İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: neft quyusu üzərində park salınır

6909 14.01.2015 08:50 Reportaj A A

Belə ki, ilk olaraq ərazidə yaşayan sakinlərin köçürülməsi zamanı gərginlik yaşandı. Neft quyularının olduğu ərazilərdən sakinlər köçürüldükdən sonra park, keçid və Su İdman Sarayı tikilir. Su İdman Sarayının yaxınlığında tikilən piyada keçidi ötən ilin ortalarında çöküb. Keçidin çökmə səbəbi isə qurunt suları olub. İndi isə həmin keçid yenidən tikilir. 
Tikinti zamanı ortaya çıxan yeganə problem bu deyil. Belə ki, bəzi iddialara görə, inşa işləri gedən ərazidə əvvəllər olan neft quyuları olub. İndi isə Su İdman Sarayı və park həmin buruqların üzərində tikilir. Tikinti işləri aparmaq üçün isə neft buruqlarının üzəri betonlanır. Bu isə böyük bir təhlükədən xəbər verir. Çünki neft quyusu hər an partlaya bilər. Əgər iddialar doğrudursa, neft quyuları üzərində tikiləcək tikintilər böyük faciəyə yol aça bilər. 

İddia edilən məlumatları dəqiqləşdirmək üçün adıçəkilən əraziyə yollandıq. Tikinti işləri qızğın rejimdə davam edirdi. Ətrafda iş maşınları sağa-sola şütüyürdü. Möhkəm külək əsdiyi üçün ətrafı toz-duman bürümüşdü. Buna baxmayaraq, hər kəs iş başında idi. 
Adlığımız məlumatları dəqiqləşdirmək üçün tikinti çalışanlarına yaxınlaşdıq. Onlar da bizi mühafizə otağına yönləndirdilər və Firudin müəllim adlı şəxslə danışa biləcəyimizi dedilər. Bir müddət mühafizə otağında gözlədik. Bir müddət sonra tikintidə çalışan fəhlələrdən biri otağın qapısını açaraq, mühafizəçiyə “Firudin müəllimdən icazə aldım. Bir azdan qayıdıram” dedi. Ondan Firudin müəllimin harada olduğunu soruşduq. Öyrəndik ki, o, mühafizə otağına yaxın ofisdədir. 

Bir müddət də gözlədik. Mühafizə rəisi bizə yaxınlaşdı və rəhbərlikdən heç kimin ərazidə olmadığını dedi. 

- Dəqiq heç kim yoxdur?

- Bəli. Rəhbərlikdən heç kim burada yoxdur. Sizə nə lazım idi?

- Neft quyuları ilə bağlı suallarımız olacaqdı. 

- Heç kim yoxdur. Sonra gəlin.

- Axı biz öyrəndik ki, Firudin müəllim ərazidədir. Hətta yaxınlıqdakı ofisdədir.

- Mənə deyilənləri sizə deyirəm. Dedilər ki, heç kim yoxdur.

- Anlaşıldı.

Beləliklə, tikinti rəhbərliyindən heç kim suallarımızı cavablandırmaq istəmədi. Amma buna baxmayaraq, az da olsa informasiya toplaya bildik. Ərazidə çalışan işçilərdən aldığımız məlumata görə, iki neft quyusunun üzəri şüşə örtüklə qapadılacaq. Həmin neft quyuları isə tikiləcək olan parkın ərazisinə düşür: “Parkın ərazisinə iki neft quyusu düşür. Onların üzərini betonlamayacaqlar. Əksinə, şüşə örtüklə ətrafı qapadılacaq. Gözəl görünüş veriləcək”.

Ərazidə yaşayan sakinlər də narahatdır: “Burada yaşayan camaatın evlərini sökdülər.  Söküntülər zamanı bəhanə olaraq dedilər ki, ərazi neft şirkətinə məxsusdur. Və burada evlərin tikintisi təhlükəlidir. Bəs indi nə dəyişdi ki, həmin neft quyularının üstündə tikinti işləri aparırlar”.

Qeyd edək ki, Su İdman Sarayı bu il Avropa ölkələri arasında ilk dəfə Bakıda təşkil olunacaq yay oyunlarına görə tikilir. Onun layihələndirilməsini və tikintisini Cənubi Koreyanın “Securo CO.LTD” şirkəti həyata keçirir.

Məhəmməd TÜRKMƏN
Fotolar müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR