İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdaşımız adı seks-video qalmaqalında hallanan direktorun kəndindən yazır

4433 23.01.2017 08:35 Reportaj A A

Ötən həftə Şəmkirin Seyfəli kənd məktəbində baş vermiş qalmaqal ictimaiyyətin və mətbuatın əsas müzakirə mövzularından biri oldu. İlk dəfə müsavat.com-da dərc olunan “Şəmkirin kənd məktəbində seks videosu qalmaqalı”nın bütün təfərrüatları artıq hər kəsə məlumdur.


Qısa xatırlatma verək ki, məktəbin direktoru Akif Namazovla laborant Xatirə Əliyeva arasında konflikt yaranmışdı. X.Əliyeva direktoru rüşvətxorluqda və onu qanunsuz olaraq işdən çıxarmaqda, direktor isə onu məktəbin kompüterinə seks videoları yükləməkdə suçlamışdı...
Nazirliyin işə qarışmasından sonra Akif Namazov müsavat.com-a açıqlama verərək laborantından üzr istədiyini, onu yenidən işinə bərpa etdiyini bildirmişdi...

Sonda nazirliyin qərarı ilə məktəb direktoru laborant Xatirə Əliyeva haqqında səsləndirdiyi təhqiredici ifadələrə görə işindən azad olundu, iş Baş Prokurorluğa göndərildi. Bakıdan 399 km aralıda yerləşən rayonda baş verən bu olayı kənd camaatı necə qarşıladı? Səs-sorağı bir anda bütün ölkəyə yayılan məktəbdə hazırda vəziyyət necədir?

Suallarımıza cavab tapmaq üçün Şəmkirə yollandıq...


Şəmkirin 62 kəndi var. Seyfəli kəndi isə Azərbaycanın ən böyük kəndidir. Buna görə də kənd iki hissəyə ayrılır; Aşağı Seyfəli və Yuxarı Seyfəli kəndləri. Əvvəl qalmaqalın baş verdiyi Müşfiq Süleymanov adına Seyfəli tam orta məktəbini asanlıqla tapa biləcəyimizi düşünürdük. Amma yanılmışdıq, kənd sakinlərinin əksəriyyəti nə həmin məktəbi, nə də işdən çıxarılan Akif Namazovu tanımırdılar. Bizə verilən məlumata görə, əvvəl kənddə 3 məktəb olub. 

Amma kənd böyük olduğundan yeni məktəblər tikilib, sayı 7-yə çatdırılıb. Hər məktəb isə direktorların adı ilə tanınır. Məsələn, “Qumu müəllimənin məktəbi”, “Gülbəniz müəllimənin məktəbi” və sairə. Akif Namazovu isə “tanıyıram” deyən olmadı. Sakinlərin əksəriyyəti onun adını və məktəbdə baş verən qalmaqal haqqında televiziyadan eşitdiyini dedilər...

Kəndə gəlməzdən öncə adı qalmaqalda keçən laborant Xatirə Əliyeva ilə əlaqə saxlayıb məktəbi tapmaqda bizə bələdçilik etməyini xahiş etmişdik. Laborant isə bizimlə görüşməkdən imtina etmişdi: “Hər şey öz qaydasına düşdü. Məsələni yenidən qabartmağa ehtiyac yoxdur”... 

Beləliklə, kəndin bütün məktəblərini bir-bir gəzməli olduq. Nəhayət ki, taksi sürücüsü olan Qəhrəman adlı yaşlı kənd sakini şəxsən həm direktoru, həm də məktəbi tanıdığını deyib bizə bələdçilik etdi. Yolda ikən onunla bir qədər söhbətləşdik. Dediyinə görə kənddə Akif Namazovu daha çox Salman kişinin oğlu kimi tanıyırlar: “Mən onu yaxşı tanıyıram. Onun yeznəsi mənim əmimoğludur. Dediyiniz qalmaqal barəsində və ya işdən niyə çıxarıldığını bilmirəm, eşitməmişəm. Amma köhnədən də onun belə atmacalı işləri var idi. Onun bir qohumu da var idi, Musa Namazov. Prokurorluqla rüşvət məsələsi var idi. Nəsə, öz işləridir...”

- Niyə kənddə onu az adam tanıyır?

- Ona görə ki, 2-3 ildir ki, buralara gəlib. Bundan əvvəl harada işlədiyini bilmirəm.

Badaybanın iştirakı ilə onu həmin məktəbə müdir qoydular.

- Badayba kimdir?

- Onunla qonşudur, bir az da yazan-pozan adamdır. 

-  Akif Namazovu kənddə necə tanıyırlar?

-  Dünya indi belədir də, düzə yer yoxdur. Yaxşı, ağır adamdır. Onun bir qardaşını bu yaxınlarda “tok” vurdu öldürdü, heç “qırxı” hələ çıxmayıb. Onun bacılarını, ailəsini hamı tanıyır. 

- Bəs oğlu niyə həbs olunub?

- Bundan xəbərim yoxdur.

Günortalar müəllimsiz, şagirdsiz qalan 3 mərtəbəli məktəb 





Nəhayət, saat 2 radələrində şəhid Müşfiq Süleymanovun adını daşıyan Seyfəli tam orta məktəbinə gəlib çatdıq. Qarşımızda 3 mərtəbəli, yeni inşa olunmuş, çox gözəl və səliqəli məktəb binası dayanırdı. Məktəb binası 1965-ci ildə tikilib. 2012-ci ildə isə yenidən inşa edilərək istifadəyə verilib. Hazırda məktəbdə ümumilikdə 61 işçi (müəllim və texniki işçilər daxildir) fəaliyyət göstərir, 400 şagird təhsil alır. Lakin məktəbə daxil olanda nə 61 işçi heyətindən, nə 400 şagirddən, nə də məktəbə nəzarət edən bir kimsə gözə dəyən olmadı. Qarşımıza çıxan təsərrüfat işlərinə baxan 3-4 işçinin dediyinə görə, məktəb hər gün işini saat 1-də yekunlaşdırır. Yəni məktəbdə ikinci növbə yoxdur. Yuxarı sinif şagirdlərinin sonuncu dərslərinin saat 1-də başlamasına baxmayaraq həm müəllimlər, həm də şagirdlər işlərini elə həmin saatda yekunlaşdırıb məktəbi tərk edirlər. Yalnız bəzi ibtidai sinif şagirdləri məktəbdə bir neçə saat artıq qalıb, məşğələ keçirlər. Məktəbdə olduğumuz ərəfədə Səfurə adlı müəllimə şagirdlərinə hazırıq dərsi keçirdi. Suallarımızı cavablandırmaq istəməyən Səfurə müəllimə yalnız məktəb rəhbərliyi, Akif Namazovla danışa biləcəyimizi dedi. “Akif Namazov axı işdən çıxarılıb?” sualımıza verdiyi cavab isə bizi xeyli təəccübləndirdi: “Bizim direktor işdən çıxarılmayıb. Kim deyib ki, çıxarılıb? Direktor gəlsin, sonra danışaq. Bu gün burda olub, bir az olar ki, gedib... Nazirliyin də bu barədə qərarı olub-olmadığını bilmirik. Axı başqa müdir də gəlməyib”. 

Müəllimə məktəbdə baş verən qalmaqala isə bu cür münasibət bildirdi:  “Heç bir böyük qalmaqal-zad olmayıb. Siz jurnalistlər onu şişirtdiz. Akif müəllim kimi heç Azərbaycanda direktor tapa bilməzsiz.  Deyilənlərin hamısı yalan, uydurma söhbətlərdir. Məktəbimizdə heç bir müəllim Akif Namazov haqqında pis məlumat verə bilməz. O adam rüşvət də almır, müəllimləri incitmir”. Məktəbdə söhbətləşəcəyimiz başqa müəllim və ya şagird olmadığından birbaşa Akif Namazovun evinə yollandıq. Məktəb direktorunun köhnəlmiş darvazası qıfıllı idi. Qonşuları da direktorun evdə olmadığını dedilər. Lakin Akif Namazovla görüşməmiş kənddən getmək istəmirdik. Səfurə müəllimənin dedikləri də bizdə suallar yaratmışdı. Nazirlik direktorun işdən çıxarıldığı barədə bəyanat yaydığı halda necə olur ki, Akif Namazov hələ də öz işindədir və məktəb heyəti bu qərardan bixəbərdir? Direktor barəsində çıxarılan qərarı nə dərəcədə ədalətli hesab edir və sairə suallara cavab tapmaq üçün Akif Namazovla telefon əlaqəsi saxladıq. 

“Mənim evimi siz yıxdız”


Özümü təqdim edən kimi direktorun ilk reaksiyası bu cür oldu:

“Mənim evimi elə siz yıxdınız... Mən indi Gəncədəyəm. 

- Biz indi Gəncəyə gəlib sizinlə görüşə bilərik?

- Görüşə bilərik, amma təhlükəli vəziyyətlər var...

- Məktəbdən bizə bildirdilər ki, siz hələ də öz vəzifənizdə qalırsız.

- Yox, məni çıxarıblar... 

Direktorla görüşəcəyimiz yeri təyin edib Gəncəyə yola düşdük. Yolumuzu yarı etmişdik ki, Akif Namazov zəng edərək bizimlə görüşmək imkanı olmadığını dedi: “Mən xəstəyəm, ürəyim xəstədir, dərman içirəm. Belə şeylərə ürəyim dözməz. Ona görə də sizinlə görüşə bilməyəcəm. Başqa vaxta qalsın”.

Qeyd edək ki, reportajı hazırladığımız ərəfədə kənd sakinləri bizə məlumat verərək bildirdilər ki, yanvarın 21-də direktor məktəbə gələrək bütün sənədləri təhvil-təqdim edib, işindən tamamilə azad olunub. Müvəqqəti olaraq direktorun səlahiyyətləri isə onun müavininə verilib. 

Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR