İnsanlara hürriyət, millətlərə istiqlal!

“Elə bilirlər ki, Çexiyada göydən yağış yerinə pul yağır” - Avropadakı mühacirlərin həyatı, VİDEO, FOTOLAR

20702 04.01.2016 14:39 Reportaj A A

Zamiq Məmmədli: “Bura tənbəllərin, parazitlərin ölkəsi deyil, yaşamaq istəyirsənsə çalışmalısın...”

Vüsal Teymurov: “Mən sığınacaq üçün 11 ölkəyə müraciət etmişdim”

Praqanın qonağı olan Mirvari Qəhrəmanlı: “Avropa mənim ailəmi parçaladı”

Fransa səfəri bitir. Buradakı mühacirlərlə söhbətlər, paytaxtın yeni ilə necə girməsi, suriyalı, ərəb miqrantların “mühasirəsində” qalması faktının təsviri də həmçinin... 

Yolumuz Praqa şəhərinədir. “Yeni Müsavat”ın əməkdaşı ötən ilin aprel ayında həyata keçirdiyi mühacir layihəsi zamanı baş çəkmədiyi ölkələri siyahıya salıb, bu dəfə... 

Hər nə qədər Çexiya azərbaycanlı mühacirlərin az olduğu ölkə sayılsa da, məmurların investisiya yatırmaq, daşınmaz əmlak almaq üçün tərcih etdiyi ilk beşlikdə yer alır. Yəni, biz bu ölkənin adını istər-istəməz tez-tez eşidirik. Bu haqda növbəti yazılarda bəhs edəcəyik. Hələliksə, insana nağıllar aləmi təəssüratı yaradan Praqadakı azərbaycanlılarla söhbətə keçək. 

Praqada bizə bələdçiliyi 2014-cü ildə bu şəhərə köçən Qadın Kriziz Mərkəzinin sədri Mətanət Əzizova edir. Burada yaşayan azərbaycanlılarla görüşü də o, təşkil edib. 

“Nağıllar şəhəri” adlandırılan Praqada, kiçik bir restoranda onların mühacir həyatından danışırıq. Bəxtimizdən Praqada olduğumuz günlərdə M.Əzizovanın anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da qızına, nəvəsinə baş çəkmək üçün gəlmişdi. 



Elə mühacirlərlə görüşdə Mirvari xanım da iştirak edirdi. Fürsət tapmışkən, bu dəfə onunla ənənəvi neftçi mövzusundan yox, Praqaya baxışı, qızının seçiminə münasibəti, bir sözlə, fərqli mövzulardan danışdıq. 

Zamiq Məmmədli: “Dedim ki, Azərbaycanda qalsam, bir müddət sonra dilimin ucbatından məni ya həbs edəcəklər, ya da şərləyəcəklər”

Müsahiblərimizdən biri Zamiq Məmmədlidir. Praqaya 2006-cı ildə gəlib. Həmin vaxt Bakıda yox, Türkiyədə imiş... Praqada yaşayan dostlarından biri ona dəvətnamə yollayıb və bu şəhərə çağırıb: “Həmin vaxt mən Türkiyədə işləyirdim. Burda yaşayan dostum dedi ki, işləmək üçün Praqada daha yaxşı şərtlər var. Və mən gəldim. Həmin illərdə Praqada azərbaycanlı mühacir yox idi. Gəldim, sonra sığınacaq üçün müraciət etdim. Mən o vaxt ASDP-in gənclər təşkilatının üzvü idim. İşlədiyim yerdə məni YAP-a zorla üzv etmək istəyirdilər. Halbuki qanunvericilik tələb edir ki, eyni vaxtda iki partiyaya üzv olmaq olmaz. Burada məndən soruşdular ki, sizi Azərbaycana qaytarsaq, nə olar? Dedim ki, sadəcə olaraq, o ölkədə yaşamaq istəmirəm. Orada qalsam, bir müddət sonra dilimin ucbatından məni ya həbs edəcəklər, ya da şərləyəcəklər. Araşdırdılar, bir neçə ay sonra sığınacaq verdilər. Artıq 4 ildir ki, vətəndaşlığım var”. 


Vüsal Teymurov: “Yazdığım yazılara görə təzyiqlərə məruz qaldım”

Vüsal Teymurov isə jurnalist fəaliyyətinə görə izləndiyini deyir. Azərbaycanda “Yüksəliş naminə” adlı qəzetdə çalışıb. 2012-ci ilin aprelindən etibarən Praqadadır. Artıq müsahibimizə oturum da veriblər: “Mən sığınacaq üçün 11 ölkəyə müraciət etmişdim. Onun 4-dən mənə müsbət cavab gəldi. Onların arasında Çexiya da vardı və mən seçimimi bu ölkə ilə bağlı etdim”. 

Müsahibimiz deyir ki, yazdığı yazılara görə ona ciddi təzyiqlər olub. General Rail Rzayevin qətli ilə bağlı araşdırmaları, habelə Rəsul Quliyevdən götürdüyü müsahibələr ona problem yaradıb: “Ailəmə təzyiqlər oldu, incitdilər, yaxınlarımı... Hətta buna görə ailəmdən ayrılmaq məcburiyyətində qaldım. Dəfələrlə döyülmüşəm, yazılarıma görə... Gələndən 1 il 4 ay sonra, yəni, 2014-cü ilin yanvarından oturum almışam”.

Praqalı mühacirlər çexlər, onların xarakter xüsusiyyətləri, miqrantlara münasibəti barədə də danışdılar. V.Teymurovun sözlərinə görə, çexlər bir qədər özlərinə qapanan millət sayılır. Bir qədər milliyyətçilikləri də var. Bundan başqa, onun dilinə hörmət edən, bu dildə danışmağa cəhd edən əcnəbilərə xüsusi simpatiya duyurlar: “Bu ölkəni seçməkdə əsas meyar nə oldu, bilirsiz? Buradakı azərbaycanlılar arasında intriqa yoxdur. Ölkə də çox sakitdir, buradakı insanlar da...” 


“Miqrantların qaldığı yer 3 ulduzlu oteli xatırladırdı”

Z.Məmmədli də hesab edir ki, çexləri özünə qapalı millət adlandırmaq olar. Amma onları yaxından tanıdıqca istiqanlı olduqları üzə çıxır: “Mən burada olduğum illər ərzində bir qəpik də olsun, rüşvət verməmişəm. Vaxt lazımdır ki, burdakı yerli əhalini tanıyasan. Çexlər assimlyasiya olmayıblar, öz tarix və mədəniyyətlərinin qədrini bilirlər. Fikir verin, şəhərin mərkəzi öz orijinallığını, tarixiliyini bu cür qoruyub. Bunun da səbəbi çexlərin öz tarixinə olan münasibətidir”. 

V.Teymurov isə Çexiyanın postsovet ölkəsi vətəndaşları üçün daha rahat məkan olduğunu düşünür. Onun sözlərinə görə, burda rus dilində danışan insanlar var və bu, bir çox hallarda yardımçı olur. Bundan başqa, çexlər də postsovet ölkəsindən gələnləri daha rahat qəbul edirlər. 

Z.Məmmədli xatırladır ki, miqrant axını zamanı Çexiyanın baş naziri “Çexiya keçmiş sovet ölkələrindən gələnlərin son nöqtəsidir” açıqlamasını verməklə, əslində, “yaşıl işıq” yandırıb. 

Müsahibimiz söhbət zamanı mühacirətin düşərgə mərhələsindən danışır: “Mən də o mərhələni keçmişəm. Amma orada miqrantların qaldığı yer üç-dörd ulduzlu otel kimi idi. Otaqda tək qalırdım, hər cür şəraiti vardı. Soyuducusundan tutmuş zəruri məişət avadanlıqlarına qədər... Otel həyatı yaşadım, deyə bilərəm”. 


“28 gün aeroportun qapalı saxlanma yerində qaldım”

V.Teymurov 28 gün aeroportun qapalı saxlanma yerində qalıb. 28 gün sonra isə ona kağız verərək, açıq tipli düşərgəyə göndəriblər: “Orada da yataqxana şəraiti var idi. Bir otaq idi, içində də hər cür şəraiti... 2 həftəyə 1600 kron, yəni 120 avro pul verirdilər. Bura onsuz da bahalı ölkə sayılmır. O baxımdan da verilən pulla minimal tələbatları həll etmək olurdu”. 

Müsahibimiz deyir ki, çox adam bura həyat dəyişməyə gəlir: “Düşünürlər ki, burda göydən yağış yerinə pul yağır. Amma belə deyil...”



Söhbətə Mirvari Qəhrəmanlı da qarışır. Müşahidələrinə və bilgilərinə əsasən deyir ki, çexlər də bir çox avropalılar kimi işləyənləri sevirlər, onlara hörmət edirlər. Müavinət alıb, əlini əlinin üstünə qoyanlar onların sevmədiyi mühacir kateqoriyasıdır: “Mən burada həkimə getdim. Dərman, müayinə, UZİ... Bunların hamısının birgə xərci Bakıdakından iki dəfə ucuz idi. Burada həkimlər dərman yazmağı xoşlamırlar”.

V.Teymurov: “Sakit şəhərdir, kriminaldan uzaq... Suriyadan, ərəb ölkələrindən olan mühacirlər bura axışmayıb. Bunun da səbəbi var. Çünki bura böyük məbləğdə müavinətlər verən ölkə deyil. O baxımdan, sakitliyini, stabilliyini qoruyub”. 

Çexiyaya ildə 40 milyon turistin gəldiyini yada salan Z.Məmmədli deyir ki, ölkə Avropanın düz ortasındadır: “Avropanın harasına istəsən, gedə bilərsən. O qədər rahatdır, nəqliyyat... Burada darıxmaq söhbəti yoxdur. Çox böyük məbləğdə pulların olmasa belə, səyahət edə, istədiyin kimi yaşaya bilərsən”. 

V.Teymurovun uşağı Bakıda qalıb. Dediyinə görə, ancaq uşağına görə darıxır. 


“Köçən kimi ev, pul almaq istəyən adam Çexiyanı unutsun, Skandinaviya ölkələrinə getsin”

Z.Məmmədli isə deyir ki, mühacir üçün ilk 1 il çətin ola bilər. Onu keçəndən sonra hər şey asanlaşır: “İnteqrasiya olmaq üçün Azərbaycandan qopmaq lazımdır. Buranın filmlərinə baxmaq, buranın insanları ilə tanış olmaq, ünsiyyətə girmək... Bunlar vacib şərtlərdir. İnteqrasiya etmək istəyirsənsə, öz üzərində işləməlisən. Burada dövlətdən sosial yardım almaq çətindir. Onlar istəyirlər ki, sən işləyəsən, cəmiyyət üçün və özün üçün nəsə edəsən. Çexiya sosial ölkə deyil. Onu Qərbi Avropa və ya Skandinaviya ölkələri ilə müqayisə etmək olmaz. Burada yaşamağın əsas yolu işləməkdir. Öz sənətin üzrə işləyə bilirsənsə, bunu etməlisən. Hər hansı bir xarici dil bilirsənsə, iş tapmalısan. Çexiya tənbəllərin ölkəsi deyil. Mən Çexiyaya köçsəm, mənə ev, pul, şərait veriləcək söhbəti yoxdur, bunu unudun. Bunu istəyən adam Skandinaviya ölkəsinə köçməlidir. Parazitlərin ölkəsi deyil, bura...” 


Mirvari Qəhrəmanlı: “Avropa mənim ailəmi parçaladı...”

V.Teymurov azərbaycanlı məmurların ən sevimli məkanının bura olduğunu deyir: “Onlar Çexiyaya tez-tez gəlirlər, burada istirahət edirlər, əylənirlər. Hətta burada gördükləri çox şeyi “copy-past” prinsipi ilə Azərbaycanda da tətbiq edirlər. Bu isə vizual olur, mahiyyət dəyişmir”. 

M.Qəhrəmanlı isə olaylara bir qədər daha mənəvi prizmadan yanaşdı: “Bilirsiz, Avropa mənim ailəmi parçaladı. İndi qızım, onun ailəsi, nəvəm burdadır, mənsə Bakıda... Mənim üçün çətindir. Heç vaxt xaricdə yaşaya bilmərəm. Ona görə yox ki, tənbələm və ya nəsə başqa bir səbəb... Sadəcə, mən işsiz yaşaya bilmərəm. Bu  ölkə mənim ölkəm deyil. Mən evimə, həyətimə, hətta qapıma da bağlı adamam. Xarici ölkə mənim üçün bir neçə gün gedib gəzmək, təəssüat yaratmaq, fərqlilikləri görmək üçün yaxşı seçimdir. Amma yaşamaq üçün yox... Mən qızım, kürəkənim, nəvəm olmadan yaşamaqda çətinlik çəkirəm. Onlarla nəfəs alıram. Gündə neçə dəfə əlaqə saxlayıram”.

Növbəti yazılarımızda isə sizi Praqadakı digər mühacirlərin həyatı, eləcə də, paytaxtın həyatı, gəzinti seçimləri, səyahət şərtləri, əhalinin sosial durumu və bunun kimi bir çox maraqlı məqamlarla tanış edəcəyik. 

Andersonun nağıllarını xatırladan bu şəhərdə yaşamaq da, turist kimi səyahət etmək qədər maraqlıdır. Musavat.com-u izləyin. 

Sevinc TELMANQIZI,
Praqa, Çexiya

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR