İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram gəldi, heç bilmirəm neyləyim...

1819 26.12.2016 10:20 Reportaj A A

Yeni ilin gəlişinə sayılı günlər qalıb. “İli necə qarşılasan, elə də keçər”, deyirlər. Buna görə də insanlar çalışırlar ki, Yeni ili şən əhval-ruhiyyədə qarşılayıb, gözəl bir süfrə açsınlar. Hər kəs bayram axşamı ləziz nemətlərin yer aldığı  bayram süfrəsi açmaq istəsə də, təəssüf ki, bahalaşan qiymətlər fonunda əksəriyyət bunu edə bilmir. 

Adətən, Yeni il süfrəsində 3-4 cür yemək, salatlar olur. Həmçinin, yeməklərin şahı sayılan plov da Yeni il süfrəsində yer alır.

Orta və yüksək səviyyəli Yeni il süfrəsinin neçəyə başa gəldiyini öyrənmək üçün bazara və bir neçə marketə baş çəkib, qiymətlərlə tanış olduq.

Yeni ilin gəlişini 6 gün qalmasına baxmayaraq qiymətlər artıq “ceyran belində” idi. Ancaq alıcılar da kifayət qədər idi. İnsanlar bayrama  2-3 gün qalmış qiymətlərin daha da bahalaşacağını düşündüyü üçün indi alış verişə çıxdıqlarını deyirdilər. Yeni il süfrəsi üçün indidən ərzaq tədarükü gördüyünü deyən alıcı Arzu Quliyeva xarab olmayan məhsulları aldığını dedi: “Yeni il qabağı qiymətləri daha da qaldıracaqlar. Bu, hər il baş verir. Ona görə də xarab olmayan bir sıra məhsullar var ki, indidən alıb evə qoyuram. Qiymətlər çox bahalaşıb. Heç olmasa imkana versinlər ki, camaat ortabab bir Yen il süfrəsi aça bilsin. Təbii ki, bahalaşma olduğu üçün keçən ilə nisbətən bu bayramda süfrəmdən bir çox şeyləri ixtisar etməli olacam”.

Satıcılar isə bayram ərəfəsində bazarda canlanma olduğunu deyirdilər. Satıcı Əşrəf Məmmədov qiymətlərdə artım olduğunu dedi: “Tələbat artıb deyə qiymətlərdə artım var. Amma biz bu artımı özümüz təyin etməmişik. Mən malı topdan satışdan alıb gətirib, üstünə qəpik-quruş qoyub satıram. Baha aldığım üçün baha satıram. Yəqin ki, bayramdan sonra artım olmayacaq”.

Bazarda daha çox meyvə və çərəzlərin qiymətində bahalaşma müşahidə etdik. Bazarda narıngi 1 - 2 manat arasında, heyva 80 qəpiyə, üzüm 5 manata,  banan 2 manat 30 qəpiyə, portağal  2 manata, armud, kivi 3 manata, xurma 2 manata, nar 1-3 manat arasında satılırdı. Tərəvəzlərə gəlincə isə Zirə pomidoru 3 manat 50 qəpik-4 manat, Qazax pomidoru 1 manat  50 qəpiyə satılırdı. Xiyar 3 manat, göyərti 5 dəstəsi 1 manata, bibər 4 ədədi 1 manata satılırdı. Ətin qiyməti isə 10 manata idi. Toyuğun və balığın da qiymətində də artım müşahidə etdik. Bazarda ən çox baha satılan isə quru meyvələr və çərəzlər idi. Qoz ləpəsinin qiyməti 17-25 manat arası, şabalıd 10 manat, xurma çəki ilə 5 manata, qaysı 10 manata, kişmiş isə 6-10 manat arasında satılırdı. Baş çəkdiyimiz bir neçə mağazada isə salatlar üçün lazım olacaq ərzaqların qiyməti ilə maraqlandıq. Mayonezin qiyməti 80 qəpikdən, yaşıl noxud 1 manat 50 qəpikdən, düyü 2 manatdan, un isə qiyməti 80 qəpikdən başlayırdı.

Əgər siz keçən il plov, dolma və toyuğun, iki növ salatın və bir neçə cür meyvənin yer aldığı ortabab süfrəyə 100-150 manat xərcləyirdinizsə, bu il bu qiymət iki qat artıb. Təxmini hesablamaya görə Yeni il gecəsi 4-5 nəfərlik bir ailənin orta səviyyədə bayram süfrəsi 350-400 manata başa gələcək. Hətta siz sadəcə kasıb süfrəsi açmaq istəsəniz, bunun üçün minimum 100 manat lazım gələcək... 

Ümumiyyətlə, Azərbaycanda Yeni il süfrəsində mütləq hansısa yeməyin olması və onun xüsusi anlam daşıması kimi bir ənənə yoxdur. Amma bir sıra ölkələr var ki, orada bir yemək məhz Yeni ilin mənasını əks etdirir və ya o yeməyi həmin gün yemək uğursuzluq hesab edilir. Məsələn Macarıstanda da Yeni il süfrəsinə qaz, ördək, toyuq qoymurlar. Guya Yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər.

Subay qızlar bu adətə daha çox riayət edirlər ki, qarşıdakı ildə ərə gedə bilsinlər. Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar; amma yemək üçün yox, gələn ilin hava proqnozlarını müəyyənləşdirmək üçün. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğanı götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək. Kubada Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Saatlar 00:00-ı göstərəndə hər kəs 12 gilə üzüm yeməlidir. Bu, o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq. Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

Günel MANAFLI
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR