İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın antidollar qanununun Azərbaycana mümkün təsirləri

1280 05.10.2018 15:00 İqtisadiyyat A A

“Bloomberg”dən ilginc iddia: “Dolların tiranlığı bitir”

Rusiya hökuməti daxili iqtisadiyyatın dollarsızlaşdırılmasını nəzərdə tutan qanun layihəsi üzərində çalışır.

Bu barədə Rusiya hökumətindəki 3 mənbəyə istinadən məlumat verən “The Bell” nəşrinin yazdığına görə, yüksək dairələrin iştirakı ilə hazırlanan qanun layihəsi uzağı 2 həftəyə Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən təsdiqlənəcək.

Qanun VTB rəhbəri Andrey Kostinin planının motivləri əsasında hazırlanıb. Rusiya hökumətindəki mənbə bildirib ki, dollarla hesablaşmalara qadağa qoyulmayacaq. İlk olaraq Rusiya hökuməti əsas ticarət tərəfdaşları olan Çin, Avropa Birliyi və KTMT ilə milli valyutalarla hesablaşmaya keçməyi hədəfləyir. Bu zaman əsas valyuta olaraq yuan, avro və rubldan istifadə ediləcək. Mərkəzi Bank isə valyuta ilə birbaşa svop əməliyyatlarını dollara konvertasiya etmədən reallaşdırmaq üçün lazım olan valyutanı daxili bazardan əldə etmək mexanizmini hazırlamalıdır.

Qeyd edək ki, Rusiyada antidollar qanununun hazırlanması xəbərindən sonra nüfuzlu “Bloomberg” agentliyi də ABŞ valyutasının hökmranlığının sarsıldığını bəyan edib: “Qlobal maliyyə bazarlarında ABŞ dollarının hökmranlığı sarsılıb, dünya liderləri onu dominant kimi qəbul etməkdən imtina etməyə başlayıblar. Dolların tiranlığı sona çatır”.

Agentlik qeyd edir ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya Amerika valyutasında aktivlərini azaldır, Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransanın maliyyə naziri Bruno Le Mer isə bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir. Bundan əlavə, Avropa İttifaqı həm də dolların əhatə dairəsindən çıxaraq ABŞ-ın müxtəlif ölkələrə tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışır.

Bununla belə, agentlik yazıb ki, dollar hələ ki liderliyini qoruya bilir, ona tələbat var və əsas məsələ də elə bu tələbatın qorunub-saxlanılmasıdır. Bunun üçün diplomatik əlaqələrdən yararlanmalı, ABŞ-ın ticarət tərəfdaşları üçün dolların əlçatanlığı saxlanılmalı və Amerika valyutasından digər ölkələrə zərbə vurmaq üçün istifadə edilməməlidir.

Göründüyü kimi, dünyada, eləcə də Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrdə dollardan imtina istiqamətində ciddi proseslər başladılıb. Xüsusilə qeyri-neft ixracatımızın yarıdan çoxunun reallaşdığı Rusiyanın qarşılıqlı hesablaşmalarda dollardan imtinaya hesablanmış addımları Azərbaycan ixracatçıları, həmçinin bu ölkədən mal idxal edənləri çətin duruma sala bilər. Qeyri-stabil valyuta olan Rusiya rublu ilə hesablaşma əldə olunan gəlirlərin qısa zaman ərzində dəyərsizləşməsi təhlükəsini yaradır.

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, şimal qonşumuzun dollardan uzaqlaşması real deyil: “Rusiyanın dollardan hansı mexanizm əsasında imtina edəcəyi hələ məlum deyil. Bəli, deyilir ki, qanun layihəsi hazırlanır. Ancaq qanunda bu məsələnin necə təsbit olunacağı bəlli deyil. Rusiya hökuməti özü də dollar hesablarından imtina etməyi, ölkəyə dollar gətirilməsini qadağan etməyi planlaşdırmadığını bildirib. Çünki inzibati metodlarla buna nail olmaq mümkün deyil. Söhbət xarici ticarət əməliyyatlarından gedir. Bu da çox mücərrəd bir mövzudur, istəkdir. Tutaq ki, Rusiya-Azərbaycan qarşılıqlı ticarət əlaqələrini və yaxud mal dövriyyəsini dəyərləndirmək istəyirik. Bunu manatla, yoxsa rublla ifadə edəcəyik? Məsələn, hər hansı bir sahibkarımız Rusiyada öz malını satıb və xeyli vəsait əldə edib - bunu yığıma yönəltmək istəyir. Hansı valyutaya üstünlük verəcək? Rubla, yoxsa manata? Təbii ki, dollara... Eyni ilə də rusiyalı iş adamları bizdə qazandıqlarını dollarla haqq-hesab edəcəklər”.

Ekspert bildirir ki, manat rubldan bahadır: “Niyə? Rusiya iqtisadiyyatı bizimkindən dəfələrlə böyükdür, bu, necə olur? Təbii ki, bu, ABŞ dollarına görə belədir. 1 ABŞ dollarının ölkəmizdə alış gücü ilə, Rusiyada alış gücü eyni deyil. Bax, bu kimi məsələləri Rusiyada qəbul olunacaq qanun necə tənzimləyəcək? Uzaqbaşı, sözügedən qanun lahiyəsində yazılacaq ki, filan-filan əməliyyatlar rublla aparılsın və sair. Amma misal üçün, mənim Rusiyada rublla qazandıqlarımı ABŞ valyutası ilə ifadə etməyimə və saxlamağıma heç bir qanun məhdudiyyət qoya bilməz. Bu, eyni zamanda ölkələrarası ticarət və iqtisadi əlaqələrə də aiddir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR