İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada prezident seçkiləri - MOSKVADAN REPORTAJ -FOTOSESSİYA

1321 18.03.2018 20:32 Reportaj A A

Bu gün Rusiyada prezident seçkiləri keçirilir. 97 min 300-dən çox məntəqədə keçirilən seçkilərdə 109 milyona qədər seçicinin səs verməsi gözlənilir. Bakı vaxtı ilə 00:00 da Rusiyanın şərqində, Çukotka, Maqadan, Kamçatka və Saxalində başlayan seçkilər artıq yekunlaşıb, səslərin sayılmasına başlanılıb.


APA-nın Moskva müxbiri paytaxtın bir neçə seçki məntəqəsində olub.

 

İlk olaraq müxbirimiz 3 saylı seçki məntəqəsində olub. Şəhərin mərkəzində, Hökumət Evinin yanında yerləşən bu seçki məntəqəsində fəallıq müşahidə olunub. Paytaxt sakinləri normal qaydada seçki hüquqlarından istifadə etdiklərini bildiriblər. Seçki məntəqəsində prezidentliyə namizədlərin təmsil olunduğu siyasi partiyaların nümayəndələri, beynəlxalq təşkilatlardan olan müşahidəçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri olublar.

 


3 saylı seçki məntəqəsinin sədri Vasiliy Fedetov saat 15:00-a qədər məntəqədə yüksək fəallığın müşahidə olunduğunu söyləyib. Onun sözlərinə görə, bu vaxta kimi 44 %-ə qədər seçici artıq seçki hüququndan istifadə edib. Bu şəhərin mərkəzində yerləşən seçki məntəqəsi üçün yüksək göstəricidir: "Bu onu göstərir ki, seçici fəallığı çox yüksəkdir”.

 

Müxbirimiz daha sonra mərkəzdən kənarda yerləşən, əhalinin sıx yaşadığı Severnoe Çertanovo rayonunda yerləşən 2027 və 2032 saylı seçki məntəqələrində olub. Bu məntəqələrdə də seçicilərin aktivliyi müşahidə edilib. Seçki məntəqəsində müşahidə aparan siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri seçici fəallığını yüksək qiymətləndiriblər.

 

Bu ilki seçkilər ötən ildə keçirilən seçkilərdən bir sıra yenilikləri ilə fərqlənib. Rusiyanın seçki qanunvericiliyinə edilən yeniliyə görə, seçicilər yaşayış yerlərinə görə deyil, həm də seçki vaxtı olduqları yerdə səsvermə hüququna malik ola biliblər. Yəni, işi ilə əlaqədar yaşadığı yerdə olmayan seçici faktiki olduğu yerdə səsvermə hüququndan istifadə edə bilib. Hətta ilk dəfə olaraq Moskvanın Kazan vağzalında seçki məntəqəsi açılıb. Səfər edən rusiyalı seçicilər yolüstü öz səsvermə hüququndan istifadə edə biliblər.

 

APA-nın müxbiri seçkilərdə iştirak edən Moskva sakinlərindən bir neçəsi ilə söhbət edib. Onlar seçicilər üçün normal şərait yaradıldığını, rahatlıqla konstitusion hüquqlarından istifadə etdiklərini söyləyiblər.

 

Rusiya Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Moskva vaxtı ilə 17:00-da Uzaq Şərqin və Sibirin 20 regionunda: Saxalin, İrkutsk, Maqadan, Tomsk, Kemerovsk, Amur, Novosibirsk vilayətləri, Kamçatka, Zabaykal, Primorsk, Krasnoyarsk, Xabarovsk və Altay diyarlarında, eləcə də Buryatiya, Yakutiya, Tuva, Xakasiya və Çukotkada, Yəhudi muxtar vilayətində seçkilərin artıq bitdiyini açıqlayıb. Həmin müddətə qədər ölkə üzrə seçici fəallığı 51,9 faiz olub. Rusiya MSK sədri Ella Panfilova bu göstəricinin 2012-ci ildə keçirilən seçki ilə müqayisədə yüksək olduğunu söyləyib.


Seçkilər saat 20:00-da yekunlaşacaq. Daha sonra səslərin sayılmasına başlanacaq.

 

Rusiya Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin və müxalif "Vətəndaş təşəbbüsü" Partiyasının namizədi Kseniya Sobçakın nümayəndələri regionlarda çoxlu sayda qayda pozuntularının, seçki qutularına birdəfəlik bülletenlərin atılması hallarını olduğunu bildirib, bununla bağlı Rusiya MSK-nı tədbir görməyə çağırıblar.

 

Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasının namizədi, Lenin adına sovxozun direktoru Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar. Birinci turda qələbə üçün səsvermədə iştirak edən seçicilərin 50 faizindən çoxunun səsini qazanmaq lazımdır. Əgər heç bir namizəd səslərin yarısından çoxunu toplaya bilməsə, birinci və ikinci yeri tutmuş namizədlər arasında ikinci tur təyin ediləcək. İkinci turda daha çox səs toplamış namizəd qalib elan olunacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR