İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda parkomat xaosu: "Dünyanın heç bir yerində belə hal yoxdur" - REPORTAJ, FOTOLAR

5383 22.01.2017 20:55 Reportaj A A
Paytaxt sürücülərini narahat edən əsas problemlərdən biri parkomatlardır. Yol kənarlarında, ticarət mərkəzlərinin qarşısında, mərkəzi küçə və prospektlərin kənarlarında saysız-hesabsız parkomatlar quraşdırılıb. Bütün bunlar tıxacların aradan qadırılması məqsədi daşısa da, əksinə daha çox tıxacın yaranmasına səbəb olur. 

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın əksər mərkəzi küçələrini zəbt edib, dayanacağa çevirib. Avtomobilini kənara çəkib, bir dəqiqə dayanan kimi, parkomatda pul yığmaqla məşğul olan şəxslər yaxınlaşır. Hətta yaşayış binalarının qarşısında belə, parkomatlar quraşdırılıb. Bu isə əhalinin mədəni surətdə soyulmasıdır. Vətəndaş  sakini yaşadığı binanın qarşısında avtomobilini saxlamaq üçün nəyə görə ödəniş etməlidir? Hazırda bir çox sürücüləri narahat edən sual budur.

Nizami rayonunda, “Neftçilər” metrostansiyasının ətrafında onlarla parkomat var. Metrodan üzü “8-ci kilometr” bazarına gedən yolun üzərində olan parkomatların sayı isə 6-dır. Hər 15-20 metrdən bir parkomat quraşdırılıb. Əvvəllər bu ətrafda saxlanılan avtomobillər DYP tərəfindən cərimələnsə də, indi icazə verilir. 

Həmsöhbət olduğum parkomat nəzarətçisi burada 30 dəqiqə dayanmağın 50 qəpik olduğunu dedi: “Bu ətrafda bir xeyli parkomat var. Biz birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə tabeyik. Yarım saat üçün ödəniş 50 qəpikdir. Növbəti saata keçəndə eyni məbləğ üzərinə gəlir".

Həmsöhbətim dedi ki, dayanacaqdan istifadə edib, ödəniş etməyənləri isə cərimə gözləyir: "Bu zaman biz həmin avtomobilin nömrəsini yazıb, Bakı Şəhər İcra Hakimiyyətinə göndəririk. Onlar da DYP idarəsinə bildiriş verirlər. Növbəti dəfə həmin avtomobil dayanacaqdan istifadə edə bilmir. Parkomat avtomatik maşının nömrəsini tanıyır, qəbul etmir. Səhv etmirəmsə bunun üçün hətta 20 manat cərimə gəlir. Ona görə də, sürücülər bunu nəzərə alıb, parkomata ödəniş edib, çek götürürlər”.

Təəccüblü məqamlardan biri də iri geyim mağazalarının və yaxud supermarketlərin qarşısında ödənişli dayanacaqların olmasıdır. Obyekt sahibləri mağazaya alış-veriş edən müştərilərdən dayanacaq üçün ödəniş alır. Bunun üçün dəqiq məbləğ olmasa da, müştəri 50 qəpik-1 manat civarında ödəniş etməyə məcbur olur. Əksər supermarketlərin qarşısındakı dayanacaq Bakı Şəhər İcra Hakimiyyətinin gəlir yerinə çevrilib. Misal üçün, "Araz" supermarketin qarşısında ən azı 3 yerdə parkomat quraşdırılıb. Rəhbərlik marketə gələn müştəriləri nəzərə alaraq, supermarketin qarşısında xüsusi dayanacaqlar quraşdırıb. Lakin bu yerlər müştərilər üçün təşkil olunsa da, icra hakimiyyəti vətəndaşların cibinə girir.

Paytaxt ərazisindəki yeraltı dayacaqlarda isə qiymətlər olduqca bahadır. Misal üçün “Park bulvar”da 1 saatlıq dayanacaq üçün 2 manat tələb olunur. Ən təcccüblü məqam odur ki, bir saatdan bir dəqiqə belə keçsə, əlavə olaraq 1 manat ödəməli olursan. Dənizkənarı Milli Parkda da yol kənarlarında bir saaat üçün 1 manat ödəniş tələb olunur. İçərişəhərdə də eyni vəziyyətdir. 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov musavat.com-a açıqlamasında bildirdi ki, parkomatlarda qiymətlər yüksəkdir: "Bakıda istər yeraltı, istərsə də yerüstü parkomatlarda qiymətlər bahadır. Hər parkomatda müxtəlif qiymət mövcuddur. Parkomatlarda konkret tarif olmalıdır və hesab edirəm ki, bu tarif də Tarif Şurası tərəfindən müəyyən edilməlidir. O cümlədən güzəştli şərtlər və onların kimə şamil edilməsi müəyyən edilməlidir. Bundan əlavə dünya təcrübəsinə əsaslanaraq, öncədən ödəniş etməklə parkomatlardan istifadə qaydaları da müəyyən edilməlidir. Məsələn kimsə bir ilin ödənişini əvvəlcədən edirsə, bunun üçün həm parkomat, həm də avtomobil sahibi üçün əlverişli tarif müəyyən edilə bilər”.

Ekspert onu da vurğuladı ki, özəl dayanacaqlara dövlət müdaxilə edə bilməz: "Dayanacaq da sahibkarın özəl mülkiyyəti sayılır. Hətta qiyməti belə, diktə edə bilməz. İcarəyə götürüb işlədir. Bu, başadüşüləndir. Ümumiyyətlə, bu sahədə bir çox problemlər var. “Nobel” prospektində yolun kənarında parkomatın quraşdırılması ilə bağlı hüquqi problem var. Onların təşkil olunması, idarə olunma qaydası, tariflər və sair kimi məsələlər hüquqi həllini tapmayıb. Parkomat harada olmalıdır, niyə olmalıdır, hansı meyarlar əsas götürülməlidir və sair məqamlar qanunla müəyyən edilməyib. Dünyanın heç bir yerində belə hal yoxdur. Bu nüanslarla bağlı probemlər açıq qaldığına görə bundan sui-istifadə edirlər. Göbələk kimi hər yerə parkomatları əkirlər. Heç bir hüquqi mexanizm yoxdur. Bunlar hamısı pul yığmağın yeni üsullarıdır. Boş yer görən kimi aparat quraşdırırlar ki, sürücülərdən pul yığsınlar. Bu cür mexanizm qanunlara ziddir”.

Məğrur Mərd,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR