İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövşən Ağayev: “Hər region üçün ayrıca proqram işlənməlidir”

1094 25.04.2019 10:10 İqtisadiyyat A A

Qubad İbadoğlu: “Problemlər həm siyasət, həm də idarəetmə səviyyəlidir”

Azərbaycanda son 15 ildə regionların inkişafı istiqamətində xeyli işlər görülüb. Belə ki, 2004-cü ildən indiyədək ölkədə regionların sosial-iqtisadi inkişafına dair  3 dövlət proqramı həyata keçirilib. 2019-2023-cü illəri əhatə edən dördüncü proqramın icrasına başlanılıb.

Regional inkişaf rəsmi güzgüdə: rəqəmlər nə deyir

Rəsmi məlumatlara görə, regionların sosial-iqtisadi inkişafına dair proqramların nəticəsi olaraq 2018-ci ildə özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizdən, məşğulluqda 75 faizdən çox olub, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı 950 mini keçib. Onların 66,6 faizi regionların payına düşüb. Bundan əlavə, 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri yaradılıb ki, bu iş yerlərinin də 75 faizi regionların payına düşüb.

Regionların inkişafına dair dördüncü proqramda qeyd olunur ki, ölkə prezidentinin müvafiq fərman və sərəncamları ilə Sumqayıt Kimya Sənaye Parkı və Mingəçevir Sənaye Parkı, həmçinin Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılıb ki, bu da regionlarda sənaye sahəsində fəaliyyət göstərən sahibkarların, o cümlədən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir.

Bundan əlavə, aqrar sektorun inkişafı məqsədilə hazırda 33 rayon üzrə 258,3 min hektar ərazidə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Bununla yanaşı, ənənəvi kənd təsərrüfatı sahələrinin, həmçinin pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyinin, üzümçülüyün və şərabçılığın inkişafı istiqamətində tətbiq olunan dövlət dəstəyi aqrar istehsal və ixrac potensialının artırılmasına gətirib çıxarıb.

Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 2018-ci ilin sonunadək ölkə üzrə 35 600-dən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Bu kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Eyni zamanda 2016-2018-ci illər ərzində 292 sahibkarlıq subyektinə 333 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 2,8 milyard manat investisiya yatırılacağı, 22 minədək yeni iş yerinin açılacağı nəzərdə tutulur.

Rəsmi məlumata görə, həmçinin ölkədə olan 560-dan yuxarı  mehmanxana və mehmanxana tipli müəssisənin 400-dən çoxu regionlarda fəaliyyət göstərir.

Əhalinin kommunal xidmətlərə çıxış səviyyəsini artırmaq üçün son 15 ildə regionlarda 28 elektrik stansiyası istifadəyə verilib, 45 min kilometrdən artıq elektrik xətti çəkilib, 1650-dən çox yarımstansiya quraşdırılıb və ya təmir olunub. Bu dövrdə regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 93,2 faizə çatıb. Fasiləsiz içməli su ilə təmin olunan əhalinin sayı regionlarda 9 faizdən 43,5 faizə yüksəlib.

Büdcə ile ilgili görsel sonucu

Mərkəzi büdcədən “yeməyən” cəmi 34 rayon

Bütün bunlara rəğmən, Azərbaycanda cəmi 34 rayon mərkəzi büdcədən dotasiya almadan yaşaya bilir. 2019-cu ilin dövlət büdcəsi sənədinə görə, bu il  dövlət büdcəsinin yerli xərclərinin məbləği 840 milyon manat olacaq. Bu, ötən  illə müqayisədə 16,1 faiz artım deməkdir. Eyni zamanda yerli xərclərin 12,4 faizi mərkəzi büdcədən dotasiya hesabına qarşılanacaq, bu isə 2018-ci illə müqayisədə 2,6 faiz artım deməkdir.

Bu ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər ümumi gəlirlərin 96,8 faizini təşkil etdiyindən yerli gəlirlərin payı 3,2 faiz olacaq. Cari ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin yuxarı həddi əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, bu göstərici cari illə müqayisədə 33471,0 min manat və ya 47,4 faiz çox olmaqla 104046,0 min manat proqnozlaşdırılıb.

Bundan əlavə, regionlarda yol, nəqliyyat, sosial və digər infrastruktur obyektlərinin tikintisinə də dövlət büdcəsindən yüz milyonlarla manat vəsait yönəldilir. Bu gün Azərbaycanda hansısa rayonun öz gəlirləri hesabına təhsil və ya səhiyyə müəssisəsi inşa etməsi, yaxud yol çəkməsi faktları barmaqla sayılacaq qədər azdır.

Qeyd edək ki, ötən il də 34 rayonun dotasiya almayacağı nəzərdə tutulurdu. Lakin Vergilər Nazirliyinin məlumatına əsasən ötən il 32 rayon öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirib. Nazirlik bildirir ki, regionlardan daxil olan vergilərin, demək olar ki, bütün tədiyyələr üzrə əhəmiyyətli dərəcədə artımı qeydə alınıb. Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyər vergisi üzrə 3,8 faiz, mənfəət vergisi 42,5 faiz, gəlir vergisi üzrə 10,1 faiz, aksizlər üzrə 67,3 faiz, sadələşdirilmiş vergi üzrə isə 22,5 faiz artım qeydə alınıb.

Qubad İbadoğlu ile ilgili görsel sonucu

Regional disbalansın ikili səbəbləri

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu “Yeni Müsavat” deyir ki, regionların Bakıya nisbətən geri qalmasının bir sıra səbəbləri var: “Bunların bir qismi siyasət səviyyəsindədir, bir qismi isə idarəetmə səviyyəsindədir. Siyasət səviyyəsində olanlar nədən ibarətdir? Əvvəla, regionlar arasında rəqabət mühiti yaradan bir inzibati sistem, iqtisadi quruluş, təəssüf ki, Azərbaycanda formalaşmadı. Azərbaycanda iqtisadi rayonlaşma daha çox sovet dövründə məhsuldar qüvvələrin yerləşdirilməsi prinsipi əsasında, ərazi-inzibati bölgü formatında müəyyənləşdirildi. Bunun nəticəsində isə regionlar arasında rəqabət yaranmadı. Məsələn, mən çox istəyərdim ki, Azərbaycanda regionlaşma daha çox həmin regionun iqtisadi, sosial, təbii şəraiti və coğrafi yerləşməsinə görə aparılardı. Deyək ki, Qəbələ rayonu turizm sahəsində Quba ilə rəqabət aparaydı, Lerik rayonu Gədəbəylə rəqabətə girəydi. Belə rəqabət regionların başqa xüsusiyyətlərinə görə də yarana bilərdi. Məsələn, region şəhəri kimi Şəki ilə Lənkəran rəqabət aparaydı. İkinci tərəfdən, regionların demək olar ki, nə inzibati, nə iqtisadi, nə fiskal müstəqilliyi var. Bu, çox vacib amildir ki, hər regionun özünün Ümumi Daxili Məhsulu olsun, özünün iqtisadiyyatını xarakterizə edən göstəriciləri olsun. Təəssüflər olsun ki, hələ də regionların özünün ÜDM-i formalaşmır. Ölkədə inzibati və fiskal əks-mərkəzləşmə aparılmayıb. Siyasət səviyyəsində üçüncü amil regionların çox kiçik ərazilərə bölünməsidir. Belə kiçik ərazilərin investor cəlb etmək, iqtisadiyyatını planlaşdırmaq imkanları, demək olar ki, yoxdur”.

İdarəetmə səviyyəsində regionların inkişafını əngəlləyən səbəblərə gəlincə, iqtisadçı-alim ilk olaraq regional idarəetmənin mərkəzdən təmin olunmasını qeyd edir: “Regionlar faktiki olaraq, mərkəzdən təyin olunan bir icra başçısı tərəfindən idarə olunur. Bu isə investorların regionlarda azad fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırır. İcra başçılarının regionlarda sahibkarların fəaliyyətinə haqsız müdaxilələri, süni baryer yaratmaları bu istiqamətdə irəliləyişə nail olmağa imkan vermir. Yəni bu gün hər hansı bir rayonda icra başçısının iradəsindən kənarda kiçik və orta səviyyəli biznes qurmaq qeyri-mümkündür. Bu şəraitdə xarici investorların regionlara cəlbindən danışmağa belə dəymir. Hətta dövlət vəsaitləri hesabına ən təkmil infrastrukturun yaradılması belə xarici investorları regionlara cəlb edə bilmir. Son illərdə regionlara turist cəlbində artım qeydə alınır. Lakin təəssüflər olsun ki, müasir turizm infrastrukturunun və xidmət keyfiyyətinin aşağı səviyyəsi üzündən bu artım da getdikcə azalır”.

Rövşən Ağayev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, hazırda regional inkişaf Azərbaycan üçün ən vacib məsələlərdən biridir. Ekspert hesab edir ki, mövcud regional disbalans aradan qaldırılmazsa, ölkədə dayanıqlı iqtisadi inkişafa nail olunması qeyri-mümkündür: “Bu gün Azərbaycanda istehsal olunan milli gəlirin 80 faizi Bakı və Abşeron yarımadasının payına düşür. Yəni coğrafi baxımdan 5 faiz payı olan bir ərazi 80 faiz milli gəliri təmin edir. Bu gün Bakının ixracatdakı payına dair rəsmi statistik məlumata heç yerdə rast gələ bilmirik, çünki açıqlanmır. Amma bizim təxmini hesablamalarımız göstərir ki, regionların ixracatdakı yeri ən yaxşı halda 3-4 faizə güclə çatır. Bütün bunlar göstərir ki, iqtisadi inkişaf baxımından Azərbaycanın regionları arasında çox ciddi disbalans var. İqtisadi inkişafda varsa, deməli, sosial inkişafda da belə disbalans var”.

Ekspertin sözlərinə görə, rəsmi statistika əhalinin adambaşına düşən gəlirinə görə Bakı ilə regionlar arasında ən yaxşı halda 20-25 faiz fərq göstərir: “Bu, inandırıcı deyil, əks halda, əhali regionlardan kütləvi şəkildə Bakıya axışmazdı. Regional disbalansı göstərən digər göstərici büdcədir. Azərbaycanın dövlət büdcəsinin cəmi 3-3,5 faizi Bakı və Abşerondan kənarda formalaşır. Bu gün regionların inkişafına dair proqramların icrasına 150-200 milyard manat sərf olunduğu deyilir. Rəsmi məlumata görə, adambaşına düşən ümumi məhsul buraxılışı Bakıda 25 min manat, Yardımlıda isə 1200 manat təşkil edir. Fərq 20 dəfədir”.

Regionların dərdinin əlacı...

Q.İbadoğlunun fikrincə, regionlara investisiya cəlb etmək üçün regional müstəqillik təmin olunmalıdır: “Söhbət investisiya mühitinə təsir göstərəcək siyasətin yeridilməsindəki müstəqillikdən gedir. Məsələn, düşünürəm ki, regionların maliyyə müstəqilliyini təmin etmək üçün yerli vergilər hesabına potensial artırılmalıdır. Paylı vergi siyasəti tətbiq oluna bilər - regionlarda formalaşan vergilərin bir hissəsi regionların büdcəsinə, qalanı mərkəzi büdcəyə köçürülər. Bu gün Azərbaycanda yerli büdcə anlayışı yalnız bələdiyyələrə məxsusdur, onlar da müstəqil deyillər, büdcə imkanları çox zəifdir. Hesab edirəm ki, bu paralelçilik aradan qaldırılmalıdır:  bələdiyyələrə dünya təcrübəsinə uyğun müstəqillik və idarəetmə imkanları verilməlidir. Onlara öz maliyyə siyasətini yürütməkdə müstəqillik təmin olunmalıdır.  Yəni investorlarla müqavilə imzalamaq, onlara hər hansı vergi güzəşti müəyyənləşdirmək, müəyyən qərarları müstəqil qəbul etmək hüququ tanınmalıdır. Bu hüquqları mövcud yerli icra başçılarına vermək olmaz, çünki onlar bundan sui-istifadə edərək hüquqlardan başqa cür bəhrələnəcəklər. Belə hüququ ancaq ki, xalqın iradəsi, seçimi əsasında formalaşmış yerli hakimiyyətə vermək olar. Bu sahədə Türkiyə təcrübəsindən bəhrələnmək olar. Düşünürəm ki, regionların sürətli inkişafına nail olunması böyük mənada məhz belə müstəqillikdən keçir”.

R.Ağayev isə deyir ki, regional disbalansı aradan qaldırmaq üçün hökumət strategiya hazırlamalı, daha sonra onun həyata keçirilməsi üçün proqramlar işlənməlidir: “Proqramlar hər region üçün ayrıca olmalıdır, çünki hər regionun özünəməxsus cəhətləri var. Ölkədə regional inkişaf proqramları ilə bağlı hesabatlar natamamdır, aralıq hesabat xarakteri daşıyır. Çünki proqramların  özləri nəticələri ölçülə bilən indikatorlar üzrə hazırlanmayıb”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR