İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailəsi və dostları Rövşən Cavadovun məzarını ziyarət ediblər - FOTOLAR

19034 17.03.2016 19:15 Reportaj A A
17 mart 1995-ci ildə OMON hadisələrində həyatını itirən Rövşən Cavadov qəbri üstündə yad edilib. Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) başçısı olan Rövşən Cavadovun məzarını ailə üzvləri, qohumları, dostları və silahdaşları ziyarət ediblər.

Musavat.com-un məlumatına görə, martın 17-də  səhər saatlarından etibarən R.Cavadovun yaxınları Xırdalan qəbiristanlığına gələrək onun məzarını ziyarət ediblər. Rövşən Cavadovun məzarı atası Bəxtiyar Cavadov, anası Tamara Cavadova və oğlu Laçın Cavadovun məzarlarının yanındadır.

Qeyd edək ki, R.Cavadovun yeganə oğlu olan 1974-cü il təvəllüdlü Laçın Cavadov 2003-cü ildə müəmmalı şəkildə vəfat etdi. Hadisə 19 dekabr 2003-cü ildə Moskvada baş verdi. Laçın Cavadov vəfat edərkən bir qızı var idi. Rövşən Cavadovun atası isə nəvəsinin ölümündən 2 ay əvvəl vəfat etmişdi. Anası Tamara Cavadova 2011-ci ilin aprel ayında ürək tutmasından dünyasını dəyişib. R.Cavadovun bir qızı var və o, hazırda ölkə xaricindədir.

Məzarları ziyarətə gələnlər arasında R.Cavadovun əmisi, bacısı, dayısıoğlu, digər yaxın ailə üzvləri və onunla birgə döyüşlərdə iştirak edən OMON-çular da olublar. Rövşən Cavadovun ailə üzvləri açıqlama vermək istəməyiblər və fotolarının çəkilməməsini xahiş ediblər.

R.Cavadovun məzarını ziyarətə gələnlər arasında onun silahdaşı, OMON-un keçmiş komandiri Nizami Şahmuradov da var idi. 

Rövşən Cavadovun ruhuna fatihə oxuyan Nizami Şahmuradov onu unutmadıqlarını və hər il mənəvi borclarını yerinə yetirərək, məzarı ziyarətə gəldiklərini bildirdi: “İndi bizim mənəvi borcumuz burada olmaqdır. İnanırıq ki, gələcək nəsillər də Rövşən Cavadov kimi qəhrəmanlarımızı unutmayacaqlar. Onun necə bir insan olduğunu bilirik. Rövşən Cavadovu sevənlər, onu tanıyanlar bunu çox yaxşı bilirlər”.

OMON-un keçmiş rəhbərinin həmyerlisi, Laçın ziyalılarından olan Zahid Nərimanoğlu Rövşən Cavadovun unudulmaz insan olduğunu və onu tanıyanların, sevənlərin yaddaşında daim qalacağını dedi: “21 il sanki bir anın içində gəldi, keçdi. Bu illər bir insanın ömrüdür. Rövşən unudulmaz insandır, biz onun xatirəsini yaşatmağa çalışırıq. Ona hörmətimiz, sevgimiz sonsuzdur. İndi bacardığımız onun vəfat etdiyi və doğulduğu günlərdə gəlib, məzarını ziyarət etməkdir”. 

R.Cavadovun silahdaşlarından olan Nərimanov Şəhid Ailələri Cəmiyyətinin sədri Cümşüd Sultanov 21 il keçməsinə baxmayaraq, baş verənləri unutmadıqlarını bildirdi: “21 il geridə qalıb. Rövşən kimi oğulun burada yatdığını görmək çox çətindir. Sadəliyi, vətənpərvərliyi, cəsurluğu ilə nümunə insan idi. Ancaq həmin insan indi bu məzarlıqda yatır. Çox çətindir. Tarixi heç kim unutmur. Nələr baş verdiyini ağıllı, məntiqli, başa düşmək istəyən insanlar bilirlər”.
 
Xatırladaq ki, 21 il əvvəl OMON-la Daxili Qoşunlar arasındakı silahlı qarşıdurma Rövşən Cavadovun həyatını itirməsi və XTPD-nin tamamən ləğv edilməsi ilə nəticələnmişdi. Proseslər 13 mart 1995-ci ildə başlamışdı. Qazaxda başlayan silahlı toqquşmalar martın 17-nə keçən gecə Bakının “8-ci kilometr” qəsəbəsindəki döyüşlərlə başa çatmışdı. 

Rəsmi statistikaya görə, toqquşmalarda 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı həyatını itirib, 105 nəfər isə yaralanıb. Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib.

Qeyd edək ki, OMON hadisələrinə görə həbs edilənlərin bir hissəsi müxtəlif vaxtlarda əfv edilərək, azadlığa buraxılıb. Amma hələ də həbsxanalarda ömürlük həbs cəzasına məhkum edilmiş 3 OMON-çu məhbus var. Onlar XTPD-nin Qazax bölməsinin rəhbəri olmuş Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur.

İlkin Muradov,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR