İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni il öncəsində Bulvarın boş attraksionları, müştərisiz kafeləri... - REPORTAJ, FOTOLAR

1183 28.12.2016 15:29 Reportaj A A
Ölkəmizdəki maliyyə böhranı hər sahəyə öz təsirini göstərib. İnsanlar artıq az qazanıb, az da xərcləyirlər. Manatın hər gün daha da dəyərdən düşməsi nəticəsində getdikcə qazanclar azalır, xərclər isə artır. Bütün bunlar isə normal həyatımızda bəzi xərcləri azaltmağımıza səbəb olub. 

Məsələn, bəzi ailələr məcburiyyət qarşısında tətillərini, əyləncələrini azaltmalı və ya ləğv etməli olurlar. Belə qənaətə gəlmək olar ki, ailələr ilk olaraq uşaqların əyləncəsini daha az məsrəfli etməli olublar. 

Bu nəticəyə Dənizkənarı Milli Parkda apardığımız müşahidə zamanı gəldik. Yeni il öncəsi əslində Bulvar ərazisində həyat "qaynamalıdır". Amma nədənsə, biz bunu görmədik. 

Kafelər müştəri üzünə həsrət qalıb. İş o yerə çatıb ki, kafe əməkdaşları dəniz kənarında gəzişən insanları bir-bir kafeyə dəvət edirdilər. Əvvəllər isə bu saatlarda məkanlarda yer tapmaq elə də asan olmurdu. 

Dənizkənarı Milli Parkda olan bəzi kafelər məcbur qalıb, əməkdaşlarının bir hissəsini ixtisar ediblər. Çünki yetərincə müştəri olmadığı üçün qazancları azalıb. Bu da maaşların ödənməsində problem yaradır. 

Böhran təkcə kafelərdə deyil. Attraksionlarda da eyni vəziyyətdir. Milçək uçsa səsi eşidilər. Bəzi attraksionlar ümumiyyətlə, dayandırılıb. Səbəb isə müştərinin çox az olmasıdır. 

Əslində attraksionların qiymətlərində artım yoxdur. Baş çəkdiyimiz yerlərdə qiymətlər dəyişməmişdi. Amma yenə də attraksionlara yaxın duran yox idi. İşçilərin sözlərinə görə, vəziyyətin belə olmasının əsas səbəbi maliyyə böhranıdır. 

Sakinlər uşaqlarını attraksionlardan mümkün qədər uzaqda tuturlar: "Başa düşürük ki, vəziyyət pisdir. Biz də bu ölkənin vətəndaşıyıq. Maliyyə böhranı hamıya pis təsir edib, edəcək də... Bir də görürəm ki, ailəvi gəzənlər olur. Uşaq karuselə minmək istəyir. Atası birinə mindirir, ikincidə uşağın başını aldadıb, başqa yerə aparır ki, xərc çox çıxmasın". 

- Olmaz ki, qiymətləri aşağı salasınız? Məsələn, uşaqların ən çox sevdiyi əyləncə elektrikli maşınlardır. 3 dəqiqəsinin qiyməti 2 manatdır. Onu 1 manat etmək olarmı?

- Bu qiymətlər bizdən asılı deyil. Mən də adi işçiyəm. Rəhbərlik qərar verməlidir. Təbii ki, ucuz olsa, müştəri artar.

Dənizkənarı Milli Parkda Yeni il havası qəti hiss edilmirdi, nə insanların əhvalında, nə də ümumi parkın ərazisində... Sadəcə yol kənarında olan ağaclar hər il olduğu kimi işıqlarla bəzədilirdi. 

Bulvarda qarşımıza çıxan Bakı sakinləri arasında sorğu da keçirdik. Onlardan attraksionlardan istifadə edib-etmədiklərini soruşduq. 

Sevil Dadaşova Bulvar gəzintisinin onların ailə büdcəsinə zərbə vurduğunu dedi: "Balaca uşağım var. Bir karusellə gözü doymur. Hamısına minmək istəyir. Bu da günün sonu təkcə attraksionlara 20 manat pul xərcləmək deməkdir. Deməli, ailə büdcəmiz "yaralanır". Bir az ucuz olsa, daha yaxşı olar. Artıq əvvəlki vəziyyət deyil. Bayramlarda karuselləri pulsuz edirlər. Onda da çoxu işləmir. Məsələn, sonuncu dəfə attraksionlar pulsuz olduğu üçün xidmət yaxşı deyildi. Uşaqlar baxa-baxa qaldılar". 

Bu günlərdə, daha dəqiq desək, dekabrın 30-da Dənizkənarı Milli Parkda Yeni il bayramı ilə əlaqədar yenə aksiya keçirəcək. Bulvar İdarəsi həmin gün 15 yaşına kimi olan uşaqlar üçün bütün attraksionları pulsuz edəcək. 

Aksiya dekabrın 30-da səhər saat 10:00-dan başlayıb, 14:00-a kimi davam edəcək. Uşaqlar pulsuz olaraq attraksionlara, karusellərə, qatarlara minəcəklər, gəmi ilə dəniz gəzintisinə çıxacaqlar. 

Saat 14:00-dan sonra bu attraksionlar pullu olacaq. Ümid edirik ki, bu dəfə eyni problem təkrarlanmayacaq.

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR