İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycandan nə istəyir...

Elçin Mirzəbəyli: “Ruslar Qafqazı əzəndə elə bil özlərini xoşbəxt hiss edirlər”; Sahib Kərimli: “Özlərini böyüklərdən də böyük görürlər”

Tarixən Azərbaycan üzərində öz nəzarətini saxlamağa çalışan Rusiyanın ölkəmiz üzərində təzyiqlərini müstəqillik qazandıqdan sonra da hiss edirik. Xüsusilə Azərbaycanda keçirilən hər seçkilər ərəfəsində şimal qonşumuzun təzyiqlərinin artdığının, seçkilərə müdaxiləsinin şahidi oluruq.


2013-cü ilin prezident seçkilərində bu hal özünü daha qabarıq şəkildə büruzə verdi. Məhz o zamanlar Rusiyanın projesi ilə Milli Şura yaradıldı və bununla Kremlin rəsmi Bakıya kifayət qədər təsir etmək imkanları oldu. Gələn il keçiriləcək prezident seçkilərində yenə də Rusiya barmağının ola biləcəyi ilə bağlı fikirlər meydana çıxmağa başlayıb.


Maraqlıdır ki, Rusiya-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu vaxtlarda belə, rəsmi Moskvanın bir yol tapıb, ölkəmizə təzyiq etdiyinə şahidlik etmişik. Son olaraq Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında gedən prosesləri xatırlamaq kifayət edir. Qonşu ölkəyə qarşı heç zaman əks siyasət yürütməyən, daim balanslı siyasətə üstünlük verən Azərbaycana münasibətdə şimal qonşumuzun bu cür mövqeyinin olması daim suallar yaradır. Rəsmi Bakının bu təzyiqləri birdəfəlik sıradan çıxarması ilə bağlı ən müxtəlif fikirlər var.


Politoloq Elçin Mirzəbəyli Rusiyanın Azərbaycanın müstəqilliyini həzm edə bilmədiyini, bundan sonra da etməyəcəyini düşünür: “Bu reallığı birdəfəlik qəbul etmək lazımdır. Rusiya Azərbaycanın da Ermənistan kimi forpost olmasını istəyir və bunun müqabilində heç bir addım atmaq, ədalətli davranmaq niyyətində də deyil. Qafqazı fəth etmək rus millətçiliyinin ideoloji əsaslarını təşkil edir. Açın Rusiyanın heykəl qoyduğumuz və qoymadığımız bütün tanınmış yazarlarının əsərlərini oxuyun... İlk misra və ya sətirdən sonra bunların yadına Qafqazın ram edilməsi düşür. ”Qafqazın fəth edilməsi" rus milli düşüncəsinin, ədəbiyyatının ana xəttini təşkil edir. Ruslar Qafqazı əzəndə elə bil özlərini xoşbəxt hiss edirlər. Bu nə isə qəribə bir maniyadır... Doğrusu, bəzən çətinlik çəkirəm anlamağa - nəyin qisasını alırlar bizdən? Hansı natamamlıq kompleksidir onlara rahatlıq verməyən? Mən illər öncə, 1991-ci ildə dostluq münasibətində olduğum rus mədəni elitasının təmsilçilərindən Rusiya imperiyasının sərhədləri haqqında aqressiv, hikkəli bəyanatları eşidəndə Rusiyanın heç vaxt sivil və ədalətli olmayacağını, başqa xalqların azadlığına sayğıyla yanaşmayacağını başa düşmüşdüm. Və eyni zamanda başa düşmüşdüm ki, imperiyanın tör-töküntüləri milli şüur daşıyıcısı və istiqlal tərəfdarı olan insanlara heç yerdə rahatlıq verməyəcəklər... “Milli Şura” adlı xəyanət yuvasının yaradılması da, Ümumrusiya Azərbaycanlıları Konqresindəki bölücülük fəaliyyəti də seçkilərdən bir il öncəyə təsadüf edirdi. Ola bilsin ki, yenə də eyni ssenarini işə salmaq istəyən qüvvələr var. Amma Rusiyanın təzyiqləri heç vaxt dayanmır ki... Seçkilər, sadəcə, nüfuz müvəkkillərinin daxili siyasi səhnədə leqal olaraq üzə çıxmalarına imkan yaradır. Seçki olmadığı dövrdə bu amil daha çox daxili siyasətdən kənar proseslərdə nəzərə çarpır. Bu baxımdan, prosesləri öncədən proqnozlaşdırmaq çox çətindir. Bilmək olmaz gələn il Rusiyanın özündə nə baş verəcək...".
Politoloq ölkə hakimiyyətini uyaran açıqlamalarına belə davam etdi: “Şübhəsiz ki, istənilən təzyiq ehtimalına belə hazır olmalıyıq. İstiqlalımızın, sabit və təhlükəsiz inkişafımızın qorunması bizim ən böyük vəzifəmiz və şərəf borcumuzdur. Bizi kənar təsirlərdən asılı vəziyyətə sala biləcək bütün ehtimallar nəzərə alınmalı, ölkənin iqtisadi gücü dərin islahatlar vasitəsilə mümkün qədər artırılmalıdır. Və bu prosesdə təkcə dövlət deyil, bütün ölkə vətəndaşları iştirak etməlidir. Azərbaycanın müstəqilliyindən əziz heç nə ola bilməz!”

Image result for Siyasi şərhçi Sabir Kərimli


Siyasi şərhçi Sabir Kərimli Rusiyanın regionu özündən asılı vəziyyətə salmaq üçün bu tipli siyasət yürütdüyünü bildirdi: “Rusiyanın imperiya ənənəsi var, çox böyük ölkədir, özlərini böyüklərdən də böyük görürlər. Və ya belə görmək istəyirlər. Cənubi Qafqazın coğrafi və siyasi əhəmiyyəti aydındır. Rusiya kimi ölkə üçün isə təbii ki, müstəsna əhəmiyyət daşıyır. Rusiya regionu ondan asılı vəziyyətdə və yarım inkişaf etmiş səviyyədə görməkdə maraqlıdır. Xüsusən Azərbaycanın imkanlarını yaxşı bilirlər. Ölkəmizin mövqelərini zəiflətmək əsas prioritetlərindəndir. Təsir imkanları genişdir. Təkcə erməni kartı və ya digər etnik separatçı fəaliyyətləri qızışdırmaqla yox, başqa vasitələrlə də ölkəmizə ciddi təsirlər göstərirlər. Rusiyada yaşayan soydaşlarımız arasında iş aparırlar, milli dövlətçiliyimizə qarşı fəaliyyətlərə cəlb etməyə cəhdlər edirlər, hakimiyyət daxilində əsas mövqelərin özlərinə loyal adamların əlinə keçməsinə çalışırlar və s. Rusiya İslam coğrafiyasında şiə kartından xüsusən yararlanır. Bu mənada Rusiya və İranın ölkəmizdə müəyyən mənada uzlaşmış maraqları var. Baxmayaraq ki, uzun illər ruslarla eyni ölkədə yaşadıq, ciddi əlaqələrimiz var, amma Azərbaycan və Rusiya cəmiyyətləri bir-birinə yaxın hesab edilə bilməz. Kəskin xarakter fərqi var, cəmiyyətlərin mədəni yaxınlıq imkanları minimumdur. Rusiyanın təzyiqlərini zərərsizləşdirmək üçün dövlət rəhbərliyinin şəxsi əlaqələri daha çox rol oynayır. Son illər isə bu əlaqələr də zəifləyib. Rusiya yeni qüvvələrlə işləməyə meyllənib. Azərbaycan hakimiyyəti bu vaxta qədər təhlükəsiz və rahat idi. Bu gün isə narahatlıqlar artır və artan xətlə davam edəcək. Nə qədər ki, qərbmeylli müxalifət güclü idi və rusiyayönümlü qüvvələr marginallaşmışdı, Azərbaycan hakimiyyəti rahat manevr edə bilirdi. Qərbmeylli müxalifətin marginallaşması, İranın ölkə daxilində siyasi təsirlərinin artması ilə yeni şərait formalaşdı. Rusiyada yeni arzular baş qaldırıb. Ölkənin idarə edilməsindəki problemlər, sosial ədalətsizlik və digər çatışmazlıqlardan indi ən çox yararlanmaq istəyən qüvvələr şimal və cənub qonşularımızdır. Milli qüvvələrin toparlanmasına ciddi ehtiyac var. Dövlət və cəmiyyət resurslarını qorumalıdır ki, ölkənin təhlükəsizliyi üçün yararlı olsunlar. Təbii, balansı pozmaq olmaz. Dövlət hakimiyyəti hər yükü öz üzərinə götürməməlidir, bütün proseslər idarə olunan hala salınmamalıdır”.


Cavanşir ABBASLI

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2018

BÜTÜN XƏBƏRLƏR