İnsanlara hürriyət, millətlərə istiqlal!

“İPhone7”-nin Bakıda rəsmi satış qiymətləri bəlli oldu – REPORTAJ, FOTOLAR

5867 25.10.2016 12:43 Reportaj A A
Sentyabrın əvvəlində “Apple” korporasiyası “iPhone”nun ən son versiyası olan 7 və  “7 Plus” modellərini müştərilərinə təqdim etdi. San-Fransisko şəhərində keçirilən təqdimatdan sonra yeni smartfonların bir sıra mühüm özəlliklərinin olması alıcıların marağına səbəb  olub.  

Belə ki, son modellərin şüşə və alminiumdan dairəvi korpusu var. Suya və toza davamlıdır. Ən mühüm özəlliklərindən biri isə “4K” formatında saniyədə 60 kadr tezliyi ilə video çəkə biləcək ilk smartfon olmasıdır. Təqdimat mərasimində qeyd olundu ki, sentyabrın ortalarından sonra smartfonlar dünyanın 60-a yaxın ölkəsində satışa çıxarılacaq. İlkin olaraq isə qiymət 649 dollardan başlayacaq. 

Məlumdur ki, Azərbaycanda da həmişə “Apple” həvəskarları “iPhone”nun yeni modellərini böyük maraqla gözləyib. Bir sıra şirkətlər artıq ilk günlərdən etibarən yeni modelləri sifariş verdiklərini açıqlamışdılar. Oktyabrın 22-də isə “Apple”in Azərbaycanda rəsmi distribütörü olan “Alma store” mağazalar şəbəkəsi telefonların ölkəmizdə rəsmi satışına start verdiyini açıqladı. Hazırki modellərin qiyməti də telefonun yaddaş həcminə görə fərqlənir. “Alma store” rəsmi səhifəsində “iPhone 7” smartfonlarının qiyməti 1649-1849 manat arasında dəyişir. 



32 qiqabaytlıq “iPhone 7 Plus” versiyası 2149 manat, 128 qiqabaytlıq “iPhone 7 Plus” isə 2349 manatdır.  

Sentyabrın əvvəlində qeyri-rəsmi şəkildə satışa çıxarılan modellərin qiyməti isə indikindən xeyli dərəcədə baha olması ilə fərqlənirdi.  

Müqayisə üçün ötən ay olan qiymətlərə nəzər salaq: 

“iPhone 7” 32GB – 1250$ (2046 AZN)

“iPhone 7” 128GB – 1500$ (2455 AZN)

“iPhone 7” 256GB – 1750$ (2864 AZN)

“iPhone 7 Plus” 32GB – 1550$ (2537 AZN)

“iPhone 7 Plus” 128GB – 1700$ (2782 AZN)

“iPhone 7 Plus” 256GB – 1800$ (2946 AZN)



Musavat. com olaraq, paytaxtın bir sıra telefon mağazalarına baş çəkib, qiymətlərlə maraqlandıq. Yeni modelin alıcılarının olub-olmadığına diqqət yetirdik. 

Qeyd edək ki, baş çəkdiyimiz bir neçə mağazada yeni modellər vitrində yox idi. Satıcılar telefon almaq istəyən müştərilər üçün yeni modelləri gün ərzində gətirə biləcəklərini dedilər: “Biz şirkətlərdən daha aşağı qiymətə satırıq. Onlar da telefonu Dubaydan gətirir, biz də... Eyni maldır. Gedin, başqa mağazalara baxın, orada neçəyədirsə, sizə 100 manat aşağı qiymətə satacağıq. Biz də telefonlara 1 il zəmanət veririk, digər şirkətlər də”.

“World Telecom” mağazalar şəbəkəsinin vitrinində də “İphone 7”  modelləri yox idi. Onlar da müştərilərin istədiyi təqdirdə, qısa müddət ərzində telefonu mağazaya gətirə biləcəklərini dedilər.



“İntegral” mağazalar şəbəkəsində də qiymətlərlə tanış olduq. Məlum oldu ki, “iPhone 7” (32 gb) - 1539 manat, “iPhone 7” (128 gb) - 1839 manat, “iPhone 7” (256 Gb) modelinin qiyməti isə 2189 manatdır.  “iPhone 7 Plus” (32 gb) 1989 manat, “iPhone 7 Plus” (128gb) - 2299 manat, “iPhone 7 Plus” ( 256 gb) isə 2699 manata satılır.



Satıcı Rəvan Əliyev söhbət zamanı ”iPhone 7” modelinin  alıcılarının hələlik çox olmadığını bildirdi: “Bu da yəqin ki, qiymətlərin baha olması ilə əlaqədardır. Amma biz müştərilərin istəyini nəzərə alaraq sentyabr ayından fərqli olaraq qiymətlərdə endirim də etmişik. Bundan əlavə istəyənlər telefonu kredit kartları ilə də əldə edə bilərlər. Məsələn, “Bolkart” istifadəçiləri illik 15 faiz, World kart müştəriləri isə illik 7 faizlə telefonu əldə edə bilərlər. Onu da qeyd edim ki, qiymətlər dolların kursundan asılı olaraq dəyişir. Yəni, bu gün baxdığınız qiymətlər qalıcı deyil, dolların kursu yüksəldikcə telefonların da qiyməti artır. Bu da bizdən asılı olan səbəb deyil”.

Toğrul İSMAYIL,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR