İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid hərbçimizin üç mərasimi keçirildi

2369 27.07.2015 21:10 Reportaj A A


İyulun 24-də günorta saatlarında ermənilərin hücumu nəticəsində düşmən gülləsinə tuş gələrək şəhid olan hərbiçimiz Eldar Fətəliyevin üç mərasimi keçirilib. İyulun 27-də təşkil olunan mərasimdə Gədəbəy gəncləri əvvəlcə mərhumun yaşadığı ünvana, oradan da uyuduğu qəbiristanlığa yürüş ediblər. 

Yürüşdə gənclər əllərində mərhumun şəkilləri, Azərbaycanın bayraqlarını tutublar. “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirilib. 

Üç mərasimində Gədəbəyin keçmiş millət vəkili, iş adamı Nazim Məmmədov başda olmaqla, rayonun tanınmış simaları, mərhumun iş yoldaşları, Qarabağ Əlilləri Cəmiyyətinin üzvləri, müharibə veteranları və başqa şəxslər iştirak ediblər. 

Çıxış edənlər şəhidimizin ailəsinə başsağlığı verərək, onun vətən uğurundakı igidliyindən danışaraq, həmrəylik nümayiş etdiriblər.

Sabiq deputat Nazim  Məmmədov çıxışında hər kəsi Fətəliyevlər ailəsinə dəstək olmağa çağırıb: “Bu insanlara diqqətli yanaşmaq lazımdır. Onların problemlərini özümüzünkü bilməliyik. Çünki vətəni qoruyan bu nümunələrdir. Bütün bayramlarda oğlumla hərbi hissələri gəzirəm, dəstəyimi göstərirəm. Komandir Oruc müəllimlə görüşdüm. Təəssüflə bildirdi ki, dəfn günü fəallıq olmayıb. Bizim mənfi tərəfimiz budur. Türkiyədəki şəhidlərin dəfn nümunəsi bizdə də olmalıdır. Hətta konkret adlar çəkdilər ki, dəfn günü məclislər keçiriblər. Bu, çox pis haldır. Gənclərə bu günkü fəallıqlarına görə təşəkkür edirəm. Heç nədən çəkinmək lazım deyil. Vətən üçün hamımız ölümə də hazır olmalıyıq. Vətənimizi gələcək nəsillərə bizə verildiyi kimi ötürməliyik. 

Fətəliyevlər ailəsinə səbir diləyirəm. Biz sizlərin daim yanındayıq. Hər bir məsələ ilə bağlı bizə müraciət edə bilərsiniz. Belə məclislərdə daha çox vətənpərvərlikdən danışmaq lazımdır. Özümüzə yaxın olmalıyıq. Ən böyük ibadət vətəni sevməkdir. Facebookda fəallıq edən gənclərimizə minnətdaram. Yasa gələndə adını çəkməyəcəyim birisi mənə zəng etdi ki, mütəşəkkil insanlardır, dövlətçiliyə qarşı çıxa bilərlər. Dedim ki, belə sözlər deməklə səhv edirsiz. Kim öz haqqını hansısa məmurdan tələb edirsə, düzgün adam odur. Əsl prezidentin adamıdır. Cənab prezident də deyir ki, sizə haqsızlıq olanda mənə müraciət edin. Gədəbəylilər dövlətçiliyə daim sadiq olublar. Biz öz qəhrəmanımıza sahib çıxmalıyıq. Belə hadisələr hamımızın başına gələ bilər. Bundan maksimum dərəcədə ermənilərə qarşı mübarizədə istifadə etməliyik. Gədəbəy ziyalıları adından, bir müddət bu rayonu təmsil edən şəxs kimi hər birinizə iştiraka görə təşəkkür edirəm. Allah rəhmət eləsin”.

Daha sonra mərhumun dəfn olunduğu İvanovka qəbiristanlığına yürüş olub. Yürüşdə 50-yə qədər avtomobil, 200-yə yaxın insan iştirak edib. 

Məzar önünə gül dəstələri düzülüb, şəhidin ruhuna dualar oxunub.

Gədəbəy Əlilləri  Cəmiyyətinin sədri Asim Rza məzar önündə təsirli çıxış edib: “Biz bu gün onun üç mərasimini keçiririk. Mən qəbiristanlığa girən kimi birinci şəhidimizi ziyarət etdim. Bu kəndin ikinci şəhidi 22 ildən sonra rəhmətlik Eldar oldu. Allah rəhmət eləsin. Allah hamımıza səbir versin. Allah onun əməlini bütün gənclərimizə xas eləsin. Gənclərimiz bu ruhda böyüməlidirlər. Şəhidlik ucalıqdır. Təəssüf edirəm ki, mən şəhid olmadım. Allah məni əlil etdi, amma şəhid etmədi. Gədəbəy sakinləri sözlərini əvvəllər necə deyiblərsə, indi də deməlidilər. Torpağımızı qoruduq, indi isə, Azərbaycanı qorumaq uğrunda mübarizə aparmalıyıq. Bu ruhda yaşamalıyıq. İştirak edən hər kəsə təşəkkür edirəm. Fətəliyevlər ailəsi, başınızı dik tutun, çünki oğlunuz vətən uğrunda şəhid olub”.

“Şəhidlər ölməz, vətən bölünməz!”, “Şəhidlər ölmür!” şüarlarından sonra yürüş başa çatıb.

Cavanşir ABBASLI
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR