatlığı bəxş edənlər!

Elşən Musayev, Milli Məclisin deputatı.

    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR