İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Türkiyəyə “yaşıl işıq”: Azərbaycanda pomidor ucuzlaşacaq

3084 30.04.2018 08:25 İqtisadiyyat A A

Rəşad Həsənov: “Bizim sahibkarlar məhsullarının bir qismini daxili bazarda satmağa məcbur olarsa, bu, təklifin artmasına və qiymətlərin optimallaşmasına gətirəcək”

Rusiya may ayının 1-dən Türkiyə pomidorlarına qoyduğu qadağanı aradan qaldırmağa qərar verib. Bu, qardaş ölkənin pomidor istehsalçıları üçün nə qədər müsbət qərar olsa da, Azərbaycan istehsalçıları üçün bəd xəbərdir. Qeyd edək ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti məlumat yayıb.

Daha öncə Rusiya Türkiyə ilə aralarında baş verən təyyarə böhranından sonra pomidor idxalına qadağa qoymuşdu. Məhz həmin müddətdə Azərbaycan fermerləri öz məhsullarını Rusiya bazarlarına çıxarıblar.

Keçən il Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə - 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) çoxalıb. Cari ildə ixracın daha da artırılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Azərbaycan pomidor ixracı üçün subsidiyaların verilməsi imkanını da nəzərdən keçirə bilər.

Lakin görünən odur ki, Azərbaycan Rusiya kimi nəhəng bir bazarda payının böyük bir hissəsini itirəcək. Bəs görəsən bu durum daxili bazara necə təsir göstərəcək?

Natiq Cəfərli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı  ekspert Natiq Cəfərli bildirdi ki, Rusiya bu faktordan danışıqlar prosesində təzyiq vasitəsi kimi istifadə edir: “Təqribən iki il öncə bu Türkiyədən Rusiyaya pomidor idxalı qadağan edilmişdi. Ancaq artıq bu qadağaların tam aradan qaldırılması üçün danışıqlar yekunlaşıb. Hətta ilkin 50 min ton pomidorun Rusiya bazarına daxil olması ilə bağlı razılaşma da var idi. Rusiya həmişə bu məsələdən Türkiyə ilə danışıqlarda bir təzyiq vasitəsi kimi istifadə edib. Türkiyə Rusiya bazarının təqribən 50 faizə yaxınını pomidor, xiyar  və digər kənd təsərrüfatı məhsulları ilə  təmin edirdi və iki ölkə arasında aqrar məhsullar üzrə 50 milyard dollarlıq ticarət mövcud idi. Rusiya zaman-zaman bu faktordan həm Türkiyəyə, həm də digər ölkələrə qarşı istifadə edir. Əsasən də siyasi səbəblərdən bazarın bağlanması, bazarda problemlərin yaranması barədə qərar verir, daha sonra danışıqlar nəticəsində digər məsələlərdə güzəştlər əldə etdikdən sonra bu qadağaları aradan götürür. Artıq qadağaların tamamilə götürülməsi üzrə danışıqlar yekunlaşmaqdadır”.

İqtisadçı ekspert Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, iki ölkə arasındakı razılaşma Azərbaycanın daxili bazarında pomidorun ucuzlaşmasına səbəb olacaq: “Azərbaycanın qeyri-neft sektorunda əsas ixrac məhsulu kənd təsərrüfatı məhsullarıdır. Aqrar məhsulların strukturunda isə ən çox ixrac olunan pomidordur. Pomidorun əsas bazarı isə Rusiya bazarıdır. 2015-ci ildən sonra Rusiya ilə Türkiyə arasında yaranan siyasi böhranın nəticəsi olaraq bu ölkəyə pomidor ixracının məhdudlaşdırılması azərbaycanlı fermerlərin manevr imkanlarını artırdı. İxracın həcmində əhəmiyyətli artımlar oldu. Bu dövrdə müxtəlif məsələlər də ortaya çıxdı, Türkiyə pomidorunun Azərbaycan üzərindən ixracı ilə bağlı iddialar irəli sürüldü. Ancaq bu kimi məsələlər çox da güclü təsir göstərmədi və fermerlərimiz Rusiya bazarında daha böyük manevr imkanı əldə etdi. Artıq Türkiyə pomidoruna olan qadağa aradan qalxıb. Rusiya bazarında üstünlük Türkiyə məhsullarına aid olacaq. Bu həm də Rusiyada məhsulun bollaşmasına və qiymətlərin ucuzlaşmasına təsir göstərəcək. Tələbin həcmi də artıq əvvəlki səviyyədə olmayacaq. Nəticədə yerli istehsalçılar əllərindəki məhsulun bir qismini daxili bazara yönəltməli olacaqlar. Bu gün də daxili bazara məhsul satışı var. Ancaq Rusiya bazarına marağın yüksək olması istehsal olunan pomidorun böyük əksəriyyətinin ixrac olunmasına gətirib çıxardı. Bu bir tərəfdən ölkəyə valyuta  daxilolmalarının artmasına səbəb olurdusa, digər tərəfdən ölkə əhalisi bu prosesdə zərər görürdü. Daxili bazarda təklifin məhdud olması səbəbindən əhali məhsulu yüksək qiymətə alırdı. Hazırda daxili bazarda pomidorun qiyməti Azərbaycan ailəsinin imkanlarına uyğun deyil. Bu da son nəticədə ölkə əhalisinin istehlakının strukturuna təsir göstərir. Rusiyanın Türkiyə pomidoruna olan qadağanı ləğv etməsindən sonra bizim sahibkarlar məhsullarının bir qismini daxili bazarda satmağa məcbur olarlarsa, bu təklifin artmasına və qiymətlərin optimallaşmasına səbəb olacaq. Bir qrup sahibkar zərərlə üzləşsə də, daha geniş kütlə - əhali ucuz qiymətə pomidor ala biləcək”.

Son razılaşmanın Türkiyə iqtisadiyyatına təsirlərinə gəlincə, R.Həsənov vurğuladı ki, çox ciddi bir təsirdən söhbət getmir: “Türkiyə iqtisadiyyatı çox böyükdür. Ancaq bu məsələ də qardaş ölkə üçün önəm kəsb edir və Rusiya-Türkiyə danışıqlarında pomidor məsələsi də mühüm yer tuturdu. Məhdudiyyətlərin tam aradan qaldırılmasının Türkiyə iqtisadiyyatına müəyyən qədər müsbət təsiri olacaq. Ancaq bunun çox böyük bir qatqısının olacağını düşünmürəm. Çünki son nəticədə kənd təsərrüfatı məhsuludur. Aqrar sektorda çalışanların gəlirləri artsa da, bu bir beyin məhsulu deyil. Burada yaradılan əlavə dəyər çox aşağıdır. Türkiyə Rusiyaya pomidor ixrac etməklə müəyyən dividentlər əldə etmiş olacaq. Bu artıq bir prinsip məsələsinə çevrilib və hər iki tərəf bu məsələdə həssaslıq nümayiş etdirir”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR