İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizdə şəhər tikən adamın hekayəsi

11296 22.11.2013 08:56 Reportaj A A


 


 









“Khazar İslands” özəl layihə olsa da burda dövlətin, prezidentin dəstəyi olmasa, daşı-daş üstünə qoya bilmərəm. Cənab prezident tapşırıb ki, mənə heç bir dövlət qurumu maneçilik törətməsin. İlham Əliyev böyük siyasətçidir”


Ötən həftəsonu inşa etdirdiyi şəhərdə bir körpünün uçması xəbəri yayılanda onun özündən rəy öyrənmişdik. Söhbət əsnasında belə razılaşdıq ki, hər şeyi öz gözümüzlə görmək üçün “Khazar İslands”a gedək. “Gəlin, baxın, görün nələr tikirəm, necə şəhər salıram".

Görüş üçün vaxtı özü müəyyənləşdirdi. “Gələn həftənin üçüncü günü, səhər saatlarında ”Azneft"də maşın sizi gözləyəcək. Əyninizi qalın edin, oralar bir az soyuq və küləkli olur. Xəstələnib eləyərsiz, sonra gedib yazarsız ki, Hacı İbrahim bizi xəstələndirdi". Ardınca da özünəməxsus formada güldü. 

***
Bizi Bəhram Gurun abidəsi yaxınlığında qara cip gözləyirdi. Əyləşib Bakıdan 10 kilometrlərlə uzaqda yerləşən məlum yerə üz tutduq.
Beləcə, bir xəbərin vəsilə olduğu görüş reallaşmaq üzrəydi. Azərbaycanın bu məşhur və maraqlı adamının, adı ətrafında az qala 20 ildən çoxdur əfsanələr dolaşan Hacı İbrahim Nehrəmlinin görüşünə yollandıq.
*** 
Yolda olarkən zəng vurub təklif etdi ki, söhbətə səhər yeməyi ilə başlayaq. Ona görə də bizi ilk olaraq “Xəzər adaları”ndan təxminən 10 km aralıda yerləşən və dənizin az qala içində olan bağ evinə dəvət etdi. 

Maraqlı jest 

Hacı İbrahim villasının həyətində bizi şəxsən qarşıladı. Açığı, gözləyirdik ki, bir neçə dəqiqə darvaza önündə maşında gözləyəcəyik, sonra evin qapısı ağzında güvənlik üst-başımızı yoxlayacaq, sonra Hacı İbrahim ən azından bizi salonda 15 dəqiqə gözlədəcək. Axırda da yekəxana ədalarla bizə yaxınlaşıb salamlaşacaq. Azərbaycan reallığında bunların olmasını az qala hamımız təbii qarşılayırıq. Geniş əlaqələri, pulu, nüfuzu və məşhurluğu olan iş adamı, vəzifə sahibi, hətta şou-biznes nümayəndəsi adətən bu cür edir. Görüşünə gələnlərə, illah da media işçilərinə öz “böyüklüyünü”, “əlçatmazlığını” sübut etmək üçün yuxarıda sadaladığımız mənasız proseduru tətbiq edir. Amma Hacı İbrahim tam tərsini yapdı; bizi həyətdə şəxsən qarşılaması, maşından düşər-düşməz bizə tərəf gəlib illərin dostu, tanışı kimi görüşməsi Azərbaycan qəzetçilərinin öz təcrübələrində az-az rast gəldiyi situasiyalardandır... 
***
O, bizi ilk olaraq hələ də tikilməkdə olan evin həyətinin dənizə açılan hissəsinə apardı. Bağ evi adlandırdığı bu məkanın ərazisi kifayət qədər böyükdür. Sanki iri bir hotelə gəlmişdik. Palma, zeytun, badam ağacları sırayla, xüsusi dizaynla əkilib. Ərazidə ustalar işləyirdi. Səliqə-sahman, göz oxşayan dizaynla yanaşı burda qızğın iş gedirdi. Bağda ara-sıra meyvə ağacları da gözə dəyirdi. Nəhəng palmaların arasından boylanan nar ağacını göstərib “bunu özüm əkmişəm. Mənə deyirdilər ki, bu, meyvə gətirməyəcək. Amma görürsən, nar necə yetişib” dedi. Həyətlə qısa tanışlıqdan sonra yemək salonuna keçirik. “Xanımım əla qayğanaq bişirib. Qeyri-adi qayğanaqdı e. Soyutmaq olmaz. Gedək...”
Masa arxasına keçirik. Bir qabda ilk baxışdan başqa təama bənzəyən yemək gəldi. Hacı İbrahim tez izahata başladı: “Bu, Nehrəm qayğanağıdı. Bunun üstünə Şahbuz balı töküb yeməsən, heç bir ləzzəti olmaz”. Bunu deyə-deyə boşqablarımıza özü qayğanaq çəkirdi. Sonra da o biri qabdan 1-2 qaşıq bal qoydu.  

 

“Mən buralara fəhləlikdən gəlmişəm”


Yemək süfrəsi arxasında söhbət başladı. Təşəbbüsü ələ almışdı. Müdaxilə etmək fikrimiz yoxuydu. Hər şeyi o qədər ardıcıllıqla, aram-aram, dəqiqliklə danışırdı ki, suala ehtiyac qalmırdı.

Hekayəni lap uzaqlardan, uşaqlıq illərindən başlatdı: “Orta məktəbin sonuncu siniflərində oxuyanda fəhləlik etmək məcburiyyətində qaldım. Ailəmizin maddi vəziyyəti pis idi. Mən bu günə fəhləlikdən keçib gəlmişəm. Ona görə də fəhlələri çox sevirəm. Evimdə, ”Xəzər Adaları"nda işləyən fəhlələrə qarşı çox həssasam. Eşitsəm ki, kimsə onların xətrinə dəyib, o adamı işdən qovaram. Bəzən qulağıma çatır ki, hansısa iş icraçısı fəhlənin pulunu kəsib, anındaca həmin adamı cəzalandırıram".

Hacı İbrahim tabeliyindəki işçilərlə münasibətindən də danışır: “Mən işçilərimə əsla qışqırmaram. Sözümü sakit deyirəm. Kimsə də nəsə yanlış edəndə, bağırıb-çığırmıram. Vəzifə sadəcə məsuliyyəti artırır, kiminsə üstünə bağırmağa əsas vermir. Mən ofisdə işçilərimlə birlikdə yemək yeyirəm, özü də kimsə məni görüb yeməküstə ayağa qalxsa, qoymaram. Hə, bir də xahiş edirəm ki, nahar zamanı işdən danışılmasın. Yemək vaxtı işi unutmaq lazımdı (gülür)”. 

Söhbət yenə də İbrahim Nehrəmlinin fəhlə işlədiyi vaxtlara gedib çıxır. Maraqlı bir hekayə danışır həmsöhbətimiz: “”Nasılka" ilə beton daşıyırdıq tikintidə. Əldən düşmüşdüm, necə uzanmışamsa, elə ordaca yuxuya getmişəm. Bir də gördüm İsa adlı iş icraçısı boğazımdan yapışıb bağırır. İş vaxtı yatdığım onu əsəbiləşdirmişdi. Onun əlindən çıxıb yan tərəfdə anbara verdim özümü ki, ağlayım, ürəyim boşalsın. Mən içəri girəndə orda 45-50 yaşlarında iki kişi vardı. Məni görən kimi ikisi də ayağa qalxdı. Çaşqınlıq içində bir-birilərindən soruşdular ki, niyə bu uşağı görəndə ayağa qalxdıq? Sonra o kişilərdən biri dedi ki, bala, sən gələcəkdə çox böyük adam olacaqsan. Səni görəndə qeyri-ixtiyari ayağa qalxmamız bunun əlamətidir..."

İllər sonra həyat o adamla Hacı İbrahimi bir daha rastlaşdırıb. İbrahim Nehrəmli imkanlı biznesmen olanda vaxtilə ona kobudluq etmiş İsa adlı həmin adama böyük yaxşılıqlar edib, fəqət keçmişi xatırlatmadan... O da təəccüb və çaşqınlıq içində ona bu yaxşılıqları edən adamı süzüb, lakin bir şey anlamayıb... “Dünya fanidi, ölənə qədər insanların məhəbbətini, öləndən sonra da rəhmətini qazanmaq lazımdı. İllər öncə 100 milyon pulum olarkən qəfildən müflis olduğum, kirayələrdə yaşadığım vaxtlarım olub. Həmin vaxt milyonlar qazandırdığım yaxın adamlarımdan birindən dəstək istədim, mənə 500 dollar yolladı. O 500 dollara baxa-baxa insanların nankorluğuna görə çox məyus oldum. Amma yenə də öz ağlım və Allahın mənə verdiyi növbəti şansla o çətin vəziyyətlərdən çıxdım. Hər şeyi sıfırdan başladım”.

Hacı İbrahim “Khazar İslands” layihəsinin dünyaya səs saldığını dedi: “Türkiyə prezidenti Abdulla Gül avqustda Azərbaycana gələndə mənimlə məxsusi olaraq görüşdü. Qəbələdə olanda Gül mənimlə və tikdiyim şəhərlə maraqlanıb. Deyib İbrahim bəylə görüşmək istəyir. Getdim Qəbələyə. Görüşüb danışdıq. Məni Ankaraya dəvət etdi. Ərdoğanla da görüşüm planlaşdırılır. Türkiyə hökuməti bu layihə ilə çox maraqlanır”.

Soruşuruq ki, bəs bizim hökumətin bu layihəyə münasibəti necədi? Prezidentin onun gördüyü işlə maraqlanıb-maraqlanmadığını xəbər alırıq: “Bildiyim qədər cənab prezident bu layihəni çox maraqla izləyir. Bu layihədə bir manat da olsun dövlət pulu xərclənməyib. Amma möhtərəm prezident deyib ki, tikə bilirsə, tiksin. Bu, özəl layihə olsa da burda dövlətin, prezidentin dəstəyi olmasa daşı-daş üstünə qoya bilmərəm. Cənab prezident tapşırıb ki, mənə heç bir dövlət qurumu maneçilik törətməsin. İlham Əliyev böyük siyasətçidir. O, indiki çətin beynəlxalq şərtlər altında Azərbaycanı çox məharətlə idarə edir, ölkəmizin mənafeyini hər şeydən uca tutmağı bacarır. Dünya da cənab prezidentlə hesablaşır”.

Hacı İbrahim məmurlardan ən çox Hacıbala Abutalıbovdan razı olduğunu gizlətmir: “Sağ olsun, mənə ciddi dəstək verir. Onun yanına gedəndə problemsiz məni qəbul edir, sənədləri ləngitmədən möhürləyib qeydiyyatdan keçirir. Hacıbala müəllim kimi mer gəlməyib Bakıya. Çox işgüzar və ədalətli adamdır. Fövqəladə Hallar Nazirliyindən də razıyam. FHN mənə heç bir problem yaratmır, əksinə, ortaya çıxan problemlərin həllində dəstək olur”. 

Hacı İbrahim etiraf edir ki, onun işinə əngəl törədən nazirliklər də var. 

“Hansı nazirliklərdi sizə maneçilik törədən” - sualını verməkdən özümüzü saxlaya bilmirik.

Bir nehrəmlinin başı 100 yaponun ağlından üstündür"


“Var də. Birtəhər dözürük hələ. Amma bəzən onların hərəkətləri məni hövsələdən çıxarır. Bu  şəhəri ölkəm və millətim üçün tikirəm, özüm üçün yox. Bu layihəyə indiyədək 1 milyard manatdan çox sərmayə qoymuşam. Azərbaycan  bankları mənə bu işə görə kredit verməyiblər. Xərclədiyim pullar son qəpiyinə kimi şəxsi vəsaitimdir. Bu 1 milyard pul mənim nəyimə  bəs deyildi?!”

Bu arada mobil telefonuna zənglər gəlir. Hiss olunur ki, işlə bağlıdı: “Ən xırda işlə bağlı xərclərə özüm nəzarət edirəm. Yoxsa  mümkün deyil, dağıdırlar. Tutaq ki, beş min manat maaş verdiyim işçi eşidirəm ki, oğurluq edir. Soruşuram ki, niyə belə edirsən?  Cavab verir ki, bəs neynim, dolanmalıyam də. Deyirəm ki, sənin dolanman üçün verirəm o yüksək maaşı”.

Hacı İbrahim söhbətində doğulduğu kəndin adını tez-tez çəkir. 90-cı illərdə mərhum prezident Heydər Əliyevin yaxından dəstəyi ilə  Nehrəmə su çəkdirməyindən, öz kəndlərindən parlament seçkilərinə qatılmağından danışır. Deputatın nə səlahiyyəti var ki... İndi  millətim və dövlətim üçün daha səmərəli işlər görürəm" - deyir.
Türk qəhvəsindən sonra “Khazar İslands”a getmək üçün hazırlanırıq. Yeni aldığı “Range Rover”ə minib Xəzərin sahiliylə tikilməkdə  olan adaya tərəf üz tuturuq. Salyan şosesi ilə üzü şəhərə doğru irəlilədikcə sağ tərəfdə sıralanan bahalı evləri, villaları  göstərib deyir: “Bu ərazilər hamısı mənim olub. Mən buranı alanda buralar ilan mələyən boz çöllük idi. Görün nələr  qurub-yaratmışam.

Nəhayət, gəlib çatdıq əfsanəvi “Khazar İslands”a. Girişdən ta sona qədər qızğın iş gedirdi. Hacı İbrahim təxminən 2 kilometrdən  sonra maşını saxlatdırdı. “Gəl burda düşək, piyada gəzək, hər şeyi, hər tikilini özüm sizə göstərim, görün nə böyük işlər görürük”  - dedi. Şəhərin girişində sağ tərəfdə meriyanın tikilməkdə olan binasını göstərir. Onun əks tərəfində bələdiyyə binasının olacağını  söyləyir: “Amma  plan dəyişdi. Bələdiyyə binasının yerində otel olacaq. Burda yollara 1 metr də olsun asfalt vurulmayacaq. Yollara  5.5 qalınlıqda olan qranit piltələr döşənəcək. Xaricdən gətizdirmişəm qranitləri. Burda hər yerə qranit döşənəcək”.

Biz qranit döşəmənin üstünə gəlib çıxmışdıq. Kənardakı qranitlərə əli ilə toxunub deyir: “Qalınlığına, ağırlığına, keyfiyyətinə  baxın də. Biz dənizin 40 metr dərinliyindən svaylarla yer səthinə çıxırıq, sonra da svaylar üzərində tikinti aparırıq. Bir qram da  olsun nəm söhbəti yoxdu. Burda nə binalar, nə də yollar yüz il sonra da çökə bilməz. İşlər son dərəcə keyfiyyətli görülür”.

Gəzə-gəzə gəlib çıxırıq “Skat” restoranının tikildiyi əraziyə: “Buna diqqət edin, skat balığının maketi əsasında inşa edilir.  Hamısı mənim layihəm, göstərişimdir. Bu restoranda Almaniyadan gətirilmiş avadanlıqlarla pivə zavodu qurulub. Nəhəng restoran  olacaq. Burdakı hər adada çoxlu restoran fəaliyyət göstərəcək, hamısı da bir-birilə rəqabət aparacaq ki, ucuzluq olsun”.

Hacı İbrahim fəhlələrlə bir-bir salamlaşıb onlarla hal-əhval tutur. Maaş alıb-almadıqlarını xəbər alır. İş icraçıları,  mühəndislərlə danışır, son göstərişlərini verir onlara. Bizi növbəti restoranın yaxınlığına aparır. Tikilməkdə olan nəhəng hovuzu  göstərir. Bu arada gənc xanım yaxınlaşır. İbrahim Nehrəmli bizi onunla tanış edir. “Bu, Hande xanımdı. Hande Tanrıverdi. Layihə  rəhbəridi. Gənc olmasına rəğmən çox yetənəkli mütəxəssislərimizdəndir. Türkiyədən gəlib burda çalışır”.

Hande xanımdan “hovuzun dizaynını siz vermisiz” soruşduqda, “xeyr, bu, İbrahim bəyin fantaziyasının məhsuludu” -  deyir.

Bu hovuzda insanlar sudan çıxmadan hovuzun kənarlarında quraşdırılmış bar ətrafında içki içə, söhbət edə biləcəklər.

Adalarda basdırılan zeytun ağacları diqqətimizi çəkir. Hacı İbrahimə zarafatla “Bakıda zeytun qoymamısınız, hamısını çıxarıb burda  əkdirmisiz” dedikdə, “bunların hamısını İtaliyadan gətizdirmişəm” - cavabını verir. “Bax bu ağaca - əli ilə yaxınlıqdakı zeytunu  götərir, - 4 min avro pul vermişəm” - söyləyir. “Bakıda kimdir mənə icazə verən o qədər zeytun çıxarım bura gətirəm...”

Söhbət edə-edə adada tikilən körpünün üstünə gəlib çıxırıq: “Burda iki xətli tramvay yolu olacaq. Bax, burda gördüyünüz isə  keçidlərdi. Sakinlər maşınlarını yeraltı dayanacaqlarda saxlayıb keçidlərlə evlərinə gələcəklər. Hər 300 metrdən bir keçidlərdi.  Burda insanlar yerin üstündə maşın görməyəcək. Yollar elə qurulub ki, avtomobillərin tormoz verməsinə ehtiyac qalmayacaq. İşıqfor  olmayacaq. 14 xətli yol tikilir bu şəhərdə. Dünyada belə şey yoxdu. Hər detal son dərəcə mükəmməl işlənib hazırlanıb. Təmiz hava  olacaq. 600 min iş yeri açılacaq bu şəhərdə. İnsanlar trafik görmədən şəhərin bu başından o biri başına 15 dəqiqəyə gedəcəklər.  Şəhərin dörd bir tərəfi bulvar olacaq. İndi bunlar sizə nağıl kimi görünür. Mən zatən nağıllar şəhəri tikirəm. Hələlik çox adam  inanmır ki, bu şəhər başa gələcək. Amma baxarsız, görün nə böyük xəyalları gerçəkləşdirəcəm...”

Bir şey diqqətimizi xüsusi olaraq cəlb etdi: bu şəhərdə çəkilən yolların, tikilən körpülərin eni, uzunu haqda Hacı İbrahim dəqiq  məlumata malikdir. Mühəndislərin tez-tez səhvlərini tuturdu, onlar bizə yolların, dayanacaqların, körpü və tunellərin uzunluğu, eni  və başqa göstəriciləri haqda məlumat verəndə hər dəfə İbrahim Nehrəmli düzəliş verirdi. Santimetrinə qədər əzbər bilir bu qədər  nəhəng tikintidə hər şeyin. Yolların qalınlığına qədər, hansı yol kəsişməsində hansı ölçülü qranitlərdən istifadə olunursa hamısını  əzbərdən deyir. Hətta materialların növünə, hansı ölkədən gətirildiyinə kimi hər xırda epizodu yadında saxlayıb...

Artıq “Khazar İslands”da yaşayış binaları ucaldılıb. Növbəti səfər o istiqamətəydi. Soruşuruq ki, qardaşlarınız burdan ev alacaqmı,  ya da onlara ev hədiyyə edəcəksinizmi? Cavab verir ki, 20 illik ipoteka krediti ilə satacaq evləri: “Nazim müəllim (Diasporla İş  üzrə Dövlət Komitənin sədri Nazim İbrahimov-red.) ev almaq istəyir burdan. Sərfəli kredit şərtlərini eşidib, həvəslənib”.

Hacı İbrahim yol kənarında dayanıb iki adanın arasındakı torpaq sahəsini göstərib deyir: “Bu torpaq burdan götürüləcək. Bax o  gördüyün xüsusi gəmiylə dənizin dibi qazılacaq, dərinləşdiriləcək və körpülərin altından gəmilər keçəcək. Gəl gedək sizə bir şey də  göstərim. Bax, görürsünüz? Lilsoran, dənizin dibini qazan gəmi yığdırıram burda. Bunun xaricdə qiyməti 3 milyon avrodu. Mən burda  bunu 300 min manata hazırlatdıracam. 10 dəfə ucuz”.

Həmsöhbətimiz deyir ki, buranın yağış və kanalizasiya suyu dənizə axıdılmayacaq: “Tullantı sular xüsusi qurğularda təmizlənib  yenidən texniki su kimi əhaliyə veriləcək. Tullantılardan isə elektrik stansiyasında yanacaq kimi istifadə olunacaq”.

Sonda tikilməkdə olan şəhərin ən ucqarında taxtadan qurulmuş ofis binasına gəlirik. Burda çay süfrəsi arxasında Hacı İbrahim  masanın üstündə “Khazar İslands”ın baş planını göstərir. Bütün tikililər - məktəblər, xəstəxanalar, parklar, stadionlar, uşaq  bağçaları və digər sosial obyektlər haqda geniş bilgilər verir.

Bu arada “Avesta” Konserninin İdarə Heyətinin sədri Hakan Özbek də gəlir. Hakan bəy “Khazar İslands” haqda geniş məlumat verdikdən  sonra Hacı İbrahim yerli medianın bu layihəyə diqqət ayırmamasından narazılıq edir: “Bu günlərdə xaricdən jurnalist gəlmişdi. O  jurnalist mənə söylədi ki, öz ölkəndən çox xaricdə məşhursan. "Khazar İslands" layihəsinin dünyaya səs saldığını dedi. Məəttəl  qalmışdı ki, bu qədər genişmiqyaslı iş görürəm, amma Azərbaycan mediasında bu öz əksini tapmır".

“Hansı qəzet zəng edir, pul istəyir. Deyirəm axı dövlət sizə dotasiya verir, pulunuz yoxdu bəyəm?” Sonra üzünü bizə tutub soruşur:  “Sizin qəzetlə neçə ildir əməkdaşlıq edirəm, bir dəfə də məndən pul istəməmisiniz. Siz niyə məndən pul istəmirsiz? (Otaqda möhkəm  gülüşmə qopur)”. Hacı İbrahimə deyirik ki, biz ondan şəhər hazır olanda reklam istəyəcəyik. “Əla. Mən razı. Bütün reklamları  verəcəm sizə”.

Hacı İbrahim deyir ki, tikdiyi şəhərdə 78 ada, onları da bir-birilə birləşdirən 150 körpü var. “Khazar İslands”ın ana yolunun  uzunluğu 150 km olacaq. Şəhərin ümumi sahəsi 3500 hektardır. Həmçinin bildirdi ki, kim burdan ev alandan sonra mənzili geri  qaytarmaq istəsə, ödədiyi məbləğin 80 faizi həmin adama geri veriləcək.

“Mən buranın tikintisindən, satışından yox, işlətməçiliyindən pul qazanmağı planlaşdırıram”.

Hacı İbrahim bildirdi ki, burda işlərə təzə başlayanda gecələr yata bilmirmiş: “6 ay səhərə kimi gözümə yuxu getmədi. Qan-tərə  batırdım. Bir gün ağsaqqal dostlarımdan biri məsləhət gördü ki, evə girən kimi işi unut. İlk günlər çətin oldu, amma sonra gördüm  ki, yavaş-yavaş düzəlir hər şey. Buranı başlayanda cəmi 50 milyonum vardı. İndi hesablayanda baxıram ki, hardasa 1.2 milyard manat  xərcləmişəm. Bəzən özüm də məəttəl qalıram ki, bu işləri mən necə gördüm. Dubayda ”Palma" adası, İtaliyada Venesiya batır. Çünki  səhv tikilib onlar. Amma burda nehrəmli başı işləyib. Bir nehrəmlinin başı 100 yaponun ağlından üstündür. Mirzə Cəlil boş yerə  gəlib bizim kənddə müəllim işləməyib ki (gülür).

Azər AYXAN
Fotolar: Fərahim İLQAROĞLUNUNDUR

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR