İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində 10 min evi sökməyə başladılar

4460 07.02.2014 08:15 Reportaj A A

«Azdrama»nın aşağı hissəsində məlum olduğu kimi, söküntü işləri aparıldı və yeni park salındı. Artıq söküntü işlərinin aparılması üçün maliyyə ayrılıb. 
Bəzi ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir. Məlumata görə, Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur". Yasamal Rayon İcra Hakimiyyətindən bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də İşçi qrup yaradılıb. Başçının birinci müavini Səməd İslamov İşçi qrupunun rəhbəri təyin edilib.
Bir müddətdir Bakının Böyük Şor qəsəbəsində gedən söküntü işləri isə artıq yekunlaşıb. Buradakı yüzlərlə ev sökülüb. Geniş bir yaşayış məntəqəsi səhraya çevrilib. Ərazi şumlanıb və yol tikiləcəyi planlaşdırılır. Yaxınlıqda isə olimpiya stadionu inşa edilir.  
Böyük Şordakı evlər balaca pullar verilməklə yerlə-yeksan olunub. Qəsəbədə sökülməyən evlər də var. Onların da hissə-hissə uçurulması növbədədir. Hökumət vətəndaşlara yaşayış sahəsinin 1 kvadrat metri üçün 800-1000 manat arası kompensasiya təyin edib. 
Amma təklif edilən pul mənzil sahiblərini qane etmir. Onlar Böyük Şorda kommunal və ekoloji şəraitin acınacaqlı olduğunu etiraf edirlər. Lakin əvəzində hökumətin verdiyi kompensasiya heç də normal şəraitli mənzilə köçməyə kifayət etmir.

Fevralın 5-də qəsəbədə görüşdüyümüz sakinlərdən biri real vəziyyəti şərh etdi. Onun sözlərinə görə, buradakı evlərin yaşayış sahələri azdır, insanlar darısqal otaqlarda yaşayır, külfəti olan ailə başçıları var: “Elə adam var ki, 6 nəfərlik ailəsi ilə 35-40 kvadrat evə sığışıb. Onun aqibəti nə olsun? Heç olmasa kvadratını 1300 manat etsinlər. 
Camaat yayda səsini çıxardı, şikayət olundu. Xeyri dəymədi, 1000 manatdan bir qəpik yuxarı verilmədi. Dedilər ki, dövlət planıdır, sökülməlidir. Yol üstündə yerləşən çoxlu həyət evləri sökülüb. Stadionun tikintisi davam etdikcə qalan evləri də sökəcəklər. Amma Böyük Şor tamamilə şumlanmayacaq".

Qəsəbədə məcburi köçkün ailələri də məskunlaşıb. Onlardan bəzilərinin evləri sökülüb. Kimisi kompensasiya alıb, kimisi köçkünlər üçün tikilən evlərlə təmin edilib. Yerdə qalanlar isə növbəsini gözləyir. 

Burada Nəqliyyat Nazirliyi yol çəkir, Dövlət Neft Şirkəti (ARDNŞ) isə stadion tikir. İki nəhəng dövlət qurumunun layihələrinə qurban gedən ailələrin tələbi ədalətli kompensasiyadır. 

“Mənzillərin sahəsi bilərəkdən kiçildilir. Hər mənzildən azı 10-15 kvadratmetr ixtisara salırlar. Guya həyətyanı sahə nəzərə alınmır. Ev sahibinə də gəlir 20 min manat çatır. O pulla gedib uzaq Liviya səhrasında bir sahə də almaq olmaz. Həyətyanı sahə qeydə alınmalıdır. Kompensasiya verilən zaman başqa tikililər də qiymətləndirilməlidir. Amma danışmağım mənası yoxdur. Bu günə kimi evi sökülənlərin heç birinin şikayəti nəzərə alınmayıb. Hökumət olimpiya stadionuna hamını qurban verməyə hazırdır. Görmədiniz ki, Heydər Əliyev prospektində təmir olunmuş binaları olimpiyaya görə söküb qoyub, təzədən düzəldirlər. Axırda iki cavan nakam getdi. Bizə də gəlib deyirlər, sözlərindən başa düşürük ki, olimpiya ölüm-dirim tədbiridir. Yuxarıdan bildirilib ki, nə edirsiniz - edin camaata 5-10 manat ödəyib evindən çıxarın ,”- deyə məlumatlı qəsəbə sakini danışır. 
Şikayətçi vətəndaş deyir ki, stadionun tikintisi sürətləndirilib: “Şıdırğı tikinti gedir. Gələn il olimpiya oyunları keçirilməlidir. Bəziləri deyir ki, yarışa qədər stadionu təhvil verə bilməzlər. Amma çatdıracaqlar. İşlərini görürlərsə yarımçıq etməsinlər, insanları razı salsınlar. Bizim tələbimiz evlərin köçürülməsində ədalətli olmaqdır. Təsəvvür edin ki, 2 mindən çox evin uçurulacağı deyilir”. 

Digər bir sakin deyir ki, şəraitsiz yerdə yaşayır. “Ancaq mənə verilən pulun məbləği elədir ki, şəraitli ev tapa bilmirəm. Cəmi 30 min pul veriblər. Bu pula gərək Böyük Şordan da ucqar yerdə ev alasan” - deyə o bildirir. 

Yada salaq ki, əsası 2011-ci ildə qoyulan olimpiya stadionu 2015-ci ildə hazır olacaq. 

E.SALAMOĞLU
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR