İnsanlara hürriyət, millətlərə istiqlal!

Bal yarmarkasında yenə narazılıq var; saxta bal satılır

2127 20.10.2014 08:15 Reportaj A A

Yarmarkada müxtəlif regionlardan fərqli çeşiddə ballar və bal məhsulları var. Balın kiloqramı hər il olduğu kimi standart qiymətə deyil, nazirlik bu il onlara qiymətdə sərbəstlik verib. Balın qiyməti yarmarkada 15-25 manat arası dəyişir. Kilosu 15 manata balı az halda tapmaq olar. Bu qiymətə satan satıcılar bildirirlər ki, öz təsərrüfatlarının məhsulu olduğundan, bu qiymətə satmaq sərf edir. “Yəni öz məhsulumuzdur, alverçi deyilik. Ona görə neçəyə istəsək, sata bilərik. Burada əksəriyyət başqasından balı alıb satanlardır. Heç doğru-dürüst arıçı tapmaq da olmur”,- deyə arıçılardan biri gileylənir. O, balın kiloqramını 15 manata satdığını deyir, doşabın kiloqramı isə 10 manatadır. Çərçivədə satılan balların kilosu əsasən 20 manata təklif edilir. 

Arıçılıq məhsullarından çiçək tozunun yüz qramı 15-20 manat, güləmin yüz qramı 20-25 manat, vələmumun (propolisin) yüz qarmı isə 10-15 manatdır. Həmçinin bazara arı südü çıxaran arıçılar da var. Bu məhsulun qramı 5-10 manatdır. Bir dəfəlik müalicə üçün on qram arı südünün lazım olduğu bildirilir. Mumun kilosu isə 20-25 manatdır, qaymaq deyilən məhlulun kilosu da 15-20 manata satılır. Yarmarkada bala qatılmış çərəzlər, qoz, fındıq, kişmiş də qablaşdırılıb və müxtəlif qiymətə təklif edilir.

Söhbətləşdiyimiz satıcılar bir qayda olaraq yer darlığından şikayətlənirlər: “Cərgələrin arası çox dardır, alıcılar keç bilmirlər. Hər il söz verirlər ki, gələn il daha geniş yer verəcəklər, ancaq hər dəfə də aldadırlar”. Həmçinin arıçılar müştəri azlığından narazıdırlar. Onlar bildirirlər ki, çox az həcmdə məhsul sata biliblər: “Saxta balı olanlarınsa alveri yaxşı gedir”.
Satıcılar həmçinin qeyd edirlər ki, nazirlik sahibkarlar arasında ayrı-seçkilik qoyur, hər il hansısa bir bölgənin arıçılarını dəstəkləyir: “Bu, məqsədli şəkildə edilir. Bir neçə ildir ki, reklamda Daşkəsən və Naxçıvan arıçılarıdır. Ən yaxşı yerlər məhz onlar üçün ayrılıb. Yarmarkada onların sayı da çoxdur”.

Bir çox arıçılar yarmarkadan elə də razı görünmürlər. Əksəriyyəti bu fikirdədir ki, arıçılıq məhsulları yarmarkasının əsl arıçılara xeyri yoxdur. Yəni yarmarka kimlərsə üçün qazanc mənbəyidir: “Əsl arıçılar isə sadəcə itirir”.

Bəzi arıçılar bildirirlər ki, yarmarkada bal satmaq əsl işgəncədir: “İyirmi günə yaxındır yarmarka açılıb. Günə 2-3 kilo bal satırıq, vəssalam. Bizi gətirib küncə sıxışdırıblar, heç nə sata bilmirik. Mərkəz yerlər tanışlar üçündür”.

Daşkəsəndən olan arıçı Mobil isə qeyd edir ki, balın kilosunu 15 manata satır: “Öz məhsulumdur, ucuz satıram ki, alınsın. Şükür, alver pis deyil. Təmiz baldır, yoxlaya da bilərsiniz”.

Bəzi arıçılar isə digərlərinin malına baxıb ağız büzürlər: “Əksəriyyəti ”pesok" satır, alıcı isə bunu tanımır. Arıçı vicdanlı olmalıdır, alıcını aldatmaq olmaz". Balını 20-25 manata satan arıçılar isə deyirlər ki, 15 manata satmaq sərf etmir: “Bu qiymət heç arıların dərmanlarının xərci deyil. Arı xüsusi qulluq tələb edir. Hər il onlara nə qədər xərc çəkirik. 15 manata satmaq sərf etmir. O qiymətə satanlar saxta məhsul satanlardır, yoxsa necə ucuz sata bilirlər?”.
Söhbətləşdiyimiz bir çox arıçılar yarmarkada ciddi maraqların mübarizəsi getdiyini vurğulayırlar: “Nazirlik daha çox saxta arıçıları və saxta balı tərif edir. Hər il yarmarkaya çox böyük ölçüdə saxta məhsul çıxarılır. Bunu nazirlik dəstəkləyir və satışını təşkil edir”.
Qeyd edək ki, builki yarmarkada qırğız arıçıları ilə dava da düşüb. Səbəb qırğızların yarmarkaya saxta bal çıxarması idi. Arıçılar deyirlər ki, həmin saxta bal satanlar hələ də iş başındadırlar: “Qırğızıstandan gələn saxta balı rahatlıqla satırlar. Nazirlik hara baxır?”.
“Əslində ölkədə arıçılıq da monopoliyadadır”.

 Bunu narazı arıçılardan biri deyir: “Bu yarmarkalarsa əslində saxta balı satmaq üçündür”. 
Söhbətləşdiyimiz alıcılar da yaxşı bal tapa bilmədiklərini bildirirlər: “İnanmaq olmur, arıçılar digərlərinin balını pisləyib, özününkünü tərifləyir. Bilmirsən kimə inanıb, hansı baldan alasan”.
Qeyd edək ki, bu il yarmarka açılanda rəsmi şəkildə bildirilmişdi ki, yarmarkaya çıxarılan məhsullar sentyabrın 10-dan xüsusi mühafizə edilən anbarlara toplanıb və respublika baytarlıq laboratoriyasına gizli kodla müayinəyə cəlb edilib. Müayinələrin nəticəsinə görə normativ tələblərə cavab verməyən məhsul gətirmiş 8 arıçı yarmarkaya buraxılmayıb və üç tondan artıq keyfiyyətsiz balın satışına icazə verilməyib. Yarmarkada isə Naxçıvandan və respublikanın digər 40 rayonundan 438 nəfər arıçı iştirak edir. Yarmarkaya 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum satışa çıxarılıb. Yarmarka oktyabrın 30-dək davam edəcək.

Röya RƏFİYEVA
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR