İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədidə “yaşıllıq cəlladları” yenə peyda olub: "Ağacları kəsib..." - REPORTAJ, FOTOLAR

2005 10.01.2017 22:23 Reportaj A A
Yenə Binəqədi rayonu, yenə “yaşıllıq qətliamı”... Nə sirdirsə bu rayonda demək olar ki, hər gün qanunsuz ağac kəsilir. 

Kəsilən ağacların yerində isə çoxmərtəbəli binalar, obyektlər tikilir. Çoxunun da yerli icra hakimiyyəti tərəfindən imzalanmış sənədi olur. Maraqlıdır, elə deyilmi? Bu dəfə isə məsələ bir az fərqlidir. 

Binəqədi rayonu, İbrahim Paşa Dadaşov küçəsində olan "Azəri Kafe" adlı məkanın önündə olan ağacları kəsiblər. Tez-tələsik bir neçə ağacın yerini betonlayıblar. Geridə qalanlara isə vaxt edə bilməyiblər. 

Bu haqda musavat.com-a rayon sakinləri xəbər veriblər. Onların sözlərinə görə, gizlicə, bayram günlərində və gecə saatlarında ağacları kökdən kəsiblər: "Baş qarışıqlığından istifadə etdilər, ağacları kəsdilər. Deyilənlərə görə, obyektin önünü artırmaq istəyirlər. Ağaclar da bunlara mane olurmuş. Buna görə də, o qədər ağacı kəsiblər". 

Sakinlərin sözlərinə görə, burada əvvəllər 10-a yaxın ağac olub: "Heç biri də qoca deyildi. Yayda kafe işçiləri bura masa qoyurdular. Kölgəsindən pul qazanırdılar. Ağacların onlara faydası var idi. Amma yenə də həmin ağacları kəsdilər". 

Şikayəti nəzərə alıb, adıçəkilən əraziyə yollandıq. Gördüklərimiz deyilənləri doğruladı. Görüntü və təmizlik cəhətdən bura kafedən çox, hansısa atılmış depoya, maşın təmirxanasına bənzəyir. Hətta ağacların kəsilmə səbəbini soruşmaq üçün kafeyə daxil olanda içəridən gələn qoxu, tərləmiş paltarların saxlandığı məkanı xatırladırdı. 

Məkanı bəlkə də bir az normal göstərən, bərbad görüntüsünü qapadan elə bu ağaclar olub. İndi o "örtüklər" də yoxdur. Məkan sahibini axtardıq, tapa bilmədik ki, ağacların kəsilmə səbəbini öyrənək. Amma bu mümkün olmadı. Çünki kafe icarəyə verilib və burada sadəcə işçiləri tapa bildik. 

Onlar da dedilər ki, ağac kəsimindən xəbərləri yoxdur: "Biz sadəcə işçiyik və heç nədən xəbərimiz yoxdur. Obyekt icarəyə götürülüb. Ağacların olub-olmaması bizə mane olmur. Siz obyekt sahibi ilə danışın". 

Obyekt sahibinin isə nə adını bilirlər, nə də əlaqə telefonunu. Bu səbəbdən "Ağacları niyə kəsmisiniz" və ya "Ağacları kim kəsib" sualını verə bilmədik. 

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR