İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinləri: "Pulumuz var, amma ödəniş edə bilmirik" - FOTOLAR

3751 22.01.2017 18:29 Reportaj A A
Bir ildən çoxdur ki, Bakıda avtobusların əksəriyyəti kartla ödəniş sisteminə keçib.

İlk olaraq "BakuBus" şirkəti ilə gələn müasir ödəniş sistemi, zamanla bir neçə digər şirkətlərə də keçid etdi. Hazırda bu proses davam edir. 

Amma bəzi problemlər də yaranmağa başlayıb. Belə ki, avtobuslarda ödəniş sistemi kartla olduğu üçün dayanacaqlarda ödəniş terminalları quraşdırılıb. Lakin 1 ildən çox vaxt keçməsinə rəğmən, hələ də terminallar bütün dayanacaqlara quraşdırılmayıb. 

Sərnişinlər kartlara balans yükləmək üçün ödəniş terminalları tapmırlar. Öncədən məlumat verilmişdi ki, ödəniş terminalları sadəcə, metrostansiyalarda deyil, avtobus dayanacaqlarında da olacaq. Amma hazırda Bakının bir çox küçəsində verilən sözə əməl edilmir. 

Düşünün ki, vətəndaşlar ciblərində pul olsa da, marşrut avtobusuna minə bilmirlər. Çünki ödənişi həyata keçirmək üçün terminal yoxdur. Bəzi küçələrdə yolun bir tərəfində olan dayanacaqda ödəniş terminalı var, digər tərəfində olan dayanacaqda isə yox. Bu da haqlı narazılıq yaradır. Belə çıxır ki, sərnişinlər öncədən yolun qarşı tərəfinə keçib, orada kartına pul yükləməlidirlər. Sonra geri dönüb, öz avtobuslarını gözləməlidirlər. Bəzi küçələrdə piyada keçidi də yoxdur. Bu da vətəndaşların həyatı üçün təhlükə deməkdir.

60 yaşlı Bakı sakini Müzəffər Atakişiyev ödəniş terminallarının az olmasının ona yaratdığı çətinliyi belə ifadə etdi: "Yaşlı kişiyəm, hər dəfə kartımda pul qurtaranda məcburam, yolu keçim gedim o biri tərəfdən “Bakı kart” aparatı tapıb, pul yükləyim. Çünki bizim tərəfdə olan dayanacaqda ödəniş terminalı yoxdur. Belə olmaz axı. Neçə dəfə zəng vurub şikayət etmişəm. Hər dəfə deyirlər ki, "Şikayətiniz qeydə alındı". Ancaq vəziyyət dəyişməyib. Hər dəfə kimdənsə xahiş edirəm ki, yolu keçib kartıma pul yükləsin, ya da pul verirəm ki, avtobusda yerimə ödəniş etsin, amma artıq utanıram”. 

Vətəndaşlar kartla ödəniş sistemini bəyənirlər, amma ödəniş terminallarının azlığı hər kəsi narazı salır: "Rahat, heç kim bir-birini əzmir, öndən minirsən, arxadan da düşürsən. Kartlı ödəniş sistemi bütün avtobuslarda olsun. Amma bütün dayanacaqlarda da ödəniş terminalı olmalıdır. İndiki kimi olacaqsa lazım deyil. Cibimdə pulum ola-ola avtobusa minə bilmirəm. Çünki kartımda pulum yoxdur. Məsələn, Nərimanov rayonu, Təbriz küçəsində körpüdən sonrakı dayanacaqda ödəniş terminalı yoxdur. O yoldan da əsasən "BakuBus"lar istifadə edir. Məcbur qaldım, düz metroya qədər piyada gəldim. Çünki yolda bir ədəd belə, terminal yox idi".  

Ödəniş terminalları azdır, amma olanlarda da problemlər yaşanır. Belə ki, terminalların bəziləri qəpik pul qəbul etmir. 

Şəhər sakinləri deyirlər ki, terminal qəpikləri qəbul etmədiyinə görə balansı artırmaqda çətinlik yaranır: “Terminalların çoxunda eyni problem var. Aparat yeni metal pulları qəbul etmir. Amma köhnə pulları götürür. Hər dəfə köhnə qəpik tapmalıyıq?"

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR